C. Sen 20th, 2019

Bakı gecələrinin “tüstülü bəzəyi”: Qəlyan lobbisi güclü çıxdı – FOTO

Milli Məclis ictimai yerlərdə tütündən istifadəni qadağan edən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunu 2017-ci ilin dekabrında qəbul etsə də, insanlar çimərliklərdə, uşaq meydançalarında, mehmanxanalarda, avtobus dayanacaqlarında, idman arenalarında və s. məkanlarda hələ də siqaret çəkməyə davam edirlər.

Tütün əleyhinə qanun layihəsinin müzakirəsi zamanı qəlyandan istifadənin qadağan edilməsinin zəruriliyi də vurğulandı. Milli Məclisin vitse-spikeri Bahar Muradova demişdi ki, qəlyanı gənclərdən uzaq tutmaq lazmdır:

“Heç kəs gənclərin qəlyan çəkməyə marağı olduğunu inkar edə bilməz. Buna görə də hesab edirəm ki, qəlyanı təhsil müəssisələrinə yaxın ərazilərdə, o cümlədən ictimai iaşə obyektlərində qanun çərçivəsində qadağan etmək lazımdır”.

Milli Məclisin deputatı Araz Əlizadə də 2017-ci ilin dekabrında parlamentdə çıxış edərkən Azərbaycanda qəlyan çəkilməsinin tam qadağan olunmasını təklif etmişdi:

“Azərbaycanda qəlyanın çəkilməsi tam qadağan edilməlidir. Bəzi kafe və restoranlarda qəlyana gizlicə narkotiklər də əlavə edirlər. Bundan başqa, tütün məmulatları xüsusi mağazalarda satılmalıdır. Bu xüsusi mağazalar təhsil müəssisələrindən minimum 500 metr aralıda yerləşməlidir ki, təhsilalanlar fasilələrdə siqaret almağa macal tapmasınlar”.

Lakin indiki vəziyyətdə qəlyan restoran, pivəxana və kafelərdə getdikcə daha çox populyarlıq qazanır. Halbuki qəlyanın mütəmadi çəkilməsi milli genofonda ciddi zərbə vurur.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən A.Əlizadə bildirib ki, qəlyan lobbisi, göründüyü kimi, güclü çıxıb:

“Mən deputat kimi qəlyan lobbisindən zəif oldum. Qəlyandan istifadənin qadağan edilməsi haqqında məsələni ortaya iradə qoymaqla həll etmək lazımdır. Vaxt var idi, bizdə hər küncdə kazino açırdılar. Həmin vaxt Prezident Heydər Əliyevin qərarı kazinoların bağlanması üçün kifayət etdi. Heydər Əliyev bir gün ərzində bütün bunların axırına çıxdı”.

Onun sözlərinə görə, Azərbaycanda müştərilərinə qəlyan təklif edən restoran və kafelərin sayı son dövrlərdə artıb:

“Mən qəlyanın qadağan olunmasını təklif edəndə “insanlar işsiz qalacaq” kimi gülməli əks-arqumentlər irəli sürürlər. Belə çıxır ki, qəlyan əhalinin məşğulluq problemini həll edib? Heç kəs düşünmür ki, qəlyana icazə verməklə nə qədər gəncin sağlamlığını məhv edirik”.

A.Əlizadə diqqətə çatdırıb ki, qəlyanın mənfi keyfiyyəti ona tez öyrəşməkdir, qəlyan müxtəlif xəstəlikləri yayır:

“Bəzi yerlərdə qəlyana narkotik maddələr qatırlar. Təsəvvür edin ki, heç bir nəzarət yoxdur. Gecə klublarına, restoranlara qonşu olan bir çox həyətdən qəlyan iyi gəlir. Bəzən isə qəlyanın qadağan edilməməsini qəlyan çəkməyə öyrəşmiş ərəb turistlərin ölkəmizə gəlməsi ilə əsaslandırırlar. Buna cavab olaraq deyirəm ki, onlar pedofiliyanı da sevirlər, indi biz buna görə ərəblərin vərdişlərinə göz yumaraq onu da tətbiq etməliyik?”

Deputat deyib ki, bir neçə il əvvəl İranda qəlyandan istifadə qadağan edilib:

“İranda qəlyana narkotiklər qatmağa başlayanda ölkə hakimiyyəti qəlyanı qadağan etdi. Bundan sonra qəlyan əmin-amanlıqla bizə “köçdü”. Əgər “Tütün məmutlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunu baxılması üçün parlamentə qaytarsalar, parlament yenidən qəlyanın qadağan edilməsinə təkid edəcək”.

Qeyd edək ki, insan bir saat ərzində qəlyan çəkəndə 100-200 dəfə daha çox tüstü tənəffüs edir, nəinki bir ədəd siqaret çəkəndə. Bu zaman ağciyərlərə böyük miqdarda dəm qazı daxil olur. 45 dəqiqə qəlyan çəkən insan daha çox dəm qazı qəbul edir, nəinki bir qutu siqaret çəkəndə.

Adi siqaretlərin, papirosların çəkilməsi ilə müqayisədə tütünü qəlyan vasitəsilə çəkəndə tüstüdə daha az qatran və nikotin qalır. Lakin orqanizmə 40 dəfə çox dəm qazı düşür.

Bir çox araşdırmaçılar iddia edir ki, bir saat qəlyan çəkəndə sağlamlığa dəymiş zərər çəkilmiş 100 adi siqaretə bərabərdir.

Qəlyan çəkən zaman daha çox selik hasil olur və onun böyük hissəsi qəlyanın maye filtrinə düşür. Sonra isə tüstü ilə birlikdə bu selik hər qəlyan çəkənə ötürülür. Selik mübadiləsinin hansı təhlükələr törətdiyini isə deməyə ehtiyac yoxdur.

 

Paylaş: