Ça. Avq 20th, 2019

“Azərbaycan müharibəyə başlasa, bu, Ermənistanın süqutuna gətirib çıxaracaq” – Deputat Elman Nəsirov

“Nikol Paşinyanın Dağlıq Qarabağa növbəti qeyri-qanuni səfəri Azərbaycanı təxribata çəkmək cəhdləridir. Onun bu addımı bir daha göstərir ki, Dağlıq Qarabağdakı ermənilərin Paşinyana etimadı olduqca aşağıdır. Dağlıq Qarabağda məskunlaşan ermənilər Paşinyanı hakimiyyəti zəbt etmiş şəxs kimi qəbul edirlər. Yəni, Qarabağ erməniləri Paşinyanı özünkü saymırlar. Bunu Paşinyan da çox gözəl bilir”. 

Turkustan.info xəbər verir ki, Bu fikirləri Demokrat az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Deputat təəssüflə deyib ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu Paşinyanın bu cür qanunsuz hərəkətlərinə hələ də göz yumur:

“Bu addım beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması deməkdir. Yəni, beynəlxalq hüquqa bu qədər təhqiramiz formada yanaşma olmayıb. Çox təəssüf ki, biz Paşinyanın timasalında buna şahidik”.

E.Nəsirov qeyd edib ki, Paşinyanın son vaxtlar verdiyi bu cür bəyanatlar Qarabağda keçiriləcək qondarma prezident seçkilərinə hesablanıb:

“Çünki Paşinyan Qarabağdakı qondarma rejimi heç bir halda qəbul etmək istəmir. Paşinyan Bako Saakyanı Serj Sarkisyanın adamı kimi qəbul edir. Ona görə də hesab edirəm ki, Paşinyanın Qarabağa növbəti qanunsuz səfəri qondarma rejimin bu yaxınlarda keçirəcəyi “seçkilərinə” hesablanıb”.

Deputat vurğulayıb ki, indi Ermənistanda daxili vəziyyət gündən-günə pisləşir:

“Artıq Ermənistanda Paşinyanla bağlı eyforiya dövrü başa çatıb. İnsanlar Paşinyanın da uğursuz rəhbər olmasını anlayırlar. Buna görə də hazırda Paşinyan üçün çox kiçik müharibə lazımdır. Paşinyan bu müharibə ilə insanların daxili problemlərdən yaranan narazılıq və ictimai fikrini Qarabağ probleminə yönəltmək istəyir. Yəni, bununla ermənilər öz mədələri haqqında deyil, Qarabağ müharibəsi haqqında düşünsünlər. Ona görə də Paşinyan “güc dövlətlərinin kiçik müharibənin böyük müharibəyə çevrilməsinə yəqin ki, imkan verməzlər” düşüncəsilə bu addımı ata bilər. Yəni, Ermənistan mətbuatı da yazır ki, bu gün prinsip etibarı ilə müharibə Ermənistanın ziyanını olsa da, amma daxildəki narazılıqların başqa istiqamətə yönəldilməsi üçün kiçik müharibə mümkündür. Paşinyan düşünür ki, böyük dövlətlər bu müharibənin genişlənməsinə imkan verməzlər. Ona görə də Paşinyan Azərbaycana qarşı təxribatlara əl atır, Qarabağa qanunsuz səfərlər edir və sairə. Amma əgər Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi uğrunda müharibəyə başlasa, bu, Ermənistanın süqutuna gətirib çıxaracaq”.

Paylaş: