Ca. Avq 22nd, 2019

İntihar edən 17 yaşlı qızın BABASI FƏRYAD ETDİ: “Anası 3 uşağı atıb ərə getdi…”

Avqustun 5-dən 6-na keçən gecə Azərbaycanda daha bir yeniyetmə qız intihar edib. Hadisə Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydə alınıb. – 17 yaşlı qızın erkən nikaha məcbur edilməsi səbəbindən canına qıydığı iddia olunur.

Turkustan.info xəbər verir ki, Cəlilabad rayonu İcra Hakimiyyətinin Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinalı Kazımov Modern.az-a intihar faktını təsdiqləsə də, səbəb barədə iddianı təkzib edib.

Ş. Kazımov bildirib ki, hazırda Aysun Maqsud qızı Hacıyevanın intiharı ilə bağlı araşdırma aparılır:
“Aysunun anası və atası illər əvvəl boşanıb. Anası ayrıldıqdan sonra başqa bir rayona ərə gedib. Atası da başqa bir qadınla evlənib. İşləyib pul qazanmaq üçün Rusiyaya gedib. Aysun 3-4 yaşından nənə-babasının himayəsində böyüyüb. Özündən başqa bir bacısı, bir qardaşı var. Bacısı da nənəsigillə qalır, 16 yaşı var. Qardaşı isə atasındadır”.

İcra nümayəndəsi qızın erkən yaşda ərə verilməsi səbəbindən intihar etməsinin doğru olmadığını vurğulayıb:
“Bu, doğru məlumat deyil. Nə qızın psixi durumunda problem vardı, nə də kiməsə ərə verilirdi. Çünki kənddə belə söz-söhbət olmayıb. Ailə normal, tərbiyəli ailədir. Onun intihar etmə səbəbi istintaq araşdırmasından sonra bəlli olacaq. Hələlik bu barədə dəqiq informasiya yoxdur. Ölümü müəmmalıdır, kəndlilərin bildirdiyinə görə, kimsə ona təzyiq etməyib”.

Kənd rəsmisi qeyd edib ki, Aysunun atası artıq Azərbaycana qayıdır, yoldadır: “Anası isə artıq Əliqasımlı kəndindədir. Hər halda istintaq araşdıracaq”.

İntihar edən Aysunun babası İlyas Hacıyev nəvəsinin özünəqəsdi ilə bağlı Modern.az-a ürək yanğısı ilə danışıb. O, nəvəsinin erkən nikaha məcbur edilməsi faktını isə qətiyyətlə inkar edib:
“Ümumiyyətlə, Aysuna elçi gəlməsi, onun kiməsə ərə verilməsi söhbəti belə olmayıb. Mənim 70-ə yaxın yaşım var, özüm ziyalı ailədənəm. Mənim atam “Lenin” ordeninə layiq görülmüş adamdır. Mən 1 Aysunumu 10 oğula dəyişməzdim. O, elə bir tərbiyənin, əxlaqın sahibi idi ki… İnana bilmirik bu intihara”.

Babanın sözlərinə görə, anası uşaqları atıb gedəndən sonra Aysun çox xiffət edirmiş:
“Ana 3 uşağı atıb getdi ərə, sonra iki uşağı da oldu. Neçə illərdir arayıb-axtarmırdı. Uşaqların üçünü də mən saxlamışam. Oğlum da evlənəndən sonra 16 yaşlı qızla 13 yaşlı oğlan nəvələrim analıqlarıın yanında qalır. Aysunun bacısı ruhi xəstədir. Onların ayrı evi var. Aysun, mən, nənəsi bir yerdə yaşayırdıq. 18 yaşına təzəcə qədəm qoymuşdu Aysunum. Gözəllər gözəli idi, uzun saçları vardı. Ürəyim parçalanır. 24 nəvəm var, biri azaldı. Mən nəvələrimdən ötrü başımdan keçərəm. Aysunum özünə necə qıydı, anlamıram. Elə fərəhlənirdim Aysunumla. Arzum onun toyunu görüb ölmək idi, amma olmadı”.

Babanın sözlərinə görə, Aysun “Space” telekanalında xəbərlər buraxılışını izlədikdən sonra bu addımı atıb:
“Bacısı bizdə idi. Aysun bacısına deyib ki, telekanal sabah toyu olacaq 17 yaşlı qızın özünü asdığı barədə xəbər verib. Elə bundan sonra da gedib özünü asıb. Belə xəbərlər yayıldıqca, gənclərimizin beyini pozulur”.

İ.Hacıyev bildirib ki, oğlu Rusiyaya yenicə gedibmiş:
“Çoxdandır Qaradağda fəhlə işləyirdi. Dedilər Krımda iş yeri açılıb. 1 həftə idi getmişdi, balasının ölümünü eşidib, indi Azərbaycana gəlir. Aysunun öz anası da dünən yasa gəlmişdi. Gəldi hay-küy saldı getdi. Olan balama oldu, gözəl Aysunuma oldu. Dünən torpağa tapşırdıq. Bizi saxlayan Aysun idi. Bizim qayğımıza qalırdı, dərmanımızı verirdi, təzyiqimizi ölçürdü. Yəqin biz də onsuz çox qalmarıq”.

Qeyd edək ki, xəbəri ilk olaraq “Report” yayıb.
Xatırladaq ki, bir neçə gün öncə Zaqatala rayonunda da oxşar hadisə baş verib. Orada 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun nişanlı olduğu və intiharına səbəb kimi məcburi ərə verilməsi iddia olunub.

Paylaş: