Be. Sen 16th, 2019

Kəfəninə cib tikdirmək istəyənlər…

Seymur Verdizadə

Milli Parkda bir qədər gəzib-dolaşandan sonra nəfəsimi dərmək üçün boş oturacaqlardan birində əyləşdim. Aradan beş dəqiqə keçməmiş yaşlı bir qadın yanımda özünə yer elədi. Telefonumdakı mesajları oxumağa başlayanda, ona zəng gəldi. Qadın mikrofonda danışdığı üçün özüm də istəmədən onların söhbətinə qulaq asmalı oldum: 
– Mama, Qasımın ürəyi yumurta istəyir. İcazə verirsən, ona iki yumurta qaynadım?
– Qasım bir saat əvvəl yemək yeməyib? Dədəsi kimi doyub-dolanmaq bilmir…
– Nə bilim, ay maa… Sənin oğlundur də…
– Yaxşı, çox uzatma. İki yumurta qaynat, uşaq ac qalmasın.
– Ay maa, icazə verirsən, bir yumurta da özümə bişirim?
– Hə, birini də özünə bişir. Ərin yeyəcək, sən onun ağzına baxassan?
– Sağ ol, ay maa!..
Qeyri-ixtiyari olaraq qadına tərəf çevrilib, onu başdan-ayağa süzdüm. Əynində bahalı parçadan paltar, qulaqlarlnda üzüm saxlımı boyda sırğa, barmaqlarında brilliant üzük vardı. Diqqətlə ona baxdığımı görəndə, özü izahat verdi: “Zəng edən gəlinim idi. Mənim icazəm olmasa, uşaqlar evdə bir çöpə də əl uzada bilməzlər”.
İlkin təəssüratımı onunla bölüşmək istədim: “Kasıb adama oxşamırsınız…”
Əlindəki telefonu çantasına qoyub, söhbətə başladı: “Kasıb düşmənin olsun! Üç uşağım var, üçünə də özümün yaşadığım binadan ev almışam. Üçünün də maşını, bağı var. Amma hər axşam mənim evimdə yemək yeyirlər. Biz üç yerdə süfrə aça bilmərik”.
Belə tiplər hər gün adamın qabağına çıxmır. Odur ki, söhbəti davam etdirməyə qərar verdim: “Xanım, uşaqlarınızın işi-gücü var? Pul-para qazana bilirlər?”
Çantasını dizinin üstünə qoyub, həvəslə danışmağa başladı: “Uşaqların üçü də işləyir. Ayın axırında maaşlarını son qəpiyinə kimi gətirib mənim ovcuma qoyurlar. Hər gün səhər mən onlara xərclik verirəm”.
Biz yeni tanış olsaq da, zarafatımdan qalmadım: “Efirə gəlsəydin, səni yaxşıca tənqid edərdim…”
Halını da pozmadı: “Səni görən kimi tanıdım. Həmişə düz danışırsan. Amma indi səhvsən. Hər evdə bir böyük olmalıdır. Mən olmasam, gəlinlər oğlanlarımın başına ip salıb, dallarınca sürüyərlər. Onların ipini yığan mənəm”.
Dilimin ucuna qədər gələn sözləri geri qaytara bilmədim: “İlk dəfədi sizin kimi ailəylə qarşılaşıram…”
Gözünün ucuyla qolundakı bahalı saata nəzər sallb, belə dedi: “Var-dövlət mənə ərimdən qalıb. Oğlanlarım zəhmət çəkib, öz ailələrini dolandlrsınlar. Bəlkə də sənə qəribə gələcək, 6 nəvəm var. Hamısının arasında bir yaş fərq var. Bu, mənim planımdlr. Uşaqlar bir-birinin paltarını geyinə-geyinə böyüyürlər”.
Space TV-də efirə gedən “Gəl dərdini danış” verilişinin çəkilişinə tələsdiyim üçün onunla sağollaşmaq məcburiyyətindəydim. Mənimlə birlikdə o da ayağa qalxdı: “Ay oğul, məni düzgün başa düş. İnsan qənaətcil olmalıdır. Hər axşam mənim qapımda üç maşın dayanır, amma evimizdə üç ayda bir dəfə ət bişir”.
Ötən il elə bu vaxt tanışlarımdan birinin 11 yaşlı oğlu qəza keçirmişdi. Hadisədən xəbər tutan kimi uşağın yatdığı xəstəxanaya getdim. Mən ora çatanda tanışım qan verməsi üçün qardaşının 14 yaşı yenicə tamam olmuş arıq, çəlimsiz oğluna yalvarırdı… Biz az-az görüşsək də, onun maddi durumu barədə yetərincə məlumatlıydım. Şəhərin mırkəzində iki evi, bahalı maşını vardı. Amma beş manat pul verib uşağına qan almağa qeyrəti çatmırdı. Pula olan hərisliyi övlad sevgisini arxa plana keçirmişdi…
Xəsis adamlar həmişə olub. Axundov “Hacı Qara”nı öz müasirlərinin prototipi əsasında yaradıb. İllər, əsrlər keçir, amma bu insanlar yenə də anlamırlar ki, kəfənin cibi yoxdur. Kəfənlərinə cib tikdirmək arzusu ilə alışıb-yanan bu adamlar dərk etməlidirlər ki, o biri dünyada heç nə satmırlar. Əksinə, bu cür yaramaz əməllərə görə adamın canını ikinci dəfə alırlar…    /moderator.az/

Paylaş: