Be. Okt 14th, 2019

“Jeenbekov Atambayevin həbsi üçün Putinin razılığını alıb” – Politoloq Bişkekdəki qarşıdurmanı ŞƏRH ETDİ

“Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Qırğızısıtanda yaranmış qarşıdurmanı şərh edərkən bildirib.

O deyib ki, baş verənlərə Kremlin mövqeyi maraqlıdır:

“Qırğızıstanın həm hazırki, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik.

Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir. Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”.

Xatırladaq ki, avqustun 8-nə keçən gecə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 50-yə çatıb, onların biri jurnalistdir.

Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. (modern.az)

Paylaş: