Be. Avq 19th, 2019

“Artıq göz xəstəlikləri ilə bağlı xaricə üz tutmağa ehtiyac qalmır” – Yazgül Abdıyeva ilə MÜSAHİBƏ

8 avqust Beynəlxalq Oftalmologiya Günüdür. İlk dəfə oftalmoloqlar öz peşə bayramlarını 2004-cü il avqustun 8-də qeyd etməyə başlayıblar. Həmin günün seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Beynəlxalq Oftalmologiya Günü təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.

Azərbaycanda da oftalmologiya elminin sürətli inkişafı müşahidə olunur. Ölkənin əsas oftalmoloji tibb ocağı olan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər. Mərkəzin direktoru, tibb üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımovun rəhbərliyi ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bir çox elmi yeniliklərə imza atır. Mərkəzdə bütün göz xəstəlikləri üzrə müayinə və müalicə həyata keçirilir. Burada xarici ölkələrdə ixtisas keçmiş gənc, peşəkar oftalmoloqlar fəaliyyət göstərirlər. Artıq göz xəstəliklərindən əziyyət çəkənlərin xarici ölkələrə üz tutmasına ehtiyac qalmır.

Turkustan.info Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyevanın AzərTAC-a müsaibəsini təqdim edir:

-Dünyada və Azərbaycanda ən çox rast gəlinən görmə patologiyaları hansılardır?

-Dünyada təxminən 300 milyon insanda görmə funksiyasının patologiyası aşkar olunub. Bunun 19 milyonu uşaqlardır. Ümumiyyətlə, dünyada və Azərbaycanda göz patologiyası üzrə ən çox, yəni 43 faiz refraksiya patologiyası qeydə alınıb. Refraksiya patologiyasına miopiya, hipermetrapiya, astiqmatizm aiddir.

-Göz xəstəlikləri daha çox anadangəlmə olur yoxsa sonradan qazanılır?

-Göz xəstəlikləri həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilər. Anadangəlmə göz xəstəlikləri bir sıra polietioloji səbəblərdən meydana gəlir. Göz patologiyaları bətndaxili inkişaf dövründə ananın keçirdiyi infeksion və digər xəstəliklər zamanı yarana, həmçinin irsi və s. ola bilər. Nümunə üçün qeyd edə bilərəm ki, torlu qişanın bəzi distrofik xəstəlikləri anadangəlmə irsi xarakter daşıyır. Sonradan qazanılmış göz xəstəliklərinə isə göz travmaları, gözün infeksion xəstəlikləri, keratitlər və digərləri aid edilir. Həmin xəstəliklər arasında isə ən çox şəkərli diabetin fəsadları aşkarlanır.

-Görmə patologiyalarının geniş yayılmasına səbəb nədir və necə qarşısını almaq olar?

-Dünyada texnologiya yüksək inkişaf edib. Hazırda televizor, kompüter, smartfonlar, planşetlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlardan düzgün istifadə məsləhət görülür. Normadan çox istifadə etdikdə göz xəstəlikləri ilə yanaşı, sinir sisteminin xəstəliklərinin fəsadlaşmasına səbəb ola bilər. Gələcək nəslimizi qorumaq üçün uşaqların telefon, planşet, kompüterdən düzgün istifadə qaydasına əməl etmək lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycanda analar öz rahatlıqları üçün uşaqların saatlarla telefon, planşet, kompüterdən istifadəsinə, televizor qarşısında oturmasına şərait yaradırlar. Ümumiyyətlə, 2 yaşadək uşaqlara texnoloji vasitələrdən istifadə etmək məsləhət deyil. Uzun müddət texnoloji vasitələrdən istifadə uşaqlarda quru göz sindromu və refraksiya patologiyasının əmələ gəlməsinə, davranış pozulmalarına səbəb ola bilər. Böyük uşaqlarda isə nəinki göz xəstəlikləri yarana, sinir sisteminin patologiyaları, skolioz, autizmə meyillilik əmələ gələ bilər. 3-4 yaşlı uşaqlar gün ərzində təxminən 25, 5-6 yaşlı uşaqlar 30, 7-8 yaşlı uşaqlar isə maksimum 40 dəqiqə telefon, planşet, kompüterdən istifadə edə bilərlər. Böyük uşaqların isə həmin texnoloji vasitələrdən gün ərzində 1.5-2 saat istifadəsi mümkündür. Çox təəssüf ki, azyaşlılarda kompüterlərə, planşetlərə asılılıq əmələ gəlir.

-Uzun müddət kompüterdən istifadə hansı fəsadları verə bilər?

-Uşaqlar uzun müddət kompüterdən istifadə etdikdə onların yalnız gözləri zədələnmir. Bu zaman baş ağrıları, yorğunluq və s. patologiyalar qeydə alına bilər. Kompüterlə uzun müddət işlədikdə gözlər bir nöqtəyə zillənib qalır, tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır. Kompüterlə gün ərzində 4-6 saatdan çox təmasda olmaq gözlər üçün zərərlidir. Ona görə də müəyyən qədər fasilə etmək lazımdır. Astiqmatizm xəstəliyi olanlar isə daha çox diqqətli olmalıdırlar. Kompüter qarşısında olduqda həkim məsləhəti ilə eynək və göz damcılarından istifadə etmək lazımdır. Kompüterdən 20 dəqiqə istifadə etdikdən sonra 15-20 saniyə gözləri bağlamaq, istirahət etmək, uzağa baxmaq onları qoruyur. Şüurlu şəkildə tez-tez gözləri qırpmaq lazımdır ki, buynuz qişa qurumasın və gözlərdə tənbəllik simptomları yaranmasın. Monitorun ekranı çox parlaq və tünd olmamalıdır. Çünki bu zaman gözlər çox yorulur. Monitorun pəncərə işığına tərəf olması tövsiyə edilmir. Monitor işıq və pəncərədən uzaq olmalı, əks görünüş verməyən ekranlardan istifadə edilməlidir. Kompüterlərdən uzun müddət istifadə kompüter görmə sindromu və ya gözlərin yorğunluq sindromu adlanır. Televizora baxarkən aradakı 2 metr məsafə qorunmalı, kompüterdən istifadə zamanı 50-70 santimetr məsafə saxlanılmalıdır.

-Korluğun qarşısının alınması üçün hansı işlər görülür?

-Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Bunun 1.5 milyonu uşaqlardır. Korluqdan əziyyət çəkən insanların 82 faizi 50 yaşdan yuxarı olan şəxslərdir. Korluğun qarşısını almaq üçün DST və Dünya Korluqla Mübarizə Agentliyi birlikdə “Görmə 2020” proqramı çərçivəsində böyük layihələr həyata keçirirlər. Bu proqram çərçivəsində mərkəzin dəmiryolu və avtomobil səyyar klinikaları vasitəsilə korluğun qarşısının alınması üçün əhali arasında maarifləndirmə işləri həyata keçirir, müayinə, müalicə və əməliyyatlar aparırıq.

-Göz xəstəliklərinin profilaktikası üçün görüləcək işlər barədə məlumat vermənizi xahiş edirik.

-Göz xəstəliklərinin profilaktikası üçün ilkin olaraq qidalanmanı düzgün seçmək lazımdır. Düzgün qidalanma ananın hamiləlik dövründən başlamalıdır. Təəssüflər olsun ki, son zamanlar uşaqlar fast-fudlar, quru yeməklərlə qidalanırlar. Bu da gözlərin sağlamlığına təsirsiz ötüşmür. Daha çox A vitamini ilə zəngin qidalar tövsiyə olunur. Qaragilə, kənd yumurtası, balıq kürüsü, kök A vitamini ilə zəngindir. Həmçinin Omeqa-3 tərkibli qida rasionu seçilmədir. Bununla yanaşı, zərərli vərdişlərdən kənar olmaq məsləhət görülür. Xüsusilə tütün gözün selikli qişasına mənfi təsir edir. Bu həm iltihabi prosesin əmələ gəlməsinə, həm də görmə sinirinin intoksikasiyasına səbəb olur. Alkoqollu içkilər gözün sinir hüceyrələrinə və beyin toxumasına öldürücü təsir göstərir. Metil spirti tərkibli içkilər korluğa da səbəb ola bilər. Bununla yanaşı, stulda oturub kitab oxuyan uşaq belini dik tutmalıdır. Kitabla gözlər arasında məsafə 35-40 santimetr olmalıdır. Yemək yeyərkən, uzanmış vəziyyətdə, nəqliyyat vasitəsində olarkən kitab oxumaq məsləhət görülmür. Ümumiyyətlə, uşaqların sağlamlığı üçün profilaktik tədbirlər görülməlidir. Çünki bir sıra xəstəliklər gözlərdə fəsad yaradır. Revmatizm, brusellyoz, şəkərli diabet, birləşdirici toxumanın sistem xəstəlikləri, revmatoid-artrit, infeksion xəstəliklər, vitamin və mineral çatışmazlıqları gözlərə təsirsiz ötüşmür. Orqanizmi qorumaq üçün düzgün qidalanma və həyat tərzi, idman, açıq havada olmaq məsləhət görülür. Göz xəstəliklərinin profilaktikası üçün ildə minimum iki dəfə, yəni altı aydan bir gözlər mütəxəssis tərəfindən müayinə olunmalıdır.

Paylaş: