C. Noy 22nd, 2019

Pensiyalar nə qədər artacaq? – İqtisadçı AÇIQLADI

“Ötən gün əmək pensiyaları haqqında qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən növbəti ildən etibarən əmək pensiyaları orta aylıq əmək haqqının artım faizinə uyğun deyil, inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Məntiqi baxımında atılan addım doğrudur. Çünki pensiyaçıların gəlirlərinin artımı ilə istehlak qiymətləri indeksi arasında korelyasiyanın olması bu qrupa daxil olan insanların gəlirlərinin dəyərsizləşməsinin qarşısını alır”.

Bunu iqtisadçı Rəşad Həsənov deyib.

Ekspert qeyd edib ki, 2 il əvvəl qanuna edilən dəyişiklərlə indeksləşdirmə orta-aylıq əmək haqqının artım faizinə uyğunlaşdırılmışdı.

Rəşad Həsənov qeyd edib ki, müsbət tərəflərinin olması ilə yanaşı, dəyişikliyin mənfi tərəfləri də var.

Bu səbəbdən də, ekspert hesab edir ki, qanuna dəyişiklər zamanı neqativ təsirlərin zəiflədilməsi üçün bir sıra amillər nəzərdə tutulmalı idi:

“Daha yaxşı olardı ki, qanunun müvafiq bəndi üzrə dəyişiklik 2021-ci ilin yanvarından tətbiq edilsin. Bu hal ən azından pensiyaçıların 2020-ci il üçün gözləntilərini puça çıxarmazdı. Digər yandan, 2018 və 2019-cu illər üçün yenidən indeksləşdirmə aparıla bilərdi ki, bu da xüsusi ilə 2017-ci ildə baş vermiş yüksək inflyasiyanın pensiyaçıların alıcılıq gücünə mənfi təsirini zəiflədə bilərdi”.

Əlavə edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev növbəti ildə pensiyaların təxminən 15% indeksləşdiriləcəyini açıqlamışdı.

Rəşad Həsənov 2019-cu ildəki infilyasiya səviyyəsini (3 faiz) nəzərə alaraq, pensiyaların ən yaxşı halda 3 faiz artacağını proqnozlaşdırır. (teleqraf.com)

Paylaş: