Ç. Dek 11th, 2019

Qara yara nədir və necə yayılır? – 100 nəfərdən yalnız birini öldürür

Bir neçə gün əvvəl Sabirabadda iki nəfərin qara yara xəstəliyinə yoluxması, onlardan birinin bu qorxulu infeksiyadan dünyasını dəyişdiyinə dair xəbər yayıldı. Ölən şəxs 60 yaşında olub, digərinin vəziyyəti isə ağırdır. Hazırda xəstənin müalicəsi davam etdirilir.

Bəs bu infeksiyanın ölkəmizdə yayılması ehtimalı nə qədərdir? 

Kliniki Tibbi Mərkəzin ikinci yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva qara yara xəstəliyi ilə bağlı Oxu.Az-a danışarkən bildirib ki, sözügedən infeksiyaya yoluxan 100 nəfərdən birində ölüm halı qeydə alınır:

“Ajiotaj yaratmağa ehtiyac yoxdur. Sabirabadda ölən xəstə qara yaradan rəhmətə getməyib. Onun özünün heç vaxt bilmədiyi, amma bizim tərəfimizdən aşkar olunan ağır formalı şəkərli diabeti və Hepatit C xəstəliyi var idi. Bu insan heç vaxtı müayinə olunmayıb. Hətta ağır formalı şəkərli diabet böyrəklərini belə məhv etmişdi. Bu da biz onu müayinə etdiyimiz zaman aşkar edildi. O cür böyrəklə ölsəydi, heç kim xəstəliyini bilməyəcəkdi. Ölən şəxsdə qara yaranın dəri forması idi. Bu, çox nadir hallarda ölümlə nəticələnir.

Qeyd edim ki, qara yaradan ölüm faizi yüzdə birdir”.

Mütəxəssisin sözlərinə görə, qara yaraya sibir yarası da deyirlər.

“Qara yaranın infeksiya mənbəyi adətən xəstə ev heyvanlarıdır. Xəstəlik at, eşşək, qoyun, keçi, dəvə, donuz və bəzən maralda da ola bilər. Bu heyvanlar infeksiya mənbəyidir.

Yoluxma daha çox kontakt yolla keçir. Yəni tez-tez birbaşa dəri zədələnəndə baş verir. Çox az hallarda xəstələnmiş heyvanın əti istehlak olunduqda bu infeksiyaya yoluxmaq mümkündür.

Nadir hallarda isə hava və ya toz yolu ilə yoluxma olur. Yoluxan heyvanın dərisinin emalı gedirsə, yaxud onun yunundan istifadə edilirsə, o zaman hava və ya toz yolu ilə yoluxma baş verir. Qan yolu ilə də bu proses gedə bilər”.

G.Babayeva əlavə edib ki, qara yara bakterial infeskiyadır, virus deyil.

Gülnarə Babayeva əlavə edib ki, Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri hadisə baş vermiş yerdə araşdırma aparmalıdır:

“Bilmək lazımdır ki, kim bu malları saxlayır, hansı mühitdə mallara baxılır, heyvanlar həqiqətən də bu xəstəliyə yoluxubmu. Çünki mallar qida qəbul edir və ya torpaqda eşələnir. Ola bilsin ki, torpaqda mikroblar uzun müddətli qalıb. Onlar da ot qəbul etdiyi zaman infeksiyaya yoluxub. Bunların hamısı dəqiq şəkildə araşdırılmalıdır”.

Paylaş: