Bz. Avq 18th, 2019

Uğurlu sosial islahatlar vətəndaş rifahının yüksəlişinə ünvanlanıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bir çox məsələlər kimi, vətəndaşların rifahının yüksəlməsinə birbaşa təsir edən sosial paketlərdən də söz açılmışdır. Bildirilmişdir ki, dövlət başçısının təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon vətəndaşı əhatə edir. Minimum əməkhaqqında, demək olar ki, iki dəfə, minimum pensiyada isə 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə ikinci göstərici olacaq.

Bunun nə qədər böyük və uğurlu bir iş olduğunu, xalqın rifahına necə müsbət təsir etdiyini əhalinin həyat səviyyəsinin yaxşılaşması ilə müəyyən etmək çətin deyil. Bu, göz önündədir. Bütün imkansız ailələrə Prezidentin sərəncamı ilə bu və ya digər formada ayrılan müavinətlər, təbii ki, o ailələrin həyat şəraitinə, maddi durumuna müsbət təsir etməyə bilməz. Bu, kiçik iş deyil. Birinci paket 3 milyon vətəndaşı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırılıb. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabrın 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan ibarət əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.
Onu da qeyd edə bilərik ki, cari ildə müavinət və təqaüdlərin artımı ümumilikdə 1,3 milyon vətəndaşı əhatə edib. Bunlardan 300 mindən çoxu məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu tələbə və gənclərdir. Ümumilikdə götürəndə, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqələrini əhatə edib və onların gəlirləri əhəmiyyətli şəkildə artırılıb.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan uğurlu sosial islahatlar ölkə vətəndaşlarının, əsasən də aztəminatli ailələrin rifahının yüksəlməsində ciddi irəliləyişlərə imkan verib.

Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

/xalqqazeti.com/

Paylaş: