Bz. Avq 25th, 2019

Axund: “Bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır!”

Bəzən deyirlər ki, pirə və ziyərətgahlara gedib, nəzir verib nəsə istəmək Allah qarşısında bəyənilməyən əməllərdən hesab olunur. Bunun əksini düşünənlər də var.  İkincilərin fikrincə, nəzir, ianə dinin əsas dəyərlərindəndir. Onlar iddia edirlər ki,  nəzir insanı baş verə biləcək təhlükədən qoruyur.
Bəzi insanlar düşünür ki,  məscidlərdə və ziyarətgahlarda qoyulan nəzir qutuları camaatdan pul yığmaq məqsədi ilə qoyulur. Qutuya atılan pullar isə kimlərində cibinə gedir.
Lakin din xadimləri və axundlar bu fikri təkzib edirlər. Onlar söyləyirlər ki, nəzir qutusunda olan pullar birbaşa ya kimsəsizlərə, ya da məscidin saxlanılmasına xərclənir.

Yeri gəlmişkən, bu gün sosial şəbəkədə nəzir qutuları mövzusu ilə bağlı müzakirə açıldığından dəfələrlə medianın gündəmində olmuş bu məsələyə yenidən qayıtmağı lazım bildik.

Turkustan.info xəbər verir ki, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli məsələ barədə Modern.az-a belə deyib:

“Əslində bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır. Məscidlər xalqın üz tutduğu əsas yerlərdən biridir, bir sözlə xalqa məxsusdur. Məsələn, biri Allahdan öz istək və arzusunun həyata keçməsi üçün nəzir deyir və gətirir qutuya öz nəzirini atır. Bu, məscidlərə inamla bağlıdır. Kimisə məcbur etmirlər ki, gətir qutuya nəzir at. Xalqın ianəsindən gələn  pullar məscidin daxili işlərinə sərf olunur. Ən çox vəsait isə təbii ki,kimsəsizlərə, imkanı olmayanlara paylanılır. Bəzən elə olur ki, məscidin daxilindəcə ehtiyacı olan şəxslərə yardım edilir. Onu dəqiq demək olmur, gün ərzində müəyyən vəsait yığılacaq, ya yox. Təbii ki, bu, insanın inam və etiqadından asılı olan bir şeydir. Birdən olur ki, heç vəsait yığılmır ”.

Hacı Surxay nəzir qutularında yığılan pulların kimlərinsə  cibinə getdiyi fikri ilə qətiyyən razılaşmır. Axund bildirir ki, bu,  ən azından  Allah qarşısında  bəndələrə edilmiş bir haqsızlıqdır:

“Nəzir qutularından yığılan pullar kimlərinsə cibinə yox, birbaşa olaraq bu pula ehtiyac duyan şəxslərə gedir. Əlbəttə, hər məsciddə olduğu kimi, bizim məscidin də əsas vəzifəsi kimsəsizlərə əl tutmaqdır.Biri gəlir ki, “xəstəyəm,  dərman  almağa gücüm çatmır”, yaxud “evdə yeməyə çörəyimiz yoxdur”, bu kimi problemi olan şəxslər bizə daha çox  müraciət edir. Biz də Allahın izni ilə köməklik göstəririk”.

Paylaş: