Ça. Sen 17th, 2019

Şuranın dəstəyi ilə Siyəzəndə təlim keçirilib

Siyəzən rayon Mədəniyyət Mərkəzinin Konfrans  zalında  Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasının dəstəyi ilə “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi tərəfindən  seminar- təlim keçirilib.Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı, yerli komissiya üzvləri, müəllimlər  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Siyəzən rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar  Məsələlər Şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, rayon ərazisində mütəmadi olaraq maarifləndirmə işinin təşkil edildiyini,yerli hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti üzlərinin bu tədbirlərdə aktiv iştirak etdiyini qeyd edib.Rayon rəhbərliyinin bu vacib məsələni daim diqqətdə saxladığını vurğulayan natiq,bundan sonra da narkotik vasitələrə və psixotrop maddələrə dair yaş qruplarına görə fəaliyyətlərini davam etdirəcəklərini bildirib və tədbirin təşkilatçılarına təşəkkür edib.

Layihə rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradıldığını,bu problemlə əlaqədar Ölkə Prezidenti tərəfindən 13 Fərman və 56 Sərəncam verildiyini, 38 Qanun, Nazirlər Kabinetinin 31 qərar və 10 sərəncamının qəbul edildiyini deyib.Hüquq mühafizə orqanları tərəfindən davamlı profilaktik və qanuni tədbirlərin həyata keçirildiyini qeyd edən QHT sədri,bu mübarizəni aparmağın təkcə dövlət qurumlarının deyil,həm də cəmiyyətimizin bütün üzvlərinin borcu olduğunu xüsusi vurguladı. Şuraya və Rayon İcra Hakimiyyəti rəhbərliyinə verdikləri dəstəyə gğrə minnətdarlığını bildirən QHT sədri Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasının yeni yaratdığı “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramı barədə də tədbir iştirakçılarını məlumatlandırdı və onları qeydiyyatdan keçərək,gələcəkdə rayonlarında keçiriləcək və keçirilməsini arzuladıqları tədbirlər barədə öz təklif,irad və rəylərini bildirməkdə aktiv olmağa çağırdı.

Maarifləndirici bukletlərin və çap materiallarının paylanıldığı seminar-təlimin sonunda bir qrup müəllimə “Təlimçi Sertifikatı” təqdim olundu. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul nümayəndəsi Şahin İsmayılov  təlimdə iştirak etmiş müəllimlərə və rəsmi şəxslərə Sertifikatları təqdim edib və əldə etdikləri məlumatlarla,narkotiklərə qarşı maarifləndirmə işlərində onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov,Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın üzvü,”Optimist” ictimai birliyinin sədri Habil Niftalı,2 saylı orta məktəbin müəllimi Sevda Ağakərimova narkotik vasitələrin cəmiyyətimizin təməli olan ailələrə verdiyi ağır zərərlərdən danışdılar və maarifləndirmə  tədbirlərinin rayonlarda davamlı keçirilməsinin zəruri olduğunu qeyd etdilər.Sertifikat alan iştirakçılar da çıxışlarında seminar-təlim sayəsində bir çox yeni faydalı məlumat əldə etdiklərini və öz iş yerlərində maarifləndirmə ilə bağlı tədbirlər keçirəcəklərini dedilər və  belə vacib mövzulara verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasına və ictimai birliyə təşəkkür etdilər.

 

Paylaş: