Bz. Avq 25th, 2019

400 nəfərdən çox məhbus viruslu hepatit xəstəliyi barədə məlumatlandırılıb

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə 4 ay ərzində davam edən “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsini yekunlaşdırır. 
Bu barədə Turkustan.info-ya təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva məlumat verib.
Layihə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadınlar üçün 4 saylı, kişilər üçün 6 saylı cəzaçəkmə müəssisələrində və yeniyetmələr üçün tərbiyə müəssisəsində viruslu hepatit xəstəlikləri barədə maarifləndirici tədbirlər keçirilmişdir. Məlumatlar tədbir iştirakçılarına elektron təqdimat və animasiya çarxları vasitəsilə çatdırılmışdır. 400 nəfərdən çox məhbus qadın və kişi, həmçinin 40 nəfər yeniyetmə oğlan mövzuyla bağlı məlumatlandırılmış və həkimlər tərəfindən müvafiq məsləhətlər almışdır.
Viruslu hepatitlərin yoluxma yolları və xəstəlikdən qorunma üsulları əks olunan 1000 ədəd çap materialı və 3 ədəd stend PX CM-lərinə təqdim olunmuşdur. Həmçinin, təşkilat tərəfindən layihəyə töhfə olaraq yeniyetmə məhbuslara hədiyyələr paylanılmışdır.
Tədbirlərdə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin məsul işçiləri, həkim-ekspertlər və “İDQT” İB-nın əməkdaşları iştirak etmişlər.
Əhali arasında məlumatlandırma, həmçinin təşkilatın FB sosial şəbəkə səhifəsindən aparılmışdır. Hepatit A, Hepatit B və Hepatit C virusları barədə hazırlanmış qısa video çarxlar sosial şəbəkədə geniş səkildə paylaşılmışdır.
Layihə çərçivəsində hazırlanan maarifləndirici məlumatların əhatəliliyi və təqdimat formatı PX cəzaçəkmə müəssisələrinin və Tibb Baş İdarəsinin məsul nümayəndələri, həmçinin həkim-ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Paylaş: