C. Sen 20th, 2019

Vaşinqtondan İrəvana ölümcül ZƏRBƏ: “Qarabağ Azərbaycanındır”

“ABŞ son zamanlarda cəbhədə baş verənlərə və Paşinyanın Xankəndində verdiyi bəyanata münasibətini açıqlayıb. Səfirlikdən verilən açıqlamada əsas diqqət həmsədrlərin bu ilin martın 9-da yaydığı bəyanata yönəldilib”.

Bu sözləri politoloq Zaur Məmmədov deyib.

Ekspert ABŞ-ın yaydığı bu açıqlamanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verilmiş vacib dəstək olduğunu istisna etməyib:

“Bu isə o deməkdir ki, ABŞ ətraf rayonların Azərbaycana qaytarılması, Qarabağın yekun statusuna aydınlığın gətirilməsi, Ermənistan və Qarabağ arasında dəhlizin açılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi variantına üstünlük verir. Bu, vaxtilə “Madrid Prinsipləri” çərçivəsində Serj Sərkisyanın razılaşdığı bir həll variantıdır. Lakin Paşinyan bu variant qəbul etmir.

Beləliklə, Con Boltonun Cənubi Qafqaza səfəri zamanı “İşğal altındakı ərazilər boşaldılmalıdır” ismarışından sonra bu dəfə ABŞ səfirliyi Paşinyanın həyasız bəyanatına qarşı İrəvana öz tələbini xatırlatdı. Bundan qabaq da bir neçə dəfə Vaşinqton tərəfindən Bakının icazəsi olmadan danışıqlar formatının dəyişdirilməsinin mümkünsüzlüyü bildirilmişdi”.

Zaur Məmmədov hesab edir ki, Azərbaycan yaxın vaxtlarda Vaşinqtona növbəti dəfə nümayəndə heyəti göndərərək, ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etməlidir: “Ümid edək ki, ABŞ-dakı növbəti prezident seçkisin də də Respublikaçılar qalib olacaq.

Hesab edirəm ki, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı Azərbaycan və Rusiya arasındakı münasibətlərə də dinamika gətirəcək. Bu halda da, Moskvadan Azərbaycana əməliyyatlar üçün “yaşıl işığ”ın yandırılması ehtimalı yüksələcək. Hər iki tərəf Cənubi Qafqazın ən rentabelli ölkəsindən istəklərini almaq üçün Qarabağ mövzusunda Bakının bəzi istəklərini yerinə yetirəcək”. (teleqraf.com)

Paylaş: