Ça. Okt 15th, 2019

Tanıdığınız TANIŞLAR: Bu uşaq indi Azərbaycanın məşhur xanəndəsidir – FOTO

“Tanıdığınız tanışlar” rubrikasına davam edirik…

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli Modern.az-ın əsas səhifəsində təqdim olunur.
Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır.
Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan yəqin ki, tanıya bilmədiniz.

Ortadakı uşaq bu günün tanınmış xanəndəsi Qoçaq Əsgərovdur. Şəkil birinci Qarabağ müharibəsi zamnında 848 saylı taborun fotoqrafı Məhəmməd Axundov tərəfindən çəkilib.

Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 6 yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başlayıb. Balaca oğlan hər yerdə ifa edirdi – evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdu; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca 1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, Qoçağın musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi digər yüzlərcə ailələr ilə birlikdə öz evlərini tərk etməyə məcbur olur. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə köç edən qaçqın həyatı yaşamalı olublar. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, Qoçaq Əsgərov öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər mübarizə apardı.

Qoçaq Əsgərov 1998-ci ildə Bakı Musiqi Akademiyasının muğam vokal sinifinə qəbul olundu. 2004-cü ildən 2008-ci ilə qədər isə o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrəndi.
Qoçaq Əsgərov hələ tələbəlik dövründə, 2006-cı ildə Birinci Muğam Milli Televiziya Müsabiqəsində iştirak etdi və onun qaliblərindən biri oldu.


Növbəti ildə o, Londonun məşhur “Brunei Gallery” teatrının səhnəsində çıxış etməsi üçün dəvət aldı. Bu, onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə “BBC Radio 3” özünün “World Routes” adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim etdi və o vaxtdan bəri bunu dəfələrlə təkrarlayır.
2009-cu ildə isə “BBC Radio 3” onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edib.

2009-cu ildə Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli beynəlxalq musiqi festivalında iştirak edib və qalib gəlib.

36 yaşlı Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), WOMEX (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012 ), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış edib. Onun əsrarəngiz səsi Böyük Britaniyanın “ARC Music Production” və “Nascente Records”, həmçinin İtaliyanın “Felmay Records” və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılıb. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun “Felmay” albomuna kifayət qədər müsbət rəy verilib..

27 may 2018-ci ildə Qoçağa Azərbaycanın əməkdar artisti fəxri adı verilib.
10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb. (modern.az)

Paylaş: