Ç. Noy 20th, 2019

Qüdrət Həsənquliyev aranı qatdı – Sərdar Cəlaloğlu sərt cavab verdi: “Elə bil Jirinovskidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev ADP, AXCP, AMİP, Müsavat partiyaları haqqında kəskin ittiham irəli sürüb.

Belə ki, Q.Həsənquliyev Moderator.az-a açıqlamasında Qarabağ Komitəsinin yeni mitinqlər keçirmək istəyinə bu formada cavab verib:

“Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər. Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan  doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa, onun ziyanı xeyirindən çox olacaq”.

Bəs adları çəkilən partiyalar Qüdrət Həsənquliyevin səsləndirdiyi ittihamlarla razıdırlarmı? Doğrudanmı, belə bir öhdəlik götürülüb?

Turkustan.info xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı adları çəkilən partiyaların mövqeyini öyrənməyə çalışıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov həmin öhdəliyin sübuta yetirilməsini tələb edib:

“Bizim partiyanın adını çox hallandırırlar. Belə bir öhdəlik varsa, ortalığa qoysunlar. Boş söhbətlərdir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu ittihamlara cavab olaraq Qüdrət Həsənquliyevi rus siyasətçi Jirinovski ilə müqayisə edib:

“Qüdrət Həsənquliyevin fikirləri Dağlıq Qarabağ problemi ilə bağlı verdiyim müsahibəyə bir növ cavabdır. Müsahibədə demişəm ki,  Rusiyanın Azərbaycanda nümayəndələri  var ki, Ruysiyanın dili ilə danışırlar. Buna cavab olaraq Həsənquliyev belə cavab verib. Guya müharibə olsa,  Azərbaycan xalqının yarısı  satqın, xəyanətkar çıxacaq, döyüşməyəcək. Elə bil Qüdrət Həsənquliyev  Jirinovskidir. Sanki Azərbaycan Respublikası Milli Məclisinin deputatı yox, Rusiya Dumasının deputatıdır. Rusların maraqlarını ruslardan da çox müdafiə edir. Bu günə kimi bir rus siyasətçi deməyib ki, biz azərbaycanlıların boğazını üzərik. Bu da deyir ki, biz müharibə yolu ilə  Qarabağı azad etmək istəsək, Rusiya bizim boğazımızı üzəcək. Burada Həsənquliyevin mövqeyi aydındır, gizlətmir. Rusiya Xüsusi Kəşfiyyat Orqanlarının buradakı nümayəndəsidir. Vaxtilə Azərbaycan Xalq Hərəkatında “Yurd” təşkilatı  yaradılmışdı. Sonradan o “Yurd”çuların hamısının siyasi  gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev  isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin  formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev…
“Yurd”çular o zaman Azərbaycan Xalq Hərəkatına necə zərbə vurdularsa, indi də öz fəaliyyətlərini davam etdirirlər. Qüdrət Həsənquliyev də “Yurd”çuların ən qabaqda gedən nümayəndələrindən biridir”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlı Qüdrət Həsənquliyevin ittihamına cavab verəcəyi vaxtı açıqlayıb:

“Qüdrət Həsənquliyev həmin sənədi ortaya qoysun və orada Müsavatın hər hansı öhdəlik götürdüyünü təsdiqləsin. Ondan sonra Həsənquliyevə cavab verərik.

AXCP-dən isə mövzu ilə bağlı səslənən ittihamlara hər hansı cavab ala bilmədik.

Deyilənlərlə bağlı Yeni Azərbaycan Partiyası, eləcə də, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyini öyrənməyə çalışdıq.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bu barədə danışmaq istəmədiyini bildirdi:

“O zamanlar adları çəkilən partiyalar müttəfiq idilər. Nə baş verdiyini özləri daha yaxşı bilir. Mən əlavə nəsə deyə bilmərəm”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədr müavini Elçin Əhmədovun sözlərinə görə, partiyaların mövqeyi münaqişənin həllinə heç zaman təsir göstərməyib:

“Dağlıq Qarabağ məsələsi  beynəlxalq problemə çevrilmiş məsələdir. Adları çəkilən partiyalara qarşı Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə konkret sözüm yoxdur. Əgər bu məsələ təsdiqini taparsa, o zaman konkret mövqe sərgiləmək olar. Həmçinin,  partiyaların mövqeyi münaqişənin həllinə təsir göstərmir. Partiyaların mövqeyi  münaqişənin həllində nə 2000-ci illərdə, nə də bu gün rol oynayıb”.

Paylaş: