C. Noy 22nd, 2019

“Putinlə müzakirələrdən sonra Qarabağla bağlı hansısa addımlar atıla bilər” — Sabiq nazir

“Rusiya bizim böyük qonşumuzdur və burada gedən proseslərdə yaxından iştirak edir. Bu məsələlərin detallarını açıqlamağa elə də ehtiyac yoxdur və hamıya bəllidir. O baxımdan Rusiya ilə yüksək səviyyədə təmasların qurulması və müzakirələrin aparılması vacibdir. Bu əlaqələrin inkişaf etdirilməsi baxımından vacibdir”.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Rusiya-İran liderlərinin qarşıdakı Soçi görüşünü şərh edərkən deyib.

“Son dövrlərdə Ermənistan rəhbərliyinin yürütdüyü siyasət Rusiya tərəfindən də müsbət qarşılanmır. O baxımdan Azərbaycan və Rusiya liderlərinin görüşündə Qarabağ məsələsi və regiondakı vəziyyət, həmçinin müzakirələrdən sonra Azərbaycanın atacağı addımların razılaşdırılması zəruridir”, – deyə sabiq nazir deyib.

Atılacaq addımlar hərbi əməliyyatlar səviyyəsində də ola bilərmi sualına gəldikdə isə T. Zülfüqarov bunu istisna etməyib:

“Şəxsən mən bunu istisna etmirəm. Əlbəttə Rusiya bölgədə müharibənin yenidən bərpa olunmasını istəməzdi. Ancaq Ermənistan rəhbərliyinin davranışı buna ayrı yol qoymur. Rusiya da Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsinin həllində yürütdüyü bu siyasətdən narazıdır”.

Onun fikrincə, Rusiya da yaxşı anlayır ki, vəziyyət belə davam edə bilməz və ona görə də işğal altında olan torpaqların bir qisminin azad olmasını istəyir.

“Rusiya üçün önəmli deyil ki, torpaqlar kimin nəzarətindədir. Amma onu da yaxşı anlayır ki, vəziyyət belə davam edə bilməz və  mövcud vəziyyət əvvəl-axır partlayışa gətirib çıxara bilər. Rusiyanın taktiki gedişi bundan ibarətdir.

Lakin Paşinyan hakimiyyəti buna əhəmiyyət vermir. O baxımdan məsələ Rusiya ilə müzakirə olunduqdan sonra  addımlar atılmalı, qərarlar verilməlidir. Çünki vəziyyət belə davam edə bilməz”, –  deyə T.Zülfüqarov deyib. (olke.az)

Paylaş: