Ca. Avq 22nd, 2019

Azərbaycançılıq ideologiyası haqqında film çəkildi

Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik hisslərinin təbliğinə həsr olunan sənədli filmin hazırlanması”  layihəsi çərçivəsində “Azərbaycan və Azərbaycançılıq” sənədli filmini hazırlayıb. Bu barədə məlumatı İctimai Birliyin sədri Firuzə Bəyməmmədqızı verib. Onun sözlərinə görə, sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.

Yarandığı ildən cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı QHT Şurasının dəstəyi ilə layihələr icra edən JEŞ İB 2019-cu il üçün həyata keçirdiyi layihə çərçivəsində hazırladığı filmdə maraqlı addım atıb. Belə ki, sənədli filmdə müxtəlif yaşlarda və fərqli işlərlə məşğul olan sadə vətəndaşlar öz fikirlərini bildiriblər. Azərbaycançılıq ideologiyası haqqında indiyə qədər hazırlanan bütün sənədli filmlərdən fərqli olaraq, yalnız bu filmdə qeyri-rəsmi şəxslər və Aprel şəhidlərinin valideyinləri çəkiliblər. Filmdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycançılıq məfkurəsi haqqında düşüncələri xüsusi sitatlar şəklində çatdırılıb.

Qeyd edək ki, may ayının 1-dən başlayan layihə 4 aylıqdır və sentyabr ayının 1-də başa çatacaq. “Azərbaycan və Azərbaycançılıq” sənədli filmi avqust ayının sonunda ictimaiyyətə təqdim olunacaq.

Paylaş: