Ça. Sen 17th, 2019

Anar Bürcəliyev: “AYB-nin 13-cü qurultayı…Uğurlu gələcəyə səs verməliyik!”

Son günlər gənc şairlərdən Tural Turanın, Emil Rasimoğlunun və Fuad Cəfərlinin Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında sədrlik postuna namizəd olacağını açıqlaması ölkə mətbuatında hələ də gündəmdədir.
Bu məsələyə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, teatrşünas-tənqidçi Anar Bürcəliyev də öz münasibətini bildirib:
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi gənc yazarlardan olan Fuad Cəfərli, Emil Rasimoğlu və Tural Turanın namizədliklərini elan edəcəkləri ilə bağlı verdikləri bəyanatı Azərbaycan ədəbiyyatında yeni fikrin formalaşması və inkişafı baxımından uğurlu bir addım olduğunu düşünürəm.
1991-ci ilin martından Azərbaycan Yazıçılar Birliyinin (AYB) 9-cu qurultayında sədr olaraq seçilmiş və 28 illik bir müddət ərzində fəaliyyət göstərən hörmətli yazıçımız olan Anarın artıq bu postu təhvil verməsi vaxtı çoxdan çatıb. Azərbaycan ədəbiyyatında şair, dramaturq, ssenarist, tərcüməçi olaraq roman, pyes və hekayələrin müəllifi kimi tanınan, Xalq yazıçısı Anarın bu illər ərzində AYB-nin sədri kimi göstərdiyi fəaliyyəti heç də uğursuz adlandırmazdım. Ancaq artıq bu sahədə də böyük yeniliklər etməyin vaxtı çoxdan yetişib. Post-sovet məkanının senzurasının yeni dövrə daşınması və idarəetmədəki “aşırı ehtiyatlılıq” gedişləri bu günkü dövürlə həqiqətdə də uyğunlaşmır. Şəxsən mən namizədliyini irəli sürmək niyyətində olan Tural Turanın “Müstəqillik dövrünün Yazıçılar Birliyinə daha cəsarətli addımlar atacaq bir idarəçiyə ehtiyacı var” fikirləri ilə tam razı olaraq yeni gənc nəslin daha enerjili və daha dinamik addımlar ata biləcəyinə güvənirəm. Ədəbiyyatımızda yeni fikirlərin və ideya baxışlarının formalaşmasında gənclərin fəaliyyətinə daha çox önəm verilməsinə ehtiyac var.
Məncə namizədliklərini irəli sürmək niyyətində olan gəncləri AYB-nin şura üzvlüyündən çıxarılmaları ilə hədələməkdənsə, istedadlı və yeni düşüncə tərzinə malik gənclərə yol vermək, onların ideya-bədii təfəkküründən formalaşmaqdan əsla qorxmaq lazım deyil. Nə vaxta kimi xırda mənafelər kimi xoşagəlməz hallara görə gənclərin fəaliyyətinə kölgə salmaqla onların fikirlərinin formalaşmasına mane olmaqla məşğul olacağıq? Məncə artıq menkontil düşüncə tərzini kənara qoyub, şəxsi ambisiyalardan uzaqlaşıb Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı zamanı yeni düşünən zəkaya, uğurlu gələcəyə səs verməliyik!” (manevr.az)

Paylaş: