Ca. Avq 22nd, 2019

Ermənistanın beynəlxalq aləmdən təcridi sürətlənir, ABŞ da yardımlarını azaldır

ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımları ildən-ilə azalır. 2020-ci ildə Birləşmiş Ştatların Ermənistana 6,75 milyon dollar ayıracağı gözlənilir. Bu barədə Amerika Erməni Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan məlumat verib.

S.Sarkisyan xüsusi olaraq qeyd edib ki, “Foreign Assistance” kanalı üzrə Ermənistana ayrılan pullar əvvəlki illərlə müqayisədə kəskin azalır.

Belə ki, 2017-ci ildə bu rəqəm 26,41 milyon dollar, 2018-ci ildə 6,8 milyon dollar idisə, cari ildə 6,4 milyon dollar təşkil edib.

Düzdür, 2019-cu illə müqayisədə gələn il Ermənistana ayrılacaq pul cüzi çox olacaq, amma bu, heç də əsaslı dönüş yaratmır.

“Foreign Assistance” üzrə maliyyə yardımında ən böyük rəqəm 2011-ci ildə qeydə alınıb – 45,2 milyon dollar. Digər yardım paketləri istisna edilmir, ancaq hələlik bu sahədə irəliləyiş yoxdur”, – deyə S.Sarkisyan əlavə edib.

Ermənistan KİV-ləri isə Baş nazir Nikol Paşinyan hökumətinin bundan nəticə çıxarmalı olduğunu yazır.

Politoloq Arzu Nağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, ABŞ-ın son dövrlər Ermənistana kəskin mənfi münasibəti təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil.

Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının yeritdiyi siyasət burada öz rolunu oynayır və rəsmi Bakı Ermənistanın işğalçı olduğunu dünyaya sübut edib.

“Müharibə təkcə səngərlərdə getmir, eyni zamanda, diplomatiyada və informasiya kanallarında gedir. Azərbaycan bu sahədə müsbət nəticələr əldə edib”, – deyən A.Nağıyev Ağ Evin Ermənistana münasibətinin pisləşməsində Rusiya faktorunun da rolu olduğunu bildirib.

Ekspertin fikrincə, Ermənistana ayrılan yardımların heç də hamısı təyinatı üzrə çatmır:

“Bilirsiniz ki, Ermənistanda Rusiya bazası var. Ayrılan pulların da bir qisminin bazanın saxlanılmasına xərcləndiyi barədə məlumatlar var. Digər tərəfdən, Paşinyan hakimiyyətinin iqtisadi-siyasi və hərbi cəhətdən doktrinası olmamasının səbəbi həm də budur ki, beynəlxalq aləmdə Ermənistana inam yoxdur. Ermənistan ordusunun Suriyadakı hərbi əməliyyatlarda iştirakı Ağ Evdə xoş qarşılanmayıb və rəsmi Yerevana qarşı inamsızlıq yaranıb”.

Politoloqun sözlərinə görə, məhz bu səbəblərdən Ermənistanın yüksək vəzifəli şəxslərinin ABŞ-a səfəri zamanı onları Ağ Evdə qəbul etmədilər.

Bəs Ermənistanın beynəlxalq təcridi getdikcə sürətlənirmi?

A.Nağıyev hesab edir ki, Ermənistanla rəsmi Vaşinqton arasında münasibətlərin soyumasının digər səbəblərindən biri də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun siyasətidir:

“Con Bolton rəsmi Yerevana mesaj vermişdi ki, işğalçılıq siyasətini yürütdükcə Ermənistan tənəzzülə uğrayacaq. Boltonun bu siyasətindən sonra ABŞ Ermənistanla bağlı problemləri qabartmağa başladı”.    /bizimyol.info/

Paylaş: