Bz. Okt 20th, 2019

Putinin 20 illik hakimiyyəti – Uğurlar, uğursuzluqlar və səhvlər – TƏHLİL

Putin hakimiyyətinə xarici siyasi cəhətdən müxtəlif əsaslar və meyarlar üzrə yekun vurmaq olar. Göründüyü kimi, prezidentin 1999-cu ildən bəri iki əsas məqsədi olub: Rusiyanın birliyini qoruyub saxlamaq və dünya arenasında onun böyük dövlət statusunu bərpa etmək. O, buna nail olub. Mərkəzi hakimiyyətin aliliyi bütün Rusiya Federasiyasında təsdiqini tapıb. XXI əsrin astanasında dünyanın qüvvələr balansından silinən Rusiya 15 il sonra ən böyük və ən aktiv geosiyasi, hərbi oyunçu kimi beynəlxalq arenaya geri qayıdıb.

Bu haqda Karnegi Fondunun Moskva Mərkəzinin direktoru Dmitri Trenin yazır.

Məqalə müəllifi qeyd edir ki, Moskvanın xarici siyasi kursu dəfələrlə dəyişib. 2000-ci ildə Putin aktiv şəkildə Rusiyanın NATO üzvü olmasına çalışıb, 2001-ci ildə ABŞ-ın mühüm müttəfiqinə çevrilmək yolunda addımlar atdığı üçün Əfqanıstanda Amerika qoşunlarına hər cür yardım və dəstək göstərilməsinə tapşırıq verib; Lissabondan Vladivostoka kimi Böyük Avropa quran Putin nəinki Bundestaqda alman dilində Rusiyanın Avropa seçimini məhd edən nitq səsləndirib, eyni zamanda ümumi iqtisadi məkanın yaradılması üçün çarpaz kapital mübadiləsində israrla iş görüb.

Uğurlar

Putinin dövründə Rusiya Federasiyası real suverenliyini bərpa edib. Bu faktdır. 2000-ci illərin ortalarında neft hasilatı sənayesinin böyük bir hissəsinin milliləşdirilməsi koordinasiyalı enerji siyasətinə zəmin yaradıb. 2010-cu ilin ilk yarısında Silahlı Qüvvələrin cərgəsində həyata keçirilən islahat Kremlin əlinə dövlət maraqlarını müdafiə və təbliğ etmək üçün effektiv vasitə verib.

Rusiya XXI əsrin əvvəlində böyük dövlət statusunu geri qaytarıb. Rusiyanın 1990-cı və 2000-ci illərdə Amerika mərkəzli Avro-Atlantik sistem çərçivəsində muxtar statusa nail olmaq cəhdləri nəticəsiz qalıb. Rusiya həmçinin Avrasiyada özünün güc mərkəzini də qura bilməyib. Əsasən ona görə ki, keçmiş sovet respublikalarının başçıları Moskvanın təkbaşına rəhbərliyini qəbul etmək istəməyiblər.

İki inteqrasiyada yaşanan uğursuzluq 2010-cu ilin ikinci yarısında Putinin kəskin dönüş etməsinə səbəb olub. Bu, zahirən Böyük Avropadan Böyük Avrasiyaya hərəkət kimi görünüb. Belə bir dəyişiklik çoxları tərəfindən Şərqə, konkret olaraq Çinə dönüş kimi qiymətləndirilib. Əslində isə bu, tez-tez dəyişən qlobal mühitdə tarazlıq nöqtəsinin axtarışında Rusiyanın özünə dönüşü olub.

Uğursuzluqlar

Putinin başlatdığı işlərin bir neçəsi axıra çatdırılmayıb. Rusiya prezidenti bəyan etdiyi kimi, elitanı milliləşdirə bilməyib. Ən vacibi isə odur ki, Putin əsl milli hakim elita formalaşdıra bilməyib. Onun hakimiyyətə gətirdiyi koqorta maddi üstünlüklər qarşısında nəfsini saxlaya bilməyib. Rusiyada yuxarı təbəqə bu günün özündə də nəinki öz korporativ maraqlarını milli və dövlət maraqlarından üstün tutan, eyni zamanda ölkədən ayrı, demək olar onun hesabına yaşayan şəxslərdən ibarətdir.

Hindistanla tərəfdaşlığı da işə salmaq mümkün olmayıb. SSRİ dağıldıqndan sonra Moskva-Dehli münasibətlərində müşahidə edilən durğunluq davam edir. Putinin Gömrük İttifaqı yaratmaqla bir neçə MBD ölkəsi ilə aktivləşdirdiyi iqtisadi inteqrasiya açıq-aşkar Rusiya və tərəfdaşlarının maraqlarına xidmət edir.

Səhvlər

Nəhayət, Putin dövrünün bir neçə yeniliyi təcrübənin sınağından keçməyib. Çoxqütblü dünya, yəni geosiyasi və geoiqtisadi tarazlıq dünyası ideyası Rusiyanın maraqlarına, dünya görüşünə və yerli ənənələrə cavab verir. Eyni zamanda mövcud dünya nizamının əvəzlənməsi ideyasına aludəlik, yəni ABŞ-ın qlobal hegemonluğunun aradan qaldırılması məqsədilə aktiv səylərin göstərilməsi zərərlidir. “Öz həyatını riskə atmaq”, yalnız Amerikanın beynəlxalq hegemonluğuna müqavimət göstərdiyi üçün onun düşmənlərini dəstəkləmək mövqelərini möhkəmlətmək deyil, özünə əlavə problem yaratmaq deməkdir. Rusiya üçün əsas məsələ dünya nizamı deyil, həmin nizamda Rusiyanın tutduğu yerdir.

Əgər NATO Rusiyaya müxtəlif kalibrli təxminən 30 dövlətdən ibarət ittifaq kimi deyil, Amerikanın silahlı qüvvələrinin və silahlarının yerləşdirildiyi meydan kimi problem yaradırsa, onda bu və ya başqa Avropa ölkəsinin alyansda iştirak etməməsi Rusiyanın təhlükəsizlik problemini həll etmir. İş orasındadır ki, öz baza və silah sistemlərini ABŞ-a meyl edən, NATO üzvü olmayan ölkələrdə yerləşdirməyə Vaşinqtona heç nə mane olmur.

Trenin məqalənin sonunda yazır ki, Putinin Ukraynanı Aİİ-nin tərkibinə qoşmaq cəhdi faydasız olmaqla yanaşı, belə bir inteqrasiya həyata keçirilməsi mümkün olduğu təqdirdə elə əvvəlcədən Rusiya üçün son dərəcə problemli, baha başa gələn və nəticə etibarilə “nəticəsiz” qalan addım olacaqdı. Ukrayna elitasının imtina etməyəcəyi “müstəqil” siyasi layihə, prinsip etibarilə, Rusiya ilə istənilən inteqrasiya formasına uyğun gəlmir, hətta sırf iqtisadi baxımdan. Ancaq Putinin dövrü hələ başa çatmayıb və yekun nəticə çıxarmaq hələ çox tezdir.

Paylaş: