Ça. Noy 12th, 2019

Qarabağ söhbəti – Ermənişünas alim: ““Madrid prinsipləri”ni imzalasaq, Dağlıq Qarabağı həmişəlik itirəcəyik!” – MÜSAHİBƏ

Qafar Çaxmaqlı: “Qarabağı ermənilərdən geri almaq üçün ağlamaq lazım deyil”

“Dağlıq Qarabağ məsələsinin müzakirəsi bizim nəzarətimizdən çıxıb”

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz  jurnalist-tədqiqatçı, ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetində Erməni dili və mədəniyyəti kafedrasının professoru Qafar Çaxmaqlıdır.

– Qafar müəllim, bu günlərdə Ağdamın işğal olunmasının 26-cı ilini qeyd etdik. Artıq rayonlarımızın  işğal günü yaxınlaşdıqca, “bu dəfə işğal barədə necə danışaq?!” düşüncəsi ilə baş-başa qalırıq.  Nə vaxta kimi ağlayacağıq?

– Qarabağı ermənilərdən geri almaq üçün ağlamaq yox, onu almaq lazımdır.  Əvvəl bilməliyik ki,  necə olub Qarabağ ermənilərin əlinə keçib?  Necə olub ki, biz bu məsələdə ermənilərə uduzmuşuq? Bundan sonra necə edə bilərik ki, məğlubiyyətlərimiz təkrarlanmasın. Məncə, öncə tarixdən dərs çıxarmalıyıq.
Bir az tarixə ekskursiya etsək, hansı mərhələdə səhv etdiyimizi biləcəyik. Dağlıq Qarabağ indinin məsələsi deyil. Birdən-birə də ortaya çıxmayıb.  Bilməliyik ki,  1923-cü ildə, Sovet dövründə Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi ermənilərin ən böyük qələbəsi olub. Zatən onlar o zaman bundan artığını istəməmişdilər. Hətta bəzi erməni böyükləri bunun zərərli bir addım olduğunu dərk etmişdi. Erməni millətindən olan bəzi vəzifəli insanlar Dağlıq Qarabağın, hətta Zəngəzurun bizdən qoparılıb  Ermənistana verilməsinə qarşı idilər. Həmin vəzifəli ermənilərdən biri Anastas Mikoyan idi. Mikoyan 1922-ci ildən 1965-ci ilə kimi Sovet hökumətinin yüksək vəzifələrində oturmuş şəxsdir. Lenindən Brejnevə qədər olan dövrdə  “odda yanmaz, suda batmaz” bir adam olub. Ermənilərin  bir çoxu Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxıblar. Qarabağ kəndlilərinin qurultayında “Yaşasın Azərbaycan!” şüarı səsləndirilib.
Bu faktları ermənilər gizlədirlər, bizimkilər də bunu qabartmaqda həvəsli deyillər. Bunun çox səbəbləri var. Amma o dövrdə, o günki şərtlərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi bu bölgənin məhv olunmasına bərabər tutulub.  Buna rəğmən, ermənilər bölgədə yaşayan əhaliyə muxtar statusu alıblar. Bu, erməni əhalinin Dağlıq Qarabağda qalıb yaşamasını stimullaşdırıb və dolayısı ilə onların Qarabağda ilk qələbəsi olub.

– Sovet dövründə Dağlıq Qarabağa status verilsə də, vilayətin ermənilər tərəfindən işğalına illər sonra başlanıldı. Sizcə, niyə bu qədər gec?

– O dövr üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi həqiqətən erməni xalqı üçün faciə olardı. Sadəcə, ermənilər çox dərinə getmədilər.  Onlar Zəngəzuru Ermənistana birləşdirməyə nail oldular. Zəngəzurun birləşdirilməsi strateji cəhətdən Azərbaycan və Türkiyənin belini qıran məsələ oldu.  Yalnız bizim deyil,  Türkiyə ilə bütün Türk dünyasının əlaqəsi kəsildi. Qarabağ məsələsi yalnız 1988-də ortaya atılmadı.  Ermənilər bütün dövrlər ərzində, münasib məqam yetişəndə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini zaman-zaman qaldırıblar.  Onlar bu iş üçün hər zaman hazırlıqlı olublar. Təəssüf ki, bu təhlükəni görə-görə qarşısını ala bilməmişik. Onlar Sovet hakimiyyəti və kommunist rejiminin qadağalarını aşaraq, Dağlıq Qarabağda möhkəmlənə biliblər. Biz isə erməni əhalinin zəifləməsi,  buradan çıxıb getməsi, azalması ilə bağlı heç bir tədbir görməmişik. Əksinə verdiyimiz qərarların bir çoxu erməni əhalinin xeyrinə olub. Mənim “Dağlıq Qarabağ işğaldan öncə və sonra “(Yalova-2011) adlı kitabım var. Orada bunları geniş şəkildə qeyd etmişəm.

– Zəngəzuru bizdən qoparan ermənilərə XX əsrin əvvəlində İrəvanı da paytaxt olaraq bağışlamışıq. Bildiyiniz kimi, İrəvanın ermənilərə verilməsi Azərbaycan Cümhuriyyətinin ən böyük səhvi kimi qeyd edilir. İrəvanı ermənilərə verməsəydik, bölgədə nə baş verəcəkdi?

–  Məncə hadisələrə həmin dövrün prizmasından baxmaq lazımdır. 1918-20-ci illərdə gedən proseslər başqa cür idi. Qafqazda erməni dövlətinin qurulması məsələsi yox idi, bu, yalnız  XX əsrin əvvəllərində ortaya çıxdı. Ona qədər ermənilərin milli düşüncəsində Ermənistan dövlətinin Şərqi Anadoluda yaradılması ilə bağlı plan vardı və ona da onların təbirincə  “Klikiya Ermənistanı” – indiki  Çuxurova birləşdiriləcəkdi. Onlar Doğu Anadoluda dövlət əldə edəcəklərini düşünürdülər. 1915-ci ildə Osmanlı dövləti “Təhcir qanunu”nu qəbul etdi və o  ərazilərdən erməni əhalini köçürtdü. Əhali olmayandan sonra isə “ermənisiz erməni dövləti” yaratmaq mümkün olmadı. Bundan sonra erməni siyasi təşkilatları planlarını dəyişdirdilər. Heç olmasa,  Cənubi Qafqazda bir erməni oluşumuna nail olmaq üçün mübarizə etdilər. Burada çox böyük bir boşluq var idi, erməni dövləti də o boşluğun nəticəsində ortaya çıxdı. Ermənistan müstəqil dövlət olmaya bilərdi. Onun da günahkarı özümüzük. İrəvana gəlincə, o erməni şəhəri deyildi. İrəvan erməni vilayəti statusundan çıxmışdı. İrəvan Azərbaycanda xanlıq ərazisi və mədəniyyət mərkəzlərindən biri idi. 1918-ci ildə ermənilərin Osmanlı dövləti və ondan sonra qurulmuş Türkiyə Böyük Millət Məclisi ilə müharibələri, qarşıdurmaları ona gətirib çıxartdı ki, Kazım Qarabəkir Paşanın komandanlığı ilə 11-ci Kolordu I Dünya Müharibəsində rusların yardımı ilə tutduğu ərazilərdən bütün erməniləri çıxartdı. İndiki Gümrü şəhərində (o vaxt Aleksandropol) “Gümrü anlaşması”  imzalandı. “Gümrü anlaşması”na görə, Ermənistan 9 min kvadrat  kolometrlik bir ərazi ilə tanındı. 1918-ci ildə Ermənistan Cümhuriyyəti elan olunsa da, paytaxtı yox idi. Eyni zamanda, müxtəlif Avropa ölkələrində sülh danışıqları gedirdi. “Mondros müqaviləsi” imzalanmışdı. Türklər olduqları ərazilərdən çıxmağa məcbur olmuşdular. Ermənilər də sürəkli olaraq  “biz dövlətimizi 9 min kvadrat km-də qurmuşuq, ancaq paytaxtımız yoxdur” deyə hər yerdə hay-küy qaldırırdılar, ora -bura müraciətlər göndərirdilər.  Bu məsələ Azərbaycan parlamentinə də gətirilib çıxarılmışdı. İrəvanın verilməsi də bizim acizliyimizin nəticəsi idi. Parlamentdəki bir ovuc erməninin iradəsini yenə bilmədik. Basqıların qarşısında dura bilmədik. Ermənilərin Dağlıq Qarabağ və Zəngəzurdan vaz keçəcəyinə sadəlöhvcəsinə inandıq.

– Əsas şərtlərdən biri Dağlıq Qarabağ məsələsi  idi ki, sonrakı dönəmlərdə bu bölgəyə  daha iddialı oldular.

– Təkcə Dağlıq Qarabağa yox,  Zəngəzura da iddialı olmamalı idilər.

– Əslində, deyə bilərikmi,  İrəvanı ermənilərə bəxşiş olaraq verməklə bugünkü Dağlıq Qarabağ münaqişəsinin əsasını  qoymuşuq?

– Ona görə də İrəvanı ermənilərə verməməli idik. Ermənilər konfederativ  şəkildə Azərbaycanın tərkibində muxtar statuslu quruluş ola bilərdi. Çünki 9 min kvadrat km ərazi ilə dövlət yaratmaq olmazdı. Ona görə də bu ərazilərin bir az da genişləndirilməsi lazım idi. Bu ərazilər də Azərbaycanın əraziləri hesabına genişləndirildi. Sovet hökuməti vaxtı Ermənistanın ərazisi artıq 29,5 kvadrat km-ə qədər genişləndirildi.

– BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki,  indiyə kimi yerinə yetirilməyib. İllərdir ki, laqeyd yanaşma hökm sürür…

–  Onlar bir şey  deyil, kağız parçasıdır. O sənədlərin arxasına düşməkdənsə, başqa işlərlə məşğul olmalıyıq. Ermənini tanımaq lazımdır. O hansısa kağız parçası ilə Qarabağı bizə verməyəcək. BMT üzvü olan dövlətlər bu məsələyə müdaxilə edib hərbi qüvvə yaradaraq, o əraziləri erməni hərbçilərindən təmizləmək üçün səy göstərirlərmi? Yox. Demək o qətnamələr kağız parçasından başqa bir şey deyildir. Bunlar ona görə səy göstərmir ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü  ATƏT-in Minsk qrupunun həmsədrləridir. Guya danışıqlar aparırlar. Ona görə də burada porodoks yaranır. Nə sülhlə,  nə də güclə erməni qoşunlarını Qarabağdan çıxarırlar. Hər görüşdə bir sözü deyirlər. “Tərəflər hərbi gücdən imtina etsin”. Tərəflər dedikdə Azərbaycan təcavüzə məruz qalıb və Azərbaycan öz torpaqlarını erməni qoşunlarından azad etmək üçün hüquqi imkanlarındanmı imtina etsin?

– Dünyanın bir çox bölgəsində münaqişə ocaqları var. Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi hazırlanıb. Fələstin dövlətinin yaradılması nəzərdə tutulan ərazilərdə İsrail qəsəbələr tikə bilməz. Tikilənlər də darmadağın edilməlidir, coğrafi adlar da olduğu kimi qalmalıdır. BMT-nin İsrail-Fələstin münaqişəsindən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinə biganə yanaşmasının səbəbi Azərbaycan  diplomatiyasının uğursuzluğu ola bilərmi?

– Diplomatiyamızın uğursuzluğu deməzdim. Sadəcə, müdaxilə imkanlarımız məhduddur. BMT o qərarları verib, ancaq mexanizmini işləyib hazırlamayıb. Mexanizmi işləyib hazırlasa, BMT-yə üzv ölkələrə həvalə oluna bilər ki, bu məsələni həll etmək üçün qərar verilib.
Tutaq ki 10 minlik qoşun hazırlanacaq. Bu qoşun erməni ordusunu bölgədən çıxaracaq və sərhədlərdə sülhü bərpa edəcək. Hesabla belə olmalıdır. İndiyə kimi  BMT tərəfindən belə təşəbbüs olmayıb. Olmamasının səbəbi də odur ki, bu məsələlərə BMT biganə yanaşıb. BMT təsir imkanları o qədər də geniş olan qurum deyil. BMT-nin qoşunu yoxdur ki, bu məsələlərə müdaxilə etsin. Sadəcə qərar verir… Bu isə bir işə yarayan qərar və qətnamə deyil. Biz ondan diplomatiyada da yetərincə istifadə etməmişik. Zənnimcə, bizim Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin yedəyində gedir. Onun-bunun ağzına baxıb danışır.

– Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu vaxta kimi 6 prinsip müəyyənləşib. Sonuncusu “Madrid prinsipləri”dir ki, onun üzərində böyük dövlətlər dayanıb. Ancaq etiraf edək ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti “Madrid prinsipləri”nin nəyi nəzərdə tutduğunu anlamır.

– Ermənişünas kimi bunun izah edilməsinin hər zaman tərəfdarı olmuşam. O prinsiplərin son anda danışıqlar prosesində qəbul olunması və imzalanması Azərbaycanın zərərinədir. Ona görə də Azərbaycan hakimiyyəti buna getmir. “Madrid  prinsipləri”ndə göstərilir ki, öncə 5 rayon geri qaytarılacaq, sonra da 2 rayon. Əlavə olaraq Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məcburi köçkünlərin geri dönməsindən sonra olacaq. Dağlıq Qarabağdan  çıxarılan əhali oranın yerli əhalisinin 15%-dir.  Burada bir referendum olması nəzərdə tutulur ki, status müəyyənləşsin. Dağlıq Qarabağda keçiriləcək referendumun nəticəsinə uyğun olaraq Dağlıq Qarabağın statusu müəyyən ediləcək. Bu da öncədən nəticəsi bəlli olan məsələdir. Təsəvvür edin, əhalinin 85%-i erməni, 15%-i isə azərbaycanlıdır. O zaman Dağlıq Qarabağı tamamilə itirəcəyik. İndi Dağlıq Qarabağ de-fakto ermənilərin əlindədir, o zaman de-yure ermənilərin əlində olacaq. Bəlkə ictimaiyyətin xəbəri yoxdur. Referendumda  hansı sual qoyulduğunu oxumuşdum. Bu, “Madrid prinsipləri”ndən əvvəl olan şey idi. Sonra dəyişdirdilər.

Suallar belə idi:

1. Dağlıq Qarabağın müstəqil olmasına tərəfdarsınızmı?
2. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdarsınızmı?
3. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına tərəfdarsınızmı?

Bu sualların özü də təxribat idi. Çünki oradakı əhalinin özü də ya birinci, ya da 2-ci suala cavab verəcək. 3-cü sual boş qalacaq.  “Madrid prinsipləri”nin qəbul olunması və ona imza atılması Dağlıq Qarabağın tamamilə itirlməsi deməkdir. Əgər gələcəkdə “Madrid prinsiplərinə imza atsaq, bu, Dağlıq Qarabağın Zəngəzur kimi əlimizdən getməsinə səbəb olacaq.

– “Madrid prinsipləri”nin şərtləri münaqişənin bizim xeyrimizə həll edilməsinə yaşıl işıq yandırmır. Sizcə, münaqişənin həlli üçün yeni maddə, yaxud da prinsipin zamanı yetişməyibmi? Azərbaycan diplomatiyası bu yöndə hansı addımları atmalıdır? Yeni prinsipdə nələr əks olunmalıdır ki, Dağlıq Qarabağ qeyd-şərtsiz Azərbaycana qaytarılsın?

– Vaxtilə üzərində durulan prinsiplər olub. Bu prinsiplərin hamısı münaqişənin uzadılması və onun Ermənistanın xeyrinə işləməsi nəticəsini ortaya qoyub. İndi də hər hansı  yeni təkliflərin verilməsi bizim zərərimizədir. Ermənistanın baş naziri Nikol Paşinyan yeni fikir ortaya ataraq demişdi ki, “Dağlıq Qarabağ erməniləri də tərəf kimi danışıqlar prosesinə cəlb olunsun”. Bu da təxribat idi. Erməniləri Dağlıq Qarabağ danışıqları prosesinə cəlb etmək o deməkdir ki, biz Dağlıq Qarabağı subyekt kimi tanıyırıq. Təbii ki, Azərbaycan Paşinyanın bu fikirlərini qəbul edə bilməzdi. Nə qədər ki, bu məsələyə işğal faktı kimi baxılmayıb, münaqişənin həlli mümkün deyil. Bu qənaətdəyəm ki, mümkün deyil ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə  həll olunsun və  eyni zamanda orada yaşayan  erməni əhaliyə öz müqəddəratını təyin etmək haqqı verilsin. Bunlar bir-birinə zidd prinsiplərdir. Əgər erməniyə öz müqəddəratını təyin etmək haqqı verirsənsə, demək referendum edəcək, seçkiyə gedəcək və səni tanımayacaq. Bu,  o haqdır. Əgər məsələ ərazi bütövlüyü çərçivəsində həll edirsənsə, bu, Azərbaycanın qanunları ilə tənzim olunmalıdır. Bizi dirəyiblər ki, orada yaşayan ermənilər öz müqəddəratını təyin etmək haqqını alsınlar. Biz də buna imkan verə bilmərik.

– Qafar müəllim, bəs nə etməliyik?

– Biz o torpaqlar üzərindəki haqqımızı  əlimizdə saxlamalıyıq. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirməklə cinayətkar ünsürləri təmizləmək haqqını da özündə saxlamalıdır. Münaqişə ola bilsin daha 30 ya da 40 il davam etsin. O vaxta qədər ki, Azərbaycan öz ərazisində məsələni həll etmək üçün güc tətbiq etmək planını genişləndirməli və buna hazır olmalıdır.

– Ermənilər hər zaman sanki məqam gözləyiblər. 1918-ci ildə  İrəvanı əldə etməklə  dövlət yaratdılar. Dağlıq Qarabağ münaqişəsinin ciddi şəkil alması SSRİ-nin süqutuna bir-iki il qalmış baş verdi. Nədir burda paradoks?

– Bilirsiniz, ermənilər heç zaman  fürsəti əldən verməyiblər. 1945-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Hartyunyanın  Sov. İKP Mərkəzi Komitəsinə  məktubu var.  Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı olan həmin məktubu Mircəfər Bağırova göndəriblər. Bağırovun çox tarixi  cavabı var. Mircəfər Bağırov deyir ki, biz Dağlıq Qarabağda yaşayan erməni əhalinin haqlarını tanıyaraq, o ərazini verək Ermənistana. Siz də Borçalıda, Göyçə gölü ətrafında, Rusiyanın Dərbənd və Məhərrəmkənd rayonunda  və digər ərazilərdə yaşayan insanların haqqını tanıyın və verin Azərbaycana. Əgər əhalinin toplu halında yaşamasından söhbət gedirsə, bizim əhali də bu ərazilərdə toplu halında yaşayır…
Bu məktubdan sonra Sovet hökuməti Dağlıq Qarabağı Ermənistana verməkdən vaz keçib. 1960-cı illərdə də bu məsələni yenidən qaldırıblar. O zaman Xruşşov hakimiyyətdən getmiş, Brejnev gəlmişdi. 1970-ci ildə Brejnevin vaxtında bu məsələni ortaya atıblar.
Yəni Ermənilər Dağlıq Qarabağ məsələsini həmişə gündəmdə saxlayıblar. Qorbaçovun dövründə bu məsələ yenə baş qaldırıb. 1987-ci ildə Heydər Əliyev istefaya göndərildi və Azərbaycanın Moskvada adamı olmadı. Heydər Əliyev istefaya gedəndən sonra – 1988-ci ilin fevralında Xankəndidə mitinqlər başladı.

– Sizin fəaliyyətinizin əsas hissəsi Türkiyə ilə bağlıdır. Hər halda, türklərin Dağlıq Qarabağa olan münasibətini daha yaxşı bilirsiniz. Niyə ATƏT-in Minsk qrupu həmsədrləri arasında Türkiyə yoxdur? Sizcə, buna mane olan səbəblər nədir?

– Sualınız çox maraqlıdır. Münaqişənin əvvəlində biz necə hazır deyildiksə, Türkiyə də o cür hazır deyildi. Türkiyə Sovetlər Birliyindən qopan dövlətlərin hamısını tanıdı, o cümlədən də Ermənistanı.  İlk dövrlərdə Ermənistana yardımlarını da etdi. Amma Ermənistan müstəqilliyi ilə bağlı Konstitusiya Bəyannaməsi qəbul etdi. Həmin Konstitusiya Bəyannmaəsində Türkiyənin bir sıra vilayətlərinə ərazi idsialarını ortaya qoydu. Yəni guya, bu torpaqlar Ermənistan əraziləridir və ora “Qərbi Ermənistan” deyirlər. Təbii, Türkiyə buna “necə olur ki, müstəqiliyini tanıyıram, ancaq sən ərazi iddiası ilə çıxış edirsən?” formasında etirazını bildirdi. Üstəlik də o zaman  Ermənistan Azərbaycana qarşı təcavüzünü genişləndirdi və bir sıra əraziləri tutdu. Xüsusən də Kəlbəcər ərazisi Dağlıq Qarabağın inzibati ərazisinə bərabər ərazidir. Kəlbəcəri işğal edəndən sonra Türkiyə Ermənistanın işğalçılıqdan vaz keçməsini tələb etdi. Ermənistan isə işğalçılıq siyasətindən vaz keçmədi və Türkiyə birtərəfli qaydada sərhədlərini bağladı. O gündən bu günə kimi Türkiyənin Ermənistanla bağlı siyasəti dəyişməyib. Ermənilər Türkiyəyə qarşı çox qarmaq atsa da, qardaş ölkənin siyasəti dəyişməyib. Ermənilər işğal siyasətindən əl çəkməyənə kimi Türkiyə Ermənistanla heç bir diplomatik əlaqə qurmayacaq. Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişməyəcək. Bu məsələlərdə Ermənistan öz-özünü təcrid siyasəti həyata keçirir.

Digər tərəfdən, Ermənistan münaqişə tərəfi kimi Türkiyənin bu məsələyə müdaxilə etməsini istəmir. Hətta ermənilər Almaniyanın da həmsədr olmasına etiraz edir. Çünki Almaniya bir az obyektiv mövqe sərgiləyə bilər. Rusiya Dağlıq Qarabağı işğal edib Ermənistana verən ölkədir. ABŞ erməni diasporu və lobbisinin çox güclü olduğu dövlətdir və təsir imkanları çox genişdir. Fransa da tarixən ermənilərin himayəçisi olub. Bu 3 dövlət ermənilərin tərəfindədir. Bu dövlətləri dəyişdirə bilmirik. Rəhmətlik Heydər Əliyevin zamanında həmsədr ölkələrin dəyişdirilməsi məsələsi ortaya çıxmışdı. Fransanın yerinə Almaniyanın olmasını təklif etmişdik. Hətta İtaliyanın da danışıqlarda iştirak etməsi məsələsi vardı,  Ermənistan istəmədi. Artıq Dağlıq Qarabağ məsələsinin müzakirəsi bizim nəzarətimizdən çıxıb. Yalnız etiraz edə bilərik.

– O zaman  1994-cü ildən bəri kağız üzərində fəaliyyətdə olan ATƏT-in Minsk qrupu niyə mövcuddur?

– Hesab edirəm ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etməlidir.

– Siz dediyiniz kimi, imtina etsək, uzanan münaqişənin həlli necə olacaq?

-Digər münaqişələrin heç birində ATƏT-in Minsk qrupu yoxdur.

– Qonşu Gürcüstan Abxaziya və Osetiyaya görə  Rusiya ilə təkbaşına mübarizə aparır.

– ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsini həll etmir, uzadır. Uzatmaq da Azərbaycanın zərərinədir. 1993-cü ildən bəri o bölgədə yoxuq. 1993-cü ildən bəri Qarabağda dünyaya gələn erməni uşaqları Azərbaycan adlı dövləti tanımırlar. O bölgədən qaçqın düşən vətəndaşlarımızın çoxu Azərbaycanın müxtəlif bölgələrində dünyaya gəlib və Dağlıq Qarabağı vətəni hesab etmir. Münaqişənin uzanmasının çox fəsadları var. Jurnalist, politoloq, ictimai xadim olaraq çalışırıq ki, Dağlıq Qarabağı gündəmdə saxlayaq. Əgər hər hansı mətbu orqan bu məsələyə önəm verməsə, məsələ unudulacaq. Bu zaman biganəlik ortaya çıxır. Türkiyədə bu məsələni ona görə gündəmdə tutmağa çalışırıq ki, Türkiyə dövlətinə təsir etmək imkanlarımız olsun və Qarabağ münaqişəsinə dırnaqarası baxılmasın. Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın məsələsi deyil. Həm Türkiyənin, həm də türk dövlətlərinin məsələsidir.

– Yaxşı, siz deyənlərlə razıyıq. O zaman niyə türk dövlətləri birləşib Qarabağ münaqişəsinin həlli ilə bağlı bir təşkilat yaratmırlar? Məsələn,  niyə ATƏT-in xristian dövlətlərindən ibarət olan Minsk qrupu həmsədrlərinə qarşı müsəlmanlardan ibarət türk qrupu fəaliyyət göstərmir?

– Bu cür məsələlər türk dövlətlərində hakimiyyət başında olan adamlardan qaynaqlanır. Orta Asiya Respublikalarında hakimiyyət başında olan adamların bir çoxu Rusiyaya bağlıdır. Çünki Rusiyanın təyin etdiyi adamlardır. Ona görə də fərqli siyasət yürüdə bilmirlər. Vaxtilə Türkmənistanın başında olan Safarmurad Niyazovun  Ermənistana və Azərbaycana münasibətində eynilik vardı. Qırğızıstanın başında olan adam deyirdi ki, “nə etmək olar ki, 1915-ci ilin aprelində türklər ermənilərə qarşı soyqırımı siyasəti həyata keçirib”. Hətta Ermənistanda “soyqırımı  abidəsi”nə gül də qoymuşdu. Türklük bilinçi bu ölkələrin başında olan adamlarda yoxdur. Həm də dövr, zaman bunların o cür olmasını diqtə edir.

– Türkiyədə ermənişünas kimi fəaliyyət göstərməyinizə hər hansı əngəl varmı?

– Qətiyyən. Azərbaycanda edə bilmədiklərimi Türkiyədə edirəm.

– Nə mane olur ki, siz fəaliyyətinizi Azərbaycanda gerçəkləşdirə bilmirsiniz?

– Açıq deyim. Erməni Araşdırmaları Mərkəzi qurmaq istədim. Erməni dilini və araşdırma aparmağı bacaran insanları bir araya gətirmək istədim. Çünki bu, bizim üçün çox önəmli idi. Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Mərkəzinin yaradıldığını elan etdik, ancaq  o qurum mən istədiyim kimi olmadı, bu arada məni Türkiyəyə dəvət etdilər. Bundan əvvəl də Türkiyədə müşavir olaraq çalışmışdım. Hazırda Türkiyənin Ərciyəz Universitetində Erməni dili və mədəniyyəti kafedrasının professoruyam.  Amma mən Azərbaycanda da yetərli qədər fəaliyyət göstərməyə çalışıram. İndi internet əsridir. Müəyyən işləri Azərbaycanda olmadan  da etmək mümkündür.

– Kafedrada erməni məsələləri necə araşdırılır?

– Zənnimcə hər şeydən əvvəl qarşıda sənə əngəl olacaq maneələrin nələr olacağını bilməlisən. Ermənilərin hələ uzun illər yola gəlməyəcəyini və kimlərinsə əlində alət olacağını anlamalıyıq. Bunun üçün sənin bu ideoloji savaşı aparmaq üçün uzmanların, mütəxəssislərin, alimlərin, erməni dilini bilən adamların olmalıdır.  Bizim bölümü seçən  tələbələrə təkcə erməni dili öyrətmirik. Bu, kifayət etməz. Ermənilərin tarixi, mədəniyyətini psixologiyasını, saxta iddiaaları araşdırılmalıdır. Bu işdə  məsələnin təbliğat qolu var, bir də ciddi elmi əsaslar yaratmaq. Bir sözlə,  ciddi hazırlığı olan mütəxəssis yetişdiririk. Türkiyə tarixində bu da bir ilkdir.

– Məlumatınız olmamış deyil: Ermənistanda Azərbaycan dilinə münasibət necədir?

– Onlar bizi daha mükəmməl öyrənirlər. Çünki mütəxəssis baxımından problemləri yoxdur.  Onlar bizim dillərə düşmən dili kimi, rəqib dili kimi baxırlar. Yaratdıqları mərkəzlərdə də  işlərini yalnız bizə düşmənçilik üstündə qurublar. Türkiyədə və Azərbaycanda  erməni dili ilə bağlı problem olsa da, Ermənistanda Türk və ya  Azərbaycan dili ilə bağlı problem yoxdur. Ermənistanda Azərbaycan və Türkiyəni öyrənən 20-dən artıq araşdırma mərkəzi var. Yerevan Dövlət Universitetində Azərbaycan dili kafedrası var və tələbələr yetişdirirdlər. Ermənistan Elmlər Akademiyasında ayrıca bölüm var. Hətta Osmanlışünaslıq bölümü də açıblar. Yəni Ermənistanda bu məsələ həll edilib. Onlar Azərbaycanla bağlı kifayət qədər  kitab, məqalə yazmaq  metoduna sahibləniblər. Bu sahədə ermənilər bizdən çox-çox öndədirlər.

– Yəqin ki, erməni TV-lərini, saytlarını da izləyirsiniz?

– Demək olar ki, gündəlik  izləyirəm. Əslində işim budur. Amma araşdırmalara, elmi məsələrə daha çox vaxt ayırıram. Elə ay olmaz ki, hansısa mötəbər bir tədbirdə iştirak etməyim və erməni məsələsinin ən müxtəlif sahələri ilə məruzə söyləməyim. Bu illər ərzində Türkiyədə sırf erməni  mövzusu ilə bağlı 7 kitabım işıq üzü görüb. Sonuncu kitabım iki ay əvvəl çıxıb. “Anastas Mikoyan: bir erməni bölşevikin itirafları” adlanır.  Kitabı “Moderator.az” saytı, sağ olsunlar, Azərbaycan türkçəsinə çevirib hissə-hissə verir. Türkiyədə AVİM (Avrasya İncələmələr Mərkəzi) bu kitabı ingilscəyə çevirib yayımlayacaq.

– Erməni KİV-ləri Azərbaycanla bağlı məsələləri necə işıqlandırır?

– Azərbaycanla bağlı hər şeyi verirlər. Bəzən  ermənilərin yalan informasiya toruna düşürük. Hansısa yalan informasiyanı buraxırlar və biz də dərhal onu yayırıq.  Onlara da biz tərəfdən verilən reaksiya lazımdır. Təəssüf ki, bizdə mətbuatda informasiya təhlükəsizliyi ilə bağlı mexanizm işləmir. Əslində Ermənistan  mətbuatını da analiz etməyi öyrənməliyik.

– Sizcə, biz kənardan ermənilərlə informasiya savaşını necə aparırıq?

– Ermənistanla informasiya savaşında daha öncələr geridə idik, məğlub olurduq. İndi isə  vəziyyət bizim xeyrimizə dəyişir. Bu, daha çox dövlətin məsələyə münasibəti ilə bağlıdır.

Paylaş: