Ca. Avq 22nd, 2019

Ramil Səfərovu həbsdə keçmiş OMON-çu qoruyub – VƏKİL SİRLƏRİ AÇIR

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə qətlə yetirmişdi. Hadisə Ramilin Vətənə dönməyə 20 gün qalmış baş vermiş və elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. O, Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ramil Səfərov 8 il sonra – 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin fəaliyyəti nəticəsində Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa edilib.

Vəkil Adil İsmayılovun yazısının ardını təqdim edirik.

– Bu yazını məhkəmə prosesində baş vermiş və yəqin ki, mənim qədər sizləri də təccübləndirəcək bir olayla başlamaq istəyirəm.  Məhkəmə iclaslarından birində dövlət ittihamçısı Veronika Kışş sədrə müraciət etdi ki, zalda məhkəməni müşahidə edənlərdən kimlərsə fotolar çəkir. Onun fikrincə prosesdə yalnız jurnalistlər bunu edə bilər. Bundan sonra sədrlik edən zalda şəkil çəkən azərbaycanlıdan jurnalist vəsiqəsini tələb etdi. Həmin şəxs jurnalist olmasını lakin vəsiqəsini oteldə unutduğunu dedi. Sədrlik edən zalda olan jurnalistlərin vəsiqələrinə baxdıqdan sonra bildirdi ki, məhkəmə prosesində yalnız jurnalist vəsiqəsi olan şəxslər çəkiliş apara bilərlər. Yazdıqlarım məhkəmənin iclas protokolunda öz əksini tapıb. Yəqin ki, nə vaxtsa bizim məhkəmələr də jurnalistlər üçün bu şəraiti yaradacaqlar”.

Jurnalistlərdən söhbət düşmüşkən bir xatirəmi də paylaşım. Sonuncudan əvvəlki məhkəmə iclasında ANS-in təsisçisi Vahid Mustafayev iştirak edirdi. O, mənə dedi ki, Ramil Səfərovla müsahibə etmək istəyir, bu mümkündürmü? Vahidin xahişini Səfərovun vəkillərinə çatdırdım. Onlar hakimlə danışıb razılıq aldılar və həmin gün Mustafayev indi çoxlarınızın baxdığı müsahibəni etdi. Vahid Mustafayevin operatoru olmadığından həmin müsahibəni peşəkar kamera ilə mən çəkmişəm. Çəkilişdən qabaq Vahid mənə kameradan necə istifadə edəcəyimi başa saldı. Operatorluğum vəkilliyimə çatmasa da, məncə yazıçılığımdan pis alınmayıb.

Didərgin OMON-çunun arzusu

2006-cı ildəki məhkəmə proseslərində bir nəfər daim iştirak edirdi. Onun barəsində yazmağı özümə borc bilirəm. Həmyerlimiz olan bu şəxs məhkəmədən əvvəl mənə yaxınlaşıb özünü təqdim etdi. İdmançı bədən quruluşlu təxminən 35-40 yaşlı bu şəxsin danışdıqlarından məlum oldu ki, o vaxtı ilə macəra axtarışı ilə 20 yaşlarında Qazax OMON-una qoşulanlardan biri olub. 1995-ci ildə OMON hadisələrindən sonra Azərbaycanı tərk edib. 2003-cü ildə saxta pasportdan istifadə etdiyi üçün Budapeştdə həbs olunub. Ramil Səfərov həbs edilən vaxt onunla eyni həbsxanada, hətta eyni mərtəbədə imiş və Səfərova həbsinin ilk dönəmlərində əlindən gələn yardımı edib. Ramil mənə onun dediklərini təsdiq etdi. Vətənindən didərgin düşən 08 dekabr 1973-cü il təvəllüdlü həmin OMON-çu 25 ildir ki, qaçaqdır.

Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində onun barəsində 57-ci maddə ilə cinayət işi başlanaraq axtarışa verilib. Mən vətənə qayıtdıqdan sonra bir neçə dəfə ona kömək etməyə çalışsam da, prokurorluqla olan gərgin münasibətlərim buna imkan vermədi. Adının çəkilməsini istəməyən həmin şəxs bu yazını oxuyandan sonra məni aradı və çox xahiş etdi ki, mümkündürsə yazıda onun vətənə qayıtmaq və yaşlı valıdeynləri ilə görüşmək arzusunu müvafiq qurumlara çatdırım. Adının çəkilməsini istəməməsinin iki səbəbi olmasını dedi, bir özünü reklam etmək istəmədiyi, iki bundan sonra hüquq-mühafizə orqanlarımızın ona kömək etmək əvəzinə tutulmasından ötrü daha intensiv hərəkətə keçəcəyindən ehtiyatlandığı üçün. Mən onun arzusunu paylaşdım. Bilirəm ki, səhifəm hüquq-mühafizə orqanları tərəfindən daim izlənilir. Onların həmyerlimizin arzusunu gerçəkləşdirmək üçün əməli addımlar ataçağına ümidim var. Beləcə bu yazımın da bir vətəndaşımıza faydası olardı…

Ramil Səfərovun ailəsi Adil İsmayılovdan imtina edir

 

Nəhayət, hamının səbirsizliklə və həyəcanla gözlədiyi gün gəldi. 13 aprel 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxundu. Hakimin oxuduqlarını mənə “Anadolu Ajansı”nın Budapeştdəki təmsilçisi türk dilinə tərcümə edirdi. Nə cəza verildi sualıma adam “mühebbet verdilər abi” dedi. “Mühebbet” nədi soruşanda isə ömrünün sonuna kimi həbsxanada olacaq dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Hakimin məhkəmə boyu davranışı bunun əksindən xəbər versə də, mən həqiqətən son dəqiqəyə kimi Səfərova ömürlük həbs cəzası veriləcəyi fikrini yaxın qoymamağa çalışırdım. Bu bizim Ramil Səfərovla sonuncu görüşümüz oldu.

Bakıya qayıdanda məni növbəti sürpriz gözləyirdi. Ramilin atası iş yerimə gəlib üzrxahlıq etdi və ona vəkillikdən kənarlaşdırılmağımın məsləhət görüldüyünü dedi. Məsləhətli don gen olar və haqqımı halal edirəm deyərək həmin gündən sonra bu işdən uzaqlaşdım.

Məndən imtinanın səbəbini başa düşmək üçün o dövrdəki fəaliyyətimə nəzər yetirsəniz kifayətdir. 2005-ci iin martında Hacı Məmmədov, iyulunda Zakir Nəsirov həbs edilmişdilər, bu işdə Zakir Nəsirovun və paralel olaraq oktyabr ayından dövlət çevrilişinə cəhd işində təqsirləndirilənlərdən adının çəkilməsini istəməyən birinin vəkili idim. 2006-cı ilin mayında Zakir Nəsirovun işi məhkəməyə getdi. Həmin işlərdəki prinsipial mövqeyim bəzilərinin xoşuna gəlmirdi. Maraqlıdır ki, o vaxt apardığım bütün işlərdə mənə qarşı təzyiqlər vardı, eyni zamanda müdafiə etdiyim şəxslərə də məndən imtina etmələri üçün təzyiqlər olurdu, bu proses müəyyən fasilələrlə bu günə kimi də davam edir. 2005-2006-cı ildə iki dəfə baş prokurorun birinci müavini, bir dəfə isə özü mənim Vəkillər Kollegiyasından (VK) uzaqlaşdırılmağım üçün VK-ya təqdimatlar göndərdilər. Bu az qala mənim vəkillikdən uzaqlaşdırılmağımla nəticələnəcəkdi.

Şərhlərdə səslənən sualları ümumiləşdirib cavab olaraq deyim ki, mən bu müddət ərzində 11 dəfə , bundan 4 dəfəsini öz vəsaitim hesabına Budapeştə getmişəm və hər dəfə Ramil Səfərovla görüşmüşəm. 23 noyabr 2004-cü, 8 fevral, 10 may, 27 sentyabr, 15 dekabr 2005-ci və 7 mart, 4 aprel, 13 aprel 2006-cı illərdə məhkəmə iclaslarında iştirak etmişəm. Ramil Səfərovun həbsindən sonra pul yığılmasından məlumatım olsa da, cəmi nə qədər pul yığılmasından və hara xərclənməsindən xəbərim yoxdur. Bu işlə bağlı Ramil Səfərovun ailəsindən və heç bir iş adamından pul istəməmişəm və almamışam, əslində pul verən də olmayıb. Verən olsa, bəlkə də götürərdim. Bu işdə yardımçı olan insanlar çox olub, söhbət maddiyatdan getmir, hər birinə minnətdaram.

Mən vəkillikdən uzaqlaşandan sonra məlum oldu ki, Ramil Səfərovun müdafiəsinə Azərbaycandan iki tanınmış vəkil qoşulub. Bunlardan biri Azərbaycan Vəkillər Kollegiyasının sədri rəhmətlik Azər Tağıyev, o biri isə VK-nın Rəyasət Heyətinin üzvü , hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan İkram Şirinov idi. Mənim üçün çox qəribə idi ki, İkram Şirinov az müddət öncə Rəyasət heyətində mənim vəkillikdən çıxarılmağım təklifini verəndə VK RH-nın 9 üzvündən 8-i lehinə səs vermişdi, bir nəfər əleyhinə səs verən isə Azər Tağıyev idi. (Bu iclas barədə də nə vaxtsa yazacam).

2007-ci il fevralın 22-də Budapeşt Apellyasiya Məhkəməsində Ramil Səfərovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxıldı və hökm dəyişdirilmədən saxlanıldı. Müdafiə tərəfi nəyə görəsə bu qərardan kassasiya şikayəti vermədi. Beləliklə, Səfərov 2012-ci ilin avqust ayına kimi həbsdə qaldı.

31 avqust 2012-ci ildə Səfərov Azərbaycana ekstradisiya olundu və həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edildi. Bu barədə fikirlərimi “Facbook”da və KİV-lərdə ətraflı paylaşmışam. Kim istəsə, tapa bilər.

Sentyabrın 2-də mən gözaydınlığı vermək üçün Biləcəriyə, onların evinə getdim. Mən gələndə Ramil və atası evdə deyildilər, tanıdığım başqa kimsə də yox idi. Məlum oldu ki, Müdafiə Nazirliyinə gediblər. Bir qədər oturub oranı tərk etdim.

Arada özümə sual verirəm ki, zaman geri qayıtsa, oxşar situasiyada yenə də eyni cür davranardımmı? Cavabım tərəddüd etmədən “HƏ” olur. Məh hər nə edirəmsə, özümə görə edirəm, etmişəm və bundan sonra da edəcəm. Bu işdə iştirak etmiş üç yəhudi barədə yazdıqlarımı bir daha oxumanız məsləhətdi, bəlkə nə vaxtsa hakim haralıdı sualı vermək ağıla da gəlməyəcək, didərgin vətəndaşlarımız vətənə dönəcək . Məndən bu qədər.

Həyat prinsiplərim və peşə etikasının imkan verdiyi çərçivədə bu iş barədə xatirələrimi faktları təhrif etmədən paylaşdım. Qiymət vermək sizlikdi. Ola bilsin nə vaxtsa insanlar bir-birinin kitabını oxumağa başlayanda xatirələrimi kitab şəklinə salacam.  (modern.az)

Son.

Paylaş: