Ça. Okt 15th, 2019

Bakıda yalnız o binalar söküləcək – Rəsmi

Bakıda “Xruşovka” kimi tanınan binaların sökülməsi hələlik planda yoxdur. Yaxın zamanlara yalnız qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulur.

Turkustan.info bildirir ki. bu sözləri Teleqraf.com-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, Bakıdakı sovet dövründən qalma binaların sökülməsi hələlik planlaşdırılmır: “İstismar müddəti bitmiş, qəzalı vəziyyətdə olmayan sovet dönəmindən qalma binaların sökülməsi düşünülmür”.

Ramiz İdrisoğlu söküləcək binalarda yaşayan sakinlərin hansı şərtlər daxilində köçürülməsinə də toxunub: “Mənzilin sahibi onu evindən köçürən şirkətə öz hüquqları ilə bağlı tələblər irəli sürə bilər. Əgər bina qəzalı vəziyyətdədirsə, sakinlərin köçürülməsi vacibdir. Bu halda sakin mənzildən çıxmaqdan imtina edə bilməz”.

Elə mənzil sahibləri var ki, mülkiyyətinə sonradan rəsmiləşdirilməmiş əlavələr edib. Belə sakinlərin köçürülməsi zamanı ödəniş fərqli ola bilərmi?

Ramiz İdrisoğlu deyib ki, ölkə başçısının 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərmanı var: “Ev sənədləşməsə də mülkiyyətin toxunulmazlığı qanunu var. Hər bir halda rəsmiləşdirilməmiş istər ev, istərsə də sonradan evə əlavə olunan otaqlar əhalinin köçürülməsi zamanı nəzərə alınacaq. Bu mənada sakinlər müəyyən güzəştlər əldə edə biləcəklər.

Əhalinin köçürüləcəyi binanın sahibkarın və ya şirkətin sakinlərə müəyyən güzəştlərin etməsi mümkündür. Amma sakin mənzilini və ya sonradan əlavə etdiyi otaqlarını rəsmi qeydiyyata aldırsa, bu, onun xeyrinə olar”.

Ramiz İdrisoğlu həmçinin vurğulayıb ki, əvvəllər alt və ya yuxarı mərtəbədə yaşayan sakinlər yeni tikiləcək binanın layihəsindən asılı olaraq eyni mərtəbədə və ya ayrı-ayrı bloklardakı mənzillərə yerləşdirilə bilərlər.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli isə sənədsiz ev və otaqların aqibəti ilə bağlı deyib ki, qurumların ekspertləri rəsmi qeydiyyata alınmamış evlərin sakinlər üçün müsbət addımlar ata bilərlər: “Hazırda Bakı şəhərində minlərlə qeydiyyatsız ev və ya sonradan artırılmış otaqlar var. Ekspertlər köçürülmə üçün yoxlamalar aparanda evin və ya sonradan artırılmış otaqların hesablanmasında bunu nəzərə almalıdırlar”.

Paylaş: