Şb. Noy 16th, 2019

Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olsa, NƏLƏR BAŞ VERƏR?

SSRİ dağıldıqdan sonra Rusiya türkdilli dövlətlərin birliyindən ehtiyatlanırdı.

Turkustan.info bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində Rusiyanın türkdilli dövlətlərin birliyinə qoşulmaq istəyinin səbəblərinə aydınlıq gətirilib. Təhlildə qeyd olunub ki, mifik “Turan” ideyası Rusiya əleyhinə layihə kimi dəyərləndirilir:

“Birincisi, Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa tərkib hissəsi kimi qələmə vermək istəyir. İkincisi, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin tamamı (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan) ilə münasibətləri tərəfdaşlıq, strateji tərəfdaşlıq və ya strateji müttəfiqlik (Qazaxıstan və Qırğızıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvləridirlər) səviyyəsindədir. Digər tərəfdən Rusiyanın türkdilli dövlətlərin hamısı ilə sərhədləri var. Üçüncüsü, Rusiya ilkin mərhələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatıla bilər. Macarıstan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə iştirak edir”.

Təhlildə vurğulanıb ki, türkdilli dövlətlərin birliyi ideyası Vaşinqtona məxsusdur və ABŞ bu ideyanı Türkiyə vasitəsilə reallaşdırmağa çalışır:

“Bu da Moskvanı qorxudurdu. Bu, Çeçenistan müharibəsi zamanı Rusiyanı daha çox qorxudurdu. Ancaq 2000-ci illərdən başlayaraq türkdilli dövlətlər, o cümlədən Moskvanın daha çox ehtiyat etdiyi Türkiyə Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığınıın miqyası Türkiyə-ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk birliyindən ehtiyatlanmır. Buna baxmayaraq, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri, üzv dövlətləri özünə yaxın saxlamaq və ABŞ-ın maraqlarına qarşı birgə müqaviməti təşkil etməkdir. Türkiyənin hazırda ABŞ-la münasibətləri hamar deyil və Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir. Buna rəğmən, Ankara Vaşinqtona qarşı Moskva ilə eyni blokda yer almaz. Bu, Azərbaycanla Qazaxıstanın da maraqlarına uyğun deyil”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq istəyir.    /Redaktor.az /

Paylaş: