Şb. Dek 7th, 2019

Ölüm hökmündən xilas olan sabiq nazirlər – Nəriman İmranovla Müzamil Abdullayev hardadır? – ARAŞDIRMA

Müstəqillik illərində Azərbaycanda vəzifədən kənarlaşdırılan xeyli nazir olub. Onlardan kimisi  yüksək postdan birbaşa həbsxanaya göndərilib, kimisi incik yola salınıb, kimisinə də yeni vəzifə verilib. Bununla yanaşı, təqaüdə yola salınanlar da olub… 
Nəriman İmranov və Müzamil Abdullayev… Yəqin ki, bu eks-nazirləri xatırlayırsınız. Birinci sabiq milli təhlükəsizlik naziri, ikinci keçmiş kənd təsərrüfatı naziridr.
Mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunan hər iki şəxsi nazir işlədikləri zaman yol verdikləri bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.
“Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin” – Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladı fərman…
Heydər Əliyev Müzamil Abdullayevin əməllərindən bərk qəzəblənmişdi. 25 avqust 1995-ci il tarixində Prezident Sarayında Prezidenti Heydər Əliyevin respublikada kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədəki çıxışında sabiq nazirin əməllərindən hiddətləndiyini gizlətməmişdi. Sitat:
“Kənd Təsərrüfatı Nazirliyini təmizləmək lazımdır. Mən kadr məsələsini nəzərdə tuturam. Mən bu göstərişi bir neçə dəfə vermişəm. Müzamil Abdullayev kimi quldurlar, cinayətkarlar iqtisadiyyatımıza nə qədər zərbələr vurublar. Tək o deyildir, başqaları da olublar. Bizim kənd təsərrüfatı sahəsini belə cinayətkarlardan, belə quldurlardan xilas etmək lazımdır. Amma onların bir çoxu indiyədək ayrı-ayrı vəzifələrdə oturublar və öz əxlaqı ilə, öz keçmiş əhval-ruhiyyəsi ilə yaşayaraq iqtisadiyyatımızı dağıdırlar”.
Müzamil Abdullayev  1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır.
Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.
Nəriman İmranov 1944-cü ilin 2 yanvarında Qərbi Azərbaycanın Basarkeçər rayonunun (Vardenis rayonu) Şişqaya kəndində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
1994-cü il dekabrın 21-də bir qrup şəxsin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmasında təqsirləndirilərək, vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. Amma onun bəxti gətirdi və əfv olundu.
Bəs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılanlar kimlər idi? 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan neft sazişinin imzalanmasından bir gün sonra vətənə xəyanətdə ittiham edilən keçmiş yüksək vəzifəli şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından qaçdılar. Onlar keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, “Laçın” alayının komandiri Arif Paşa və separatçı “Talış Muğan Respublikası”nın yaradıcısı Əlikram Hümbətov idi. Bu hadisə aydın səmada şimşək kimi çaxmışdı…


Bu qaçış milli təhlükəsizlik naziri Nəriman İmranovun işdən çıxarılması və həbsi ilə nəticələndi.
Nəriman İmranov da düz üç dəfə Prezident Heydər Əliyevin əfv fərmanının sevincini dadıb. Birinci ölüm hökmü ömürlüklə əvəz olunanda, ikinci ömürlük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü isə 2002-ci ildə əfv olunub azadlığa buraxılanda.
Nəriman İmranov və Müzamil Abdullayev həbsdən çıxandan sonra susmağa üstünlük veriblər. Tamamilə kölgəyə çəkilən bu sabiqlər əsla mətbuata yaxın durmur, jurnalistlərdən gizlənirlər.

Bəs hazırda 75 yaşlı Nəriman İmranov və 78 yaşlı Müzamil Abdullayev harada yaşayır, nə işlə məşğuldurlar?


Adları çəkilən sabiqlərin hazırda harda olduğunu araşdırmağa çalışdıq.
Eks-nazirlərə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, həm Nəriman İmranov, həm də Müzamil Abdullayev hazırda Azərbaycanda yaşayır.
O da qeyd edilib ki, Müzamil Abdullayev Azərbaycanla yanaşı, həm də Rusiyada yaşayır. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğuldur. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirir.
Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsusdur. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.
Onun Rusiyada digər böyük obyektləri də fəaliyyət göstərir.

Rusiya rəsmi qurumlarında Müzamil Abdullayev fərdi sahibkar kimi qeydə alınıb. Məlumatlarda onun əsas fəaliyyət istiqamətlətinin qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarəti göstərilir. Amma ümumilikdə eks-nazirin  10 istiqamət üzrə işlədiyi bildirilir.

Bakıda yaşayan Nəriman İmranovun da bizneslə məşğul olduğu bildirilir.

Hər iki eks-nazirin geniş maddi imkanlara sahib olduğu vurğulanır.

(modern.az)

Paylaş: