Ça. Dek 10th, 2019

Kardiologiya institutu – yeni nəfəs, yeni inkiaf mərhələsinə çıxışdır

Tibb elmləri doktoru Gülnaz Dadaşovanın effektiv və məqsədyönlü fəaliyyəti sayəsində İnstitutun maddi-texniki bazası tamamilə yenilənmişdir

Etiraf olunmalıdır ki, bu gün Azərbaycanda tibb elminin bir çox sahələri üzrə yüksək inkişafa nail olunmuş, kifayət qədər ciddi uğur və nailiyyətlər əldə edilmişdir. O cümlədən, hazırda səhiyyəmizin daha çox inkişaf etmiş, ən müasir müayinə və müalicə üsullarının tətbiq olunduğu, qabaqcıl texnologiyalara əsaslanan cərrahi əməliyyatların uğurla keçirildiyi sahələrindən biri də kardiologiyadır. Və əlbəttə ki, Azərbaycanda kardiologiyanın inkişafından danışarkən, ilk növbədə bu inkişafın əsas istiqamətlərini təyin edən qabaqçıl tibb müəssisələrinin fəaliyyəti də xüsusi olaraq qeyd olunmalıdır. Hazırda bu sahədə uğurla fəaliyyət göstərən səhiyyə müəssisələrindən biri də akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutudur.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın səhiyyə sistemində 10 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bu ixtisaslaşmış qurumların əsas funksiyaları ayrı-ayrl müəssisələrin elmi-tədqiqat, təşkilati-metodik, müayinə, müalicə, profilaktika, məsləhət fəaliyyətlərini əlaqələndirməkdən və elmi nailiyyətlərin təcrübi tətbiqini həyata keçirməkdən ibarətdir. O cümlədən, bu yaxınlarda 40 illiyi qeyd olunmuş Elmi Tədqiqat Kardiologiya inistitutu da hazırda öz elmi nailiyyətləri ilə respublikamızın səhiyyə ocaqları arasında özünəməxsus yer tutmuşdur. Bu gün ürək-damar xəstəliklərinin diaqnostikasında vacib olan bir çox zəruri müayinə prosedurları, müasir texnologiyaların tətbiqini tələb edən təhlillər yeganə olaraq məhz bu institutda həyata keçirilir. Məsələn, hazırda İnstitutda Azərbaycanda yeganə olaraq ürək-damar ağırlaşmalarının proqnozunda vacib amillərdən biri olan Mərkəzi Aortal Təzyiqin ölçülməsi təmin edilir.

Sözsüz ki, 1979-cu ildən fəaliyyətə başlamış Kardiologiya institutu bütün bu müddət ərzində böyük inkişaf yolu keçmişdir və hazırda bu müəssisə böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Bununla belə, məhz son bir ildə İnstitutun fəaliyyətində nəzərəçarpacaq mütərəqqi yeniliklərin olduğu da danılmazdır. O cümlədən tibbin kardiologiya sahəsində dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərində əldə olunmuş ən son nailiyyətlərin tətbiqində, İnstitutun ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmasında da bu bir ildə yüksək intensivlik müşahidə olunmaqdadır. Bütün bunlara isə, ilk növbədə dövlətimizin diqqət və qayğısı və eyni zamanda da İnstitutun direktoru Gülnaz Dadaşovanın səyləri nəticəsində nail olunmuşdur. Etiraf olunmalıdır ki, 2018-ci ilin sentyabr ayında Elmi Tədqiqat Kardiologiya inistitutuna direktor təyin olunmuş Tibb elmləri doktoru Gülnaz Dadaşovanın effektiv və məqsədyönlü fəaliyyəti sayəsində İnstitutun maddi-texniki bazası yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur.

Haşiyə:

Əlbəttə, mütərəqqi yeniliklərin tətbiqi heç də hər zaman hamını qane edə bilməz. Həmçinin Kardiologiya institutunun yeni direktorunun bu vəzifədə olduğu qısa müddət ərzində əldə etdiyi uğurları da böyük qısqanclıqla qarşılayanlar var. Əgər belə olmasaydı son vaxtlar bəzi internet resurslarının səhifələrində, Gülnaz Dadaşovaya qarşı təşkil olunan “qara piar” kampaniyasının tərkib hissəsi kimi, böhtan xarakterli yazılar da dərc olunmazdı. Təbii ki, bu yazıların nəticə etibarı ilə heç bir əhəmiyyət kəsb etmədiyi məlumdur. Amma yaxşı olardı ki, insan ürəyi kimi həssas bir orqanın müalicəsi ilə məşğul olan peşəkarların fəaliyyətindən yazanlar da bu mövzuya bir qədər həssaslıq nümayiş etdirsinlər və heç olmasa, yazdıqlarının obyektivliyinə və dürüstlüyünə ilk öncə özləri əmin olsunlar. Unutmasınlar ki, ondan artıq elmi iş və məqalələri Rusiya, Belarus və bir çox digər ölkələrdə dərc olunmuş bir elm adamının fəaliyyəti haqqında fikir yürütmək üçün, ən azından öz sahəndə sən də həmin şəxsin yarısı səviyyəsində peşəkar olmalısan.

Ümumiyyətlə son vaxtlar ölkənin səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş əsaslı islahatlar həyata keçirilir. Tibbi kadrların, o cümlədən kardiologiyanın və ürək-damar cərrahiyyəsi üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurların qazanılması da danılmaz bir faktdır.
Həmçinin Kardiologiya institutunda əldə olunan bu nailiyyətlər da dövlətimizin səhiyyə sahəsinə göstərdiyi dəstək, diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanda yeganə olan “Agedio” aparatı, Exo-kardioqrafiya aparatları, ürək dayanması zamanı istifadə olunan defibrilyator ilə təmin edilmiş təxirəsalınmaz yardım bloku, xəstələrin arterial təzyiq, nəbzinə nəzarət üçün istifadə olunan və elektrokardioqrammanı daim müşahidə etməyə imkan verən monitorlar, palatalarda yeni və universal funksiyalara malik çarpayılar pasiyentlərin istifadəsindədir. Xəstələr effektli və xəstəliyin erkən dövründə göstərilən lazımi kardioloji yardımdan Elmi Tədqiqat Kardiologiya institutunda geniş şəkildə yararlana bilərlər.

Sözsüz ki, Tibb elmləri doktoru Gülnaz Dadaşova həm də bacarıqlı təşkilatçı və rəhbərdir. Məhz buna görə də onun rəhbərlik etdiyi Kardiologiya institutunda bu gün hər bir pasiyent mehribanlıqla, səmimiyyətlə qarşılanır. İnstitutdakı işgüzar mühit, kollektivdaxili səmimi və mehriban münasibətlər, personalın peşəkarlığı və yüksək hazırlıq səviyyəsi işin səmərəliliyini təmin edən başlıca meyarlardır.

Paylaş: