Ca. Avq 22nd, 2019

Ermənistan XİN-dən Qarabağla bağlı şok bəyanat

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Baş Nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.
Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.
Paşinyan avqustun 5-də Xankəndində demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”
“Ermənistanın Baş Naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,-Xarici İşlər naziri əlavə edib.
Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.

Paylaş: