Ça. Okt 15th, 2019

Nuriyyə Hüseynova: “Milli düşüncəni təmsil edən bu festivallar davamlı olmalıdır”

Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova da iştirak edib. Nuriyyə xanımın festivalın açılışında və bağlanışında repertuarından oxuduğu mahnılar festival iştirakçıları tərəfindən böyük rəğbət və coşqu ilə qarşılanıb.

Nuriyyə xanım festivalla bağlı təəssüratlarını Turkustan.info-ya bölüşüb:

Festivalla bağlı təəssüratlarım çox böyükdür. Mən hər dəfə Macarıstanda keçirilən Turan Qurultaylarına qatılıram. Bu Qurultaylarda Türk millətinin tarixi, mədəniyyəti, mətbəxi, məişəti nümayiş olunur. Hər zaman arzulayırdım ki, kaşki bizim ölkəmizdə də belə qurultay keçirilərdi. Çox şükür, Azərbaycanda da belə bir qurultay baş tutdu.

Macarıstandakı qurultayların əsas təşkilatçısı Macar-Turan Fondunun başqanı, əziz qardaşım Andraş Biro da Azərbaycanda belə bir festivalın keçirilməsini arzulayırdı. Açığı, mən Yaylaq Festivalının bu şəkildə keçiriləcəyindən xəbərsiz idim. Yoxsa, Andraş bəyi şəxsən özüm dəvət edərdim. Əgər gələn il festival keçirilsə, bu niyyətimi gerçəkləşdirməyə çalışacam.

Festivalın təşkilində böyük zəhmət qoyulub. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayev başda olmaqla çox ciddi əmək sərf edilmişdi. Ümumiyyətlə, rayonda abadlıq işlərinin aparılması, əhalinin rifah halının yüksəldilməsi üçün genişmiqyaslı işlər görülür.

Festivala qatılım güclü idi. Azərbaycanın hər yerindən, xarici ölkələrdən qonaqlar vardı. Açılış və bağlanış mənim ifalarımla oldu. “Çırpınırdı Qara dəniz”, “Azərbaycan bayrağı”…

Böyük təəssüratla qayıtmışam. Bizim çox dəyərli, vətənə, dəyərli insanlara sevgisi ilə seçilən, böyük ürək sahibi Yazgül Abdiyevanın adını çəkmək istəyirəm. Mənim oraya dəvətim də Yazgül xanımın təklifi ilə reallaşmışdı. Mən o tədbirdə iştirakım üçün Yazgül xanıma təşəkkür edirəm.

Festivallar çox gözəldir. Bu tədbir milli düşüncənin, milli ruhun daşıyıcısı idi. Bu gün millətimizin buna ehtiyacı var. Çünki, bizim qarşıda Qarabağ savaşımız var. Bu yolda hər bir peşə sahibi üzərinə düşəni etməlidir. Mən belə festivalların təşkilini vacib sayıram.

Paylaş: