Bz. Okt 20th, 2019

Hamı bu pilotun qəhrəmanlığından danışır – VİDEO, FOTOLAR

Rusiyada Ural Airlines şirkətinə məxsus təyyarə Moskva yaxınlığında fermer sahəsinə qəza enişi edib, beş uşaq daxil olmaqla 23 nəfər xəstəxanaya yerləşdirilib. Şirkətin avqustun 15-də yaydığı açıqlamada bildirilir ki, Airbus A321 təyyarəsi Jukovski aeroportu yaxınlığındakı qarğıdalı sahəsinə enməli olub. Belə ki, bir dəstə quş təyyarənin mühərrikinə çırpılıb.

Ural Airlines şirkətinin təyyarəsini qarğıdalı tarlasına sağ-salamat endirmiş ekipajı qəhrəman kimi alqışlayırlar. Təyyarədəki 233 nəfərdən ölən olmayıb, Səhiyyə Nazirliyi 23 nəfərin xəsarət aldığını bildirir.

TASS və Interfax isə adını çəkmədiyi mənbələrə istinadla 226 sərnişindən 55-nin və yeddi ekipaj üzvünün xəsarət aldığını xəbər verir. Təyyarə yerə enən kimi mühərriklərinin ikisi də sönüb.

Rusiya mülki aviasiya idarəsinin sözçüsü Yelena Mixiyeva təyyarənin mühərriklərinin ekipaj tərəfindən söndürüldüyünü bildirib. ​“Xəsarət alanlara tezliklə sağalmağı arzulayır, qəhrəman pilotlarımızı isə adamların həyatını xilas etdiyinə və təyyarəni endirdiyinə görə təbrik edirik”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Bəziləri bu insidenti U.S. Airways-in 1549 saylı uçuşu zamanı yaşanmış hadisəyə bənzədirlər. 2009-cu ildə pilotlar təyyarəni Hudzon çayına endirməli olmuşdular. Ural Airlines-ın məlumatına görə, pilotun 3 min saatdan çox uçuş təcrübəsi var.

Sosial şəbəkədə yayılmış bir videoda bir qadının səsi eşidilir: “Elə bil, yenidən doğulduq”. Sovet İttifaqının 1991-ci ildə çöküşündən sonra Rusiya aviasiya sənayesinin təhlükəsizliyi kəskin tənqid olunub. Ancaq son illər bir çox təyyarələrin yenilənməsi alqışlanıb.

 

Paylaş: