Ç. Noy 13th, 2019

Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək

Avqustun 14-dən 18-dək İsveç Krallığının paytaxtı Stokholmda 15-ci Vikimaniya beynəlxalq konfransı keçiriləcək.

Turkustan.info xəbər verir ki, konfransda ölkəmizi “Azərbaycan vikimedia könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev, “Vikipediya”nın azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov və fəal vikipediya istifadəçisi Aida Aslanova təmsil edəcək.

Vikimaniya konfransı 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində “Vikipediya” və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq tədbirdir. Müxtəlif ölkələrdən yüzlərlə vikipediyaçının qatıldığı konfransda “Vikipediya”nın bugünü və inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və görüşlər təşkil edilir. Həmçinin “Vikipediya”nın müxtəlif dil bölmələri üçün qarşıda duran vəzifə və problemlər, elektron elmin nəzəri problemləri ətrafında müzakirələr aparılır. Təmsil olunan ölkələrin və iştirakçıların sayı hər il müxtəlif olur. Beynəlxalq tədbirdə adətən 50-dən çox ölkə və 800-dən artıq nümayəndə iştirak edir.

Vikimedia fondu hər il müxtəlif ölkələrdə beynəlxlaq Vikimaniya konfransını təşkil edir. Fondun əsası 2003-cü ildə Cimmi Uels tərəfindən qoyulub. Vikimedia Fondu bir neçə layihəni özündə birləşdirir və ən geniş yayılmış layihəsi “Vikipediya” hesab olunur. Elektron elmin formalaşmasında könüllü vikipediyaçıların rolu danılmazdır.

Xatırladaq ki, Vikimedianın 16 layihəsindən biri olan “Vikipediya”nın Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyət göstərir. “Vikipediya”nın 300 dil bölməsi arasında məqalə sayına görə Azərbaycan hazırda 149 mindən çox məqalə sayı ilə 51-ci sıradadır.

Paylaş: