C. Sen 20th, 2019

Müqəddəs bayramdan faydalananlar…

Bəxtiyar Səlimov

Milli və dini bayramlar hər bir xalqın həyatında özünəməxsus yer tutur. Bayramlar cəmiyyətdə birlik və bərabərliyi qüvvətləndirir, insanlarda xoş ovqat yaradır. Bayramlar üzləri güldürür, həmrəyliyi gücləndirir…

Dini bayramların sırasında Qurban bayramı əsas yerlərdən birini tutur. Digər müsəlman ölkələrində olduğu kimi, artıq neçə illərdi ki, Azərbaycanda da Qurban bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Yaşı min illərlə ölçülən müqəddəs Qurban bayramı sevgi və dostluğun, paylaşmanın rəmzidir. Kəsilən heyvanların ətinin ehtiyacı olan insanların arasında bölüşdürülməsi humanist aksiya, cəmiyyətə verilən müsbət mesajdır. Yaxşı nümunələri nəsillərdən-nəsillərə ötürsək, gələcəyimizdən bədgüman olmarıq… Dünya bərqərar olandan Xeyirlə Şər arasında mübarizə gedir. Pislər olmasaydı, yaxşıların qədri bilinməzdi. Təəssüf ki, bəzi möhtəkirlər Qurban bayramının ruhuna zidd olan əməlləri hər il təkrarlayırlar. Bayram günlərində qiymətlərin süni şəkildə artırılmasını buna nümunə göstərmək olar. Müqəddəs bayramdan faydalanıb insanların cibinə girmək, onları soymaq həm insanlığa zidd hərəkətdir, həm də günahdır. Allah bizi günah yox, savab qazanmaq üçün yaradıb…

İslam paklığı sevir. Peyğəmbərimiz deyib ki, təmizlik imandandır. Təəssüf ki, çox vaxt qurban kəsilərkən sanitar-gigiyenik qaydalara əməl olunmur. Bəzən kəsim prosesi heyvanlara işgəncə verilməsi ilə müşayiət olunur. Savab qazanmaq istəyən adamların heyvanları saatlarla ölüm qorxusu altında saxlaması, sonra isə ortalığı qan gölünə çevirməsi ən böyük günahdır. Qurban kəsilərkən təmizliyə riayət olunmalı, insanların ürəyini bulandıran mənzərənin yaranmasına yol verilməməlidir. Kəsilən heyvanların əti dost- tanış arasında pay-püşk edilməməlidir. Qurban əti ilk növbədə ehtiyacı olan adamlara verilməlidir. Bayram günü ən kasıb adamın da evində qazan qaynamalıdır. Təəssüf ki, insanlığın bu vacib şərtinə çox vaxt əməl olunmur.

Kəsdiyi heyvanın ətini öz ailə üzvlərinin, qohumlarının arasında bölüşdürən bəzi adamlar qonşusunun ac yatdığından xəbərsiz olur. Qurban ətini şişə çəkib közün üstündə qızartmaq, kababın bihuşedici qoxusu ilə ac insanların burnunu qıcıqlandırmaq olmaz. Qurban kəsmək kimi xeyirxah bir əməli dəb xatirinə etmək günahdır. Xeyirxahlıq insanın içindən gəlməlidir. İnsan paylaşmaq duyğusuyla alışıb-yanmalıdır. Uca Allah mərhəmətlidir. Biz paylaşdıqca, O, bərəkətini artıracaq…

Bayramınız mübarək!

Paylaş: