Ça. Avq 20th, 2019

“Qadınların motosikletə oturması dinə və əxlaqa ziddir” – SƏBƏBİ AÇIQLAYIR

İran məhkəmə sisteminin sədrinin mədəni işlər üzrə müavini Hadı Sadiqi qadınların motosikletə oturmasını dini baxımdan “məkruh”, yəni xoşagəlməz əməl adlandırıb.

O, eyni zamanda bildirib ki, qadınların motosiklet sürməsi dini və qanuni baxımdan qadağan olmasa da, lakin “əxlaqi baxımdan problemli məsələdir”.

“Qadınlar motosiklet sürməsində problem olmasa da, bu əməl onların əxlaqi ilə ziddiyyət təşkil edir. Belə ki, qadınlar motosiklet sürən zaman onların baş örtükləri açılır, bu isə öz növbəsində xoşagəlməz haldır”- deyə Hadı Sadiqi əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə İran İnzibati Ədalət Məhkəməsinin şöbələrindən biri bir qadının şikayəti əsasında ölkə polisinin xanımlara verdiyi sürücülük vəsiqəsində motosiklet sürmək üçün kateqoriya əlavə etməyə borclu olduğu barədə hökm vermişdi. İran polisi isə bu hökmdən apelyasiya şikayəti verib.

Bundan öncə də İran polisi dəfələrlə qadınların motosiklet sürməsininin “qadağan” olduğunu bildirib və 2017-ci ildə bu səbəbdən 2 qızı həbs edib.

Hadi Sadiqi sonda qeyd edib ki, sözügedən məhkəmədə əvvəllər də belə hökm çıxarılıb və sonradan bu qərar qəti şəkildə rədd edilib. Onun dediklərinə əsasən, bu dəfə də böyük ehtimalla həmin qərar apelyasiya məhkəməsi tərəfindən rədd ediləcək.

Paylaş: