C. Sen 20th, 2019

Atatürklə Əhməd Ağaoğlunun dostluq hekayəsi

Nizami CƏFƏROV

Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” kitabı haqda qeydlər

Tarix nə qədər arxada qalırsa-qalsın, öz metafizik yaddaş qanunauyğunluqları ilə elə bir əbədi yaşamaq hüququ qazanır ki, biz onu həmişə öndə görürük. Və öz araşdırmalarında bu həqiqətə (metodologiyaya!) əsaslanmaq hər tədqiqatçının deyil, yalnız tədqiqatçı-mütəfəkkirin yoludur ki, Vilayət Quliyev əlinə qələm aldığı 1970-ci illərdən məhz bu yolla gedir… Onun üçün ədəbiyyatın, mədəniyyətin, ictimai fikrin, eləcə də bu dəyərlərə xidmət etmiş hər bir şəxsiyyətin tərcümeyi-halı təkcə arxiv sənədlərində, yaxın adamların xatirələrində qalmır, həm də cəmiyyət irəli getdikcə qarşısına çıxıb ona əbədi həqiqətin dərslərini deyir.

Görkəmli ədəbiyyatşünas, publisist, tərcüməçi və diplomat Vilayət Quliyevin, demək olar, bütün əsərləri, ilk növbədə, zəngin mənbələrə əsaslanır. Ancaq vurğulamaq lazımdır ki, müəllif həmin mənbələri oxucuya sadəcə təqdim eləmir, onların daşıdığı həyat enerjisinin rekonstruksiyasına daha çox diqqət yetirməklə insanın əqidə, münasibət və ehtiraslarının canlı tarixi mənzərələrini yaradır, keçmişlə bu günü bir-biri ilə bağlamağa çalışır.

Yeni əsəri “Atatürk və Əhməd Ağaoğlu”nun ilk cümlələrində Makedoniyalı İsgəndərlə Atatürkün müqayisəsini verən müəllif tamamilə haqlıdır ki, Atatürk də cahanşümul sələfi kimi dövrünün ağıllı adamlarını, nəinki Türkiyə, ümumən türk dünyası ziyalılarını başına yığıb onlarla məsləhətləşir, bütün dünya türkləri üçün qurtuluş yolları arayırdı. Təbii ki, öncə Türkiyənin taleyi gəlirdi…

“Atatürk vətənləri bolşevik işğalına uğradığından qardaş Türkiyəyə üz tutmaq məcburiyyətində qalan Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Əhməd Cəfəroğlu, general Mehmet Nuri Berköz kimi Azərbaycan ziyalılarını, ictimai-siyasi və hərbi xadimlərini də yaxşı tanıyırdı. Zəruri məqamlarda Cümhuriyyət Türkiyəsinin ideoloji, elmi-mədəni tələbatlarının təmin olunması, milli maraqlarının qorunması baxımından onların bilik və bacarıqlarından, intellektual potensialından yararlanmağa çalışmışdı”.

Lakin Əhməd Ağaoğlunun yeri müstəsna idi. Özünü heç bir türk (və türkçülük) mücahidindən aşağı saymayan, təbiət etibarilə çılğın, həmişə liderlik iddiasında olan bu şəxsiyyət, ideoloji döyüşlər cəngavəri, tarixin şahidliyindən də bəlli olduğu kimi, Atatürkün siyasi nüfuzu, rəsmi mövqeyi ilə əlüstü razılaşmaqdan daha çox, onunla hesablaşmağa üstünlük verirdi. Çünki Atatürkdən yaşlı və təcrübəli olan Əhməd Ağaoğlunun daxilində qaynayan qeyri-məhdud hissiyyatlar Atatürkün hərbçi-rəsmiyyətçi (sonralar isə dövlət qurucusu) soyuqqanlılığı ilə üst-üstə düşə bilməzdi.

Vilayət Quliyev Atatürklə Əhməd Ağaoğlu arasındakı münasibətlərin tarixini “Addım-addım Atatürkə doğru” ilə başlayıb, “Cümhuriyyət düşüncələri, yaxud yeddi ay Atatürksüz”lə bitirir. Və qeyd etmək lazımdır ki, 1920-ci illərin əvvəllərindən 1930-cu illərin sonlarına qədər davam edən bu dövr yüzlərlə görkəmli şəxsiyyətin münasibətlərinin taleyinin həll olunduğu, başda Atatürk olmaqla, çoxlarının tarixi missiyalarına nöqtə qoyulduğu, ancaq Türkiyə Cümhuriyyəti tarixinin başlandığı və bərqərar olduğu dövrdür.

Həmin dövrün – Cümhuriyyət quruculuğu tarixinin şəriksiz qəhrəmanı, şübhəsiz, dahi Atatürkdür. Lakin heç vaxt güman etmək olmaz ki, həmin quruculuq tarixi, nə qədər böyük siyasi iradə sahibi olsa da, yalnız Atatürkün milli mücadilə tərcümeyi-halı ilə məhdudlaşır… Yeri gəlmişkən, Səməd Ağaoğlu “Atamın dostları”nda (bu kitabı da Azərbaycan dilinə Vilayət Quliyev çevirib nəşr etmişdir) yazır ki, Böyük Millət Məclisində öz məşhur nitqini söyləyərkən fasilədə Əhməd Ağaoğlunun nitq barədə rəyini soruşur. Və Əhməd bəy üstüörtülü, ancaq aydın hiss ediləcək bir tərzdə bildirir ki, natiq milli mücadilə tarixində başqalarına az yer verir… Əlbəttə, o dövrün şərtləri daxilində Atatürk ona görə haqlı idi ki, Cümhuriyyət quruculuğunun monolit siyasi-ideoloji bütövlüyünü təmin etmək, hər cür kənar müdaxiləyə müqavimət göstərməyə qadir bir dövlət orqanizmi yaratmaq lazım gəlirdi. Ancaq Əhməd Ağaoğlu da öz prinsipiallığında haqsız deyildi… Hələ onu demirik ki, birinci şəxsin – Qurtuluş Savaşı öndərinin qarşısında çəkinmədən bu prinsipial mövqeni müdafiə etmək və dilə gətirmək də hər adamın öhdəsindən gələ biləcəyi asan məsələ sayılmamalıdır…

“Atatürk və Əhməd Ağaoğlu”da hadisələr xronoloji ardıcıllıqla verilsə də, müəllif həmin ardıcıllığın dramatik məqamlarını ön plana çəkir: …Ankaraya – çoxdan gözlənilən görüşə… Və “İrşad heyəti” ilə Qarsa… Paşaların yanında paşalara qarşı… Əhməd bəyə müxalifətçilik təklif olunur… Partiya quruculuğu zəminində fikir toqquşmaları… Qalmaqallı İzmir gəzisi… Böyük adamın kiçik qisası… Sərbəst Firqənin bağlanması… Tənha müxalifətçi… Ailə dostu Atatürk… Və beləliklə, əsər bütün informativ zənginliyi, təfsilat-təfərrüat miqyası ilə yanaşı, elə bir epik mükəmməllik qazanır ki, müraciət olunan heç bir lad-məlumat həmin mükəmməlliyin hüdudlarını aşıb Atatürklə Əhməd Ağaoğlu arasındakı münasibətlərin harmoniyasına xələl gətirəcək dərəcədə yad və ya təsadüfi səslənmir. Əksinə, Atatürk və Əhməd Ağaoğlu münasibətləri Vilayət Quliyevin son dərəcə peşəkar (və hər cəhətdən ilhamlı) təqdimatında bitkin bir simfoniya təəssüratı yaradır.

Siyasi və dövlətçilik həyatının müxtəlif məsələləri ilə bağlı bəzən Atatürklə mübahisə aparan, bir sıra məqamlarda hətta ondan acı sözlər eşidən Əhməd Ağaoğlu bu böyük insanın ölüm xəbərini eşidəndə olduqca sarsılmışdı. Həmin acı günlərdə sonsuz kədər və ələmini dilə gətirərək yazmışdı: “Atatürkün vəfatı məni təsəvvür edilməyəcək dərəcədə sarsıtdı. …Özümü dərin və qaranlıq bir uçurumun kənarında gördüm, başım fırlandı. Onsuz  həyat mənə boş və acı gəldi. Onun içimdə bu qədər yaşadığını əsla təsəvvürümə gətirə bilməzdim. Bu günün özündə belə Onun ölümünə inana bilmirəm…”

Əhməd bəyin həyatının son savaşı, Atatürk-Ağaoğlu münasibətlərinin son akkordu olan mübarizəni müəllif belə təsvir edir:

“Atatürkün ilke (prinsip) və inqilablarına müxalif qəzetlərin, məcmuələrin səhifələrində türk millətinə ikinci həyat gətirmiş böyük bir insanın şəxsiyyətini, əməl və mübarizəsini təftiş, təhrif, bəzən hətta təhqir edən qərəzli yazılar, az da olsa, görünməyə başlamışdı. İsmət İnönünün cumhurbaşkanı postuna yiyələnməsi ilə “Dövri-İsmət gəldi!” deyə məddahlıq üçün yeni büt tapanların əl-qolu açılmışdı. Belə şəraitdə xəstəliyinə, güc və enerjisinin tükənməsinə baxmayaraq, Əhməd bəy mətbuat aləminə qayıtmağı, Atatürk əleyhdarları ilə fikir mücadiləsi aparmağı özünün mənəvi borcu saymışdı. Türk dünyasının böyük oğlunun adına və əməllərinə qara yaxmağa çalışan bəzi muzdlu qələm qoçularına: “Napoleon öləndən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”, – deyib onları utandırmağa çalışmışdı. Türk millətini, Atatürk daxil, bütün öz böyük insanlarına sayğı və sevgi ilə yanaşmağa səsləmişdi”.

Etiraf edək ki, bu sətirlər Əhməd Ağaoğlunun şəxsində bir siyasətçinin deyil, bir dastan qəhrəmanının obrazını canlandırır.

Ümumiyyətlə, böyük tarixi şəxsiyyətlərin tərcümeyi-halına səmimi-intim nəzər nöqtəsindən yanaşmaq nə qədər çətindirsə, bir o qədər də önəmlidir. Və bu paradoks tələb edir ki, həmin yanaşmalarda nə şəxsiyyət “zədələnsin”, nə də onun fərdi aləmi, gərgin (və mürəkkəb) siyasi-ideoloji mübarizələrdə keçirdiyi psixoloji yaşantıların təsvirindən tamamilə qaçılmaqla şəxsiyyəti şəxsiyyət edən insani başlanğıc unudulsun. Vilayət Quliyev tarixi şəxsiyyətlərin publisistik obrazını yaratmaqda, heç şübhəsiz, böyük məharət sahibidir. Və bu məharət ən çox ondan irəli gəlir ki, müəllifin tədqiqatçı-publisist istedadı onun psixoloji analiz (və təqdim) maneralarının çoxçalarlılığı ilə bilavasitə səsləşir.

Vilayət Quliyev tarixi şəxsiyyətlərin həyatına, eləcə də tarixi hadisə- münasibətlərə bir mənbəşünas-bioqraf kimi daxil olsa da, apardığı təhlillərdən çıxardığı nəticələr, verdiyi ümumiləşdirmələr “arxiv” üslubunun statistik neytrallığından tamamilə uzaq olub, ümumən dövr, zaman, həmin dövrün, zamanın insan xarakterləri, hadisə-münasibətlərin mahiyyəti barədə olduqca canlı etik-fəlsəfi mühakimələrə qədər o dərəcədə şaxələnir ki, tarix müasirləşir, bu gün baş vermiş kimi, isti təəssüratları ilə görünür.

Əlbəttə, Əhməd Ağaoğlunun tərcümeyi halı öz-özlüyündə nə qədər zəngin olsa da, Atatürklə münasibətləri onun xarakteri barədə daha dolğun təsəvvür yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Və müəllifin həmin münasibətlərin hərtərəfli və obyektiv tədqiqindən gəldiyi ən mühüm nəticələrdən biri də budur ki, “Mustafa Kamal Atatürk dövrünün böyük hərbi və dövlət xadimi, İstiqlal Savaşının Qazisi, Cümhuriyyət qurucusu olmaqla bir sırada, həm də qüdrətli fikir adamı, yenilik və islahat carçısı idi. Xüsusilə həyatının son illəri türk insanının inkişafının qarşısını alan, ona qlobal, ümumbəşəri miqyaslara çıxmağa imkan verməyən “orta idrak”ın keyfiyyətcə daha yüksək milli mədəni-mənəvi mərhələ ilə əvəzlənməsi uğrunda mübarizədə keçmişdi. Aralarındakı bütün mübahisələrə, fikir toqquşmalarına baxmayaraq, Əhməd Ağaoğlu həmin mübarizədə onun ən sadiq müttəfiqlərindən biri idi”…

Şübhə etmirəm ki, görkəmli ziyalımız, böyük düşüncə və təfəkkür sahibi Vilayət Quliyevin bu əsəri də milli ictimai fikir tariximizin mükəmməl mənbələrindən birinə çevriləcəkdir.

“Atatürk və Əhməd Ağaoğlu” kitabı, heç şübhəsiz, bu il anadan olmasının 150 illiyi qeyd edilən böyük türkçü və böyük fikir adamı Əhməd Ağaoğlunun yubileyinə Azərbaycan ədəbiyyatşünaslığının, milli tarixi-ictimai fikrin diqqətəlayiq töhfələrindən biridir.

Kitabın Mustafa Kamal Paşanın – böyük Atatürkün öndərliyi ilə Türkiyəni bir dövlət kimi dünya xəritəsindən silməyə çalışan güclərə qarşı türk İstiqlal Mücadiləsinin – Qurtuluş Savaşı başladılmasının 100 illiyinə təsadüf etməsi də onun başqa bir məziyyəti sayılmalıdır.

Paylaş: