C. Sen 20th, 2019

İxtisas seçimi, valideyn müdaxiləsi

Bəxtiyar  Səlimov

Ali məktəblərə ixtisas seçimi yekunlaşır. 11 il sürən marafon başa çatıb. Çəkilən zəhmət yaxın günlərdə öz bəhrəsini verəcək. Bircə qalır, düzgün seçim etmək… Dünyada yaşayan 5 minə yaxın xalqdan yalnız 200-nə öz müstəqil dövlətini qurmaq nəsib olub.

Biz azərbaycanlılar da şanslıların sırasındayıq. Müstəqillik xalqımızın siyasi tarixində qazandığı ən böyük nailiyyətdir. Aydın məsələdir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub-saxlamaq ikiqat çətindir. Dövlətlər güclü liderlər, şəriştəli komandalar tərəfindən idarə olunur. Hər bir gənc xalqımızın kadr potensialını təşkil edir.

Odur ki, gənclərdən gözləntilərimiz böyükdür… Pis peşə yoxdur, peşəsini pis bilən adamlar var. Dahi Nizami hələ 12-ci əsrdə deyirdi ki, kamil bir palançı olsa sa insan, yaxşıdır yarımçıq papaqçılıqdan. İnsan gərək məşğul olduğu işi sevsin, ona könül versin. Bunun üçün insan gərək öz arzusunun arxasınca getsin. Arzular qanadlanırır…

Azərbaycan valideynlərin öz övladları üzərində sərt nəzarət tətbiq etdiyi ölkələrin sırasında yer alır. Valideynlərin öz övladlarının seçiminə müdaxilə etməsi adət halını alıb. Bizim hər birimiz öz çevrəmizdə ata-anaların uşaqlarının seçiminə müdaxilə etdiyinin tez-tez şahidi oluruq.

Açıq danışmaqda fayda var: öz övladlarının arzularının qarşısına sədd çəkən valideynlər az deyil. Sonrakı peşmançılıq isə heç vaxt fayda vermir… Mən böyüyə hörmət, kiçiyə mərhəmət göstərməyin tərəfdarıyam. Mən həm də gənclərin müstəqil mövqe nümayiş etdirməyinin tərəfdarıyam.

Gənclərimizi qətiyyətli, inamlı görmək istəyirəm. İstəyirəm ki, hər bir gənc öz arzularının arxasınca getsin, xəyallarını gerçək etsin. Gənclər, sözüm sizədir: Peşə seçimində ürəyinizin səsinə qulaq verin, arzularınızın arxasınca gedin. Siz arzularınızla birlikdə böyüyəyəksiniz.

Siz böyüdükcə Azərbaycan da böyüyəcək!

Paylaş: