Ça. Okt 15th, 2019

İŞİD-ə 500 min dollar göndərməkdə ittiham olunan azərbaycanlılar…

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Turkustan.info-nun Virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərdən İlqar Ağayev ifadə verməkdən imtina edib. İ.Ağayevin müdafiəçisi deyib ki, müvəkkilinin ağır xəstəlikləri var, onun anlaqlı olub-olmadığı məlum deyil.

Hakim dövlət ittihamçısının cinayət işi ilə tanış olmadığını bildirib. Bundan başqa, təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı qərar verilib. Məhkəmənin hazırlıq iclası avqustun 9-a kimi təxirə salınıb.

Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə müntəzəm olaraq əlaqəyə girib aldıqları pul vəsaitlərinin (ümumilikdə 500 min ABŞ dollarından çox pulun) müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Həmin şəxslər vasitəsilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.

Paylaş: