Be. Avq 19th, 2019

Türkiyə Naxçıvanı nəzarətə götürür, Ermənistan isə… – Analiz

Bu gün – avqustun 15-dən Türkiyə və Azərbaycan arasında birbaşa hava dəhlizinin açılması gözlənilir. Bu haqda Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. Onun sözlərinə görə, bu xüsusda danışıqlar artıq yekunlaşıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən, açılacaq hava dəhlizi sayəsində Türkiyədə yerləşən hava limanları ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. İndiyədək bu reyslərin həyata keçməsi üçün İran və Ermənistanın hava məkanından istifadə olunurdu. Bildirilir ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.

Təbii ki, məsələnin siyasi və təhlükəsizlik tərəfləri də var. Çünki bununla muxtar bölgə qardaş ölkəyə daha sıx bağlanacaq, vahid hava məkanı mövcud olacaq. “Kiçik torpaq” sarıdan Azərbaycanın narahatlığı isə bir az da azalmış olacaq. Söhbət həm də Qarabağda mümkün müharibə variantında Naxçıvan sarıdan arxayınlıqdan gedir.

***

Turkustan.info Musavat.com-a istinadən xatırladır ki, bundan öncə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Məhməd Cahid Turxan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin hazırlanma ərəfəsində olduğunu demişdi. “Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini gücləndirir”, – deyə o qeyd etmişdi. Nazir onu da demişdi ki, Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri son vaxtlar daha sıx xarakter almaqdadır və əlavə edib ki, yeni layihə iki qardaş ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradacaq.

Haqqında söz gedən dəmir yolu layihəsi isə həm də böyük siyasi anlam kəsb edir. Məsələ ondadır ki, Qarabağ ixtilafına görə Naxçıvan yarımblokada vəziyyətindədir. Ən əsası, ermənilər Naxçıvana da göz dikib və bunu əsla gizlətmirlər. Belə bir dəmir yolunun açılması isə hərbi təcavüz halında Naxçıvana Türkiyədən hərbi xarakterli yüklərin daşınmasını daha da asanlaşdıra bilər. Nəzərə alsaq ki, artıq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu da fəaliyyətdədir, o zaman yeni inşa olunacaq Qars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Bakı özü də Naxçıvanın müdafiəsi üçün hərbi xarakterli yüklər göndərə bilər.

Bu xüsusda istər Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, istərsə də Naxçıvan üçün Ermənistandan asılı olmayan vahid hava məkanının yaradılması Türkiyənin Naxçıvanla bağlı yeni planının tərkib hissələri də sayıla bilər. Bir şey dəqiqdir ki, qardaş ölkədən ötrü muxtar bölgənin təhlükəsizliyi heç vaxt olmadığı qədər mühüm önəm daşıyır. Ən ümdəsi, Türkiyə bu təhlükəsizliyin bütün komponentləri üzrə (iqtisadi-ticari, siyasi, hərbi) zəruri tədbirlərin görülməsini intensivləşdirib ki, bu da ən əvvəl Ermənistanda təşviş yaratmaqdadır.

***

Bu arada işğalçı ölkənin baş naziri Nikol Paşinyanın sentyabrın 22-də ABŞ-a səfərə hazırlaşdığı məlum olub. Təbii ki, o, prezident Donald Trampla görüşə getmir. Bu görüş üçün Nikol Paşinyan hələ yetişməyib. Aydındır ki, Vaşinqtonun sanksiya tətbiq etdiyi Rusiyanın bölgədəki yeganə forpostu Ermənistana, onun guya yeni qərbçi rəhbəri Paşinyana münasibəti isti ola bilməz. Bunu işğalçı ölkəyə son illər Amerika yardımlarının kəskin azaldılması, Azərbaycana isə artırılmasndan da görmək olar.

Bu və digər səbəblərdən Paşinyan okeanın o tayına sırf işgüzar səfərə hazırlaşır. Sentyabrın 22-də onun Los-Anceles şəhərində ermənilər qarşısında çıxışı planlaşdırılır. Təbii ki, əsas məqsəd işğalçı ölkə üçün ianə toplamaqdır. Çünki artıq aydındır ki, Qərbin, özəlliklə ABŞ-ın maliyyə mərkəzləri Rusiyanın vassalı olan ölkəyə boşuna pul verməyəcək. Necə ki, Paşinyanın iqtidarda olduğu ötən 15 ayda verməyib.

***

Maraqlıdır ki, səfər ərəfəsində ABŞ-dan Paşinyana bəd xəbər gəlib: rəsmi Vaşinqton Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib. Belə ki, ABŞ-ın Ticarət Nazirliyi “qara siyahı”ya saldığı ölkələrin sırasında Ermənistanın da adı var. Sanksiyalar siyahısında Ermənistandan iki şirkət yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və Markel QSC.

Məlumata görə, İrNİSS lisenziyasız ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) mallar alaraq təkrar ixrac edib. Ayrıca, İrNİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidentinin ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə işbirliyində olduğu açıqlanıb. Şirkətlərin siyahıya daxil edilməsinin digər səbəbləri ABŞ Federal Reyestrinin saytında dərc edilmiş sənəddə yer alıb.

Necə deyərlər, bu da ABŞ-a səfərə hazırlaşan Paşinyana Vaşinqtondan orijinal sürpriz. Yəqin ki, bu, hələ jurnaldır, daha böyük sürprizlər qabaqdadır. Mənfi planda, sözsüz ki..

Paylaş: