Şb. Dek 7th, 2019

Fazil Mustafa İlham Tumasla RAZILIĞA GƏLDİ

Son günlər ictimai müzakirələrə səbəb olan Şah İsmayıl Xətai  mövzusuna nöqtə qoyulub.

Millət vəkili Fazil Mustafa tanınmış jurnalist İlham Tumasın mövzuyla bağlı sosial şəbəkədə paylaşdığı “Nə istəyirsən, bəy?” sualına cavab verib.

Sözügedən paylaşımı təqdim edirik:

“İlham bəy, istədiyim Azərbaycan cəmiyyətində bütün həmvətənlərimizin siyasi, dini, sosial fərqliliyinə baxmadan qardaşlığıdır. Başqa heç bir niyyətim yox. Baxın, Azərbaycanda ən çox sevindiyim və təqdir etdiyim bu gün Heydər məscidində qılınan Vəhdət namazıdır. Özüm də iştirak edirəm və belə bir həmrəyliyi yaradanlara minnətdarlıq edirəm. Deyilə bilər ki, dinimizdə yoxdur, nə olsun, bu millətin fərqli formada ritualları yerinə yetirsələr də eyni inanca sahib insanları bir araya gəlib bir-birinə qarşı tolerantlıq göstərə bilirsə, bundan gözəl nə ola bilər. Tarixə və gələcəyə baxışda da insanlar fərqli düşünə bilər. Anlamalıyıq ki, söylədiyin hər hansı fikrə aqressiv yanaşılanda, istər-istəməz bu əks tərəfdə adekvat aqressiya doğurur. Ona görə də mən də hesab edirəm ki, bu kimi məsələləri sosial şəbəkədə deyil, daha çox elmi diskussiya mühitində aparmaq lazımdır ki, hamı dostcasına müzakirə edib, dostcasına da ayrıla bilsin. Mənim ümumiyyətlə bu məsələyə münasibətim birmənalıdır:

Özünü şiə və yaxud sünni adlandıran müsəlmanın daha doğru yolda olduğunu Allah bilər. Biz bəndələrin bunu müəyyən etməsini Quran məntiqi qəbul etmir. Bütün müsəlmanlar da qardaşdılar. Xüsusilə Azərbaycanda dünyəvi dövlət modelində bu qardaşlığın qorunması vacibdir.

Şah İsmayıl məsələsinə gəldikdə isə ona da yanaşmam sırf milli baxış bucağındandır. Türk dilinin inkişafına böyük töhfə verib, dövrünün böyük sərkərdəsi olub, müsbət işlər görüb, lakin idarəetmədə bəzi tətbiqatları var ki, bunu günümüzün tolerantlıq dəyərlərinə zərər vurar deyə, qabartmaq doğru deyil. Biz çalışmalıyıq ki, heç bir mövzuda qırıcı üslubdan istifadə etməyək. Bir çox hallarda xüsusi saytlar və profillər var ki, mənə qarşı da etikadan kənar elə davranış sərgiləyirlər ki, etiraf edəm ki, mənim də cavabın qırıcı olur və bu da insanlara xoş təsir bağışlamır. Ancaq əvvəl-axır Azərbaycanda elitar müzakirə mühiti yaratmalıyıq ki, bir millətin övladları olaraq bir-birimizə sevgimizi, sayğımızı qoruya bilək”. (redaktor.az)

Paylaş: