Ca. Avq 22nd, 2019

PUL ARTIR: İnflyasiya qapıda?

Son 1 ildə ölkədə pul bazasında artım qeydə alınıb.

Belə ki, bu il avqustun 1-nə sözügedən göstərici 10 milyard 574 milyon 3 min manat təşkil edib. Mərkəzi Bankın (AMB) son məlumatına əsasən, bu, iyulun 1-i ilə müqayisədə 1,9 faiz çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 10,8 faiz, son 1 ildə isə 19 faiz artıb. Pul bazası – pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (komersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Maraqlıdır, Mərkəzi Bankın pul bazasını artırmaqda məqsədi nədir?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ölkədə pul siyasətini Mərkəzi Bank həyata keçirir: “Ümumiyyətlə, pul siyasəti bir sıra makroiqtisadi göstəricilərə təsir göstərir. İqtisadi böyümə, iqtisadi aktivliyin artması, inflyasiya səviyyəsi, məzənnə və s. faktorlar pul siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsas elementlərdir. 2015-ci ildən etibarən Mərkəzi Bank kəskin şəkildə pul siyasətini sıxmağa başladı. Burada da əsas məqsəd məhz idxal inflyasiyasının müəyyən qədər nəzarət altına alınması idi. Eyni zamanda manatla olan pul kütləsinin məzənnə üzərində formalaşdırdığı təzyiqi azaltmaq idi. Həmçinin bu prosesə təsir göstərən digər faktor dövlət büdcəsinin xərcləmələrindəki azalma idi. Amma indiki halda vəziyyət nisbətən stabilləşib.

Pul kütləsinin həcminə diqqət yetirsək görərik ki, burada müəyyən korreksiya prosesi baş verir. Əgər Mərkəzi Bank davamlı olaraq pul kütləsini aşağı həcmdə saxlayırsa, bu, o deməkdir ki, iqtisadiyyatda maliyyə çıxış imkanları məhdud olub. Bu da məcmu istehlakın həcminə, o cümlədən iqtisadi aktivliyə neqativ təsir göstərir. Mərkəzi Bankın əsas işi  inflyasiya səviyyəsi, manatın məzənnəsi, eyni zamanda iqtisadi aktivlik arasında ortaq nöqtəni tapmaq və buna uyğun da öz siyasətini həyata keçirməkdir.

İndiki halda inflyasiya müəyyən qədər nəzarət olunan həddədir. Rəsmi olaraq inflyasiyanın səviyyəsi 2.4 faizdir, qeyri-rəsmi hesablamalara görə, 5 faiz ətrafında dəyişir. Hələlik məzənnə ilə bağlı risklər də nisbətən azdır. Cari ilin altı ayı ərzində valyuta ehtiyatlarının həcmi 4 milyarddan artıqdır. Ötən ildə də artım baş vermişdi. Bu, Mərkəzi Bankı nisbətən rahatlaşdırır. Dövriyyədə pul kütləsinin çoxalması daha çox xərcləmə, daha çox istehlak deməkdir. Məcmu tələbin artması, paralel olaraq iqtisadi aktivliyin, yaradılan əlavə dəyərin, yeni iş yerlərinin artması deməkdir. Yəni pul kütləsinin artımının təsir göstərəcəyi istiqamətlər məhz bunlardır”.

Rəşad Həsənov onu da vurğulayıb ki, pul kütləsinin artımı iqtisadiyyatı dəstəkləyir: “Amma pul kütləsi o səviyyədə artmamalıdır ki, ciddi inflyasiya yaratsın, inzibatçılıq zəifləsin, xüsusilə məzənnə üzərində risklər yaransın. Pul kütləsi son nəticədə istehsalla uzlaşdırılmalıdır. Əgər pul kütləsinin artım tempi yaradılan əlavə dəyərin artım tempindən çox yuxarı olarsa, bu, inflyasiyaya sərt təsir göstərir və məzənnəni aşağı salır. İlin müxtəlif dövrlərində pul kütləsinin dinamikasında artım da, azalma da olub. Bu, dövriyyəyə daxil olan pul vəsaitlərinin, büdcə xərcləmələrinin müəyyən dövrdə daha yüksək səviyyədə olması, müəyyən dövrlərdə isə nisbətən aşağı düşməsindən qaynaqlanır. Əgər növbəti dövrlərdə inflyasiya riski yüksələrsə, böyük ehtimalla, bu zaman Mərkəzi Bank dövriyyədə olan pul kütləsinin çıxarılması ilə bağlı alətlərdən daha çox istifadə etməyə başlayacaq. Xüsusilə də depozit hərraclarının keçirilməsi intensivləşəcək və Mərkəzi Bank mümkün qədər çalışacaq ki, dövriyyədən pul kütləsini kənarlaşdırmağın alternativ yollarından istifadə etsin”.

“Bazarlarda inflyasiya səviyyəsini artıran faktorlar var”

Ekspert Mərkəzi Bankın ilin sonunda inflyasiyanın 6 faizədək yüksələcəyi ilə bağlı proqnozunu da şərh edib: “Əslində, 6 faiz o qədər də yüksək inflyasiya səviyyəsi hesab olunmur. Bəzi hallarda inflyasiya göstəricilərinin təhrif olunduğunu müşahidə edirik. Müəyyən sosial paketlər çərçivəsində dövriyyəyə əlavə vəsaitlər daxil olmağa başlayıb. Yəni həm pensiyanın, həm orta aylıq əməkhaqqının, həm sosial müavinətlərin artırılması xətti ilə, eyni zamanda problemli kreditlərə verilən güzəştlər nəticəsində müəyyən insanlara nağd vəsait toplanıb. Bu vəsaitlərin bazarlarda xərclənməsi son nəticədə inflyasiya səviyyəsini artıran faktora çevrilə bilər. Hesab edirəm ki, Mərkəzi Bank buna uyğun adekvat pul siyasəti həyata keçirməlidir”.

 

Paylaş: