Ç. Noy 13th, 2019

Qələmi qılıncdan iti olan Paşamız!

Amaliya Ömər 

Hər kəsin həyatı mükəmməl bir tarix parçasıdır. Hələ uşaqların ibrət alacağı gözəl bir kitabdır. Özünün əhəmiyyətinə görə belə bir kitab bütün vətən övladlarının da istifadə edə biləcəyi həqiqi bir rəhbər ola bilir. Nə idik, nə olduq? Mütləq bilinməlidir.

Bu dünyada hərkəsin həyatı öz xatirəsində bir şəkilli kitabdır. Əgər bunu yazmasa özüylə bərabər silinib gedəcəkdir. Qalacaq üç beş mühüm xatirə də yaxınları tərəfindən mahiyyəti dəyişdirilmiş bir nağıl olacaq, kimsəyə faydası deyil, bəlkə də zərəri olacaqdır.

Hər kəs öz kitabını yazmalı, oxunması hər kəs üçün faydalı görülənlər isə mütləq nəşr edilib yayılmalıdır.

Mədəni aləmdə bu edilir. Bu aləmə girdiyini iddia edənlər də bunu etməlidirlər.

Kazım Karabəkir. (“Həyatım” kitabından)

***

Çoxdan idi içimdə bir istəyim vardı. İstanbula səfər edərkən Kazım Karabəkirin ev muzeyini ziyarət etmək və onun dünyası ilə tanış olmaq. Nəhayət istəyim gerçəkləşdi. İstanbula gəldiyimdə ilk ziyarət etdiyim yer Paşamızın evi oldu. Evə girdiyimdə hiss etdiyim duyğuları anlatmaq çox çətindir. Qapıdan girən kimi sanki içinə bir əzmlik, bir qürur əmələ gəlir. Güclənməyə, içindəki enerjinin artdığını hiss edirsən. Bir az da həyəcan və məsuliyyət yaranmağa başlayır. Sanki bu dəqiqə otaqların birindən Paşamız çıxıb “ Hoş geldiniz” deyəcək. Bu düşüncələrlə otaqları gəzirdim, gəzdikcə də içimi bir fəxr, bir minnətdarlıq duyğusu bürüyürdü. Bəli, Kazım Karabəkir Paşamızın evində olmaq böyük xoşbəxtlik idi. Otaqları gəzərkən ilk olaraq görkəmli sənətkarımız Rza Təhmasibin çıxış zamanı dediyi sözlər ağlıma gəldi. “ Cənab Kazım Karabəkir Paşamızın  və mənim dostum, qardaşım Hüseyn Cavid Əfəndinin yaşıd olmaları məni çox sevindirdi. Bu təsadüf, bəxtiyarlıq əlamətidir. Yaşasın mənim yaşıdım olan dostlarım və qardaşlarım – Kazım Karabəkir Paşa və Hüseyn Cavid bəy əfəndiləri! Sizin bu diqqətinizə görə çox məmnun oldum.  Bəli, böyük şəxsiyyətlərlə yaşıd olmaq bəztiyarlıq əlamətidir” – deyə cavab vermişdir.

Yavaş- yavaş çalışma otağına daxil oldum. Zaman o zaman idi. 1918-ci il. Film kimi gözümün önündə canlanırdi tarix. O zamanlar Şərqi Anadolunun vəziyyəti heç də bizimkindən yaxşı deyildi. Orada da Ermənilər Qars, Ərzurum, Ağrı, Sarıqamış vilayətlərini işğal etmək üçün savaşırdılar. Kəndliləri öldürüb, kəndləri yandırırdılar. Türk Ordusu mübarizə aparırdı. Hələ bu azmış kimi “Böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan Ermənilər Naxçıvana da göz dikmişdilər. Dinc əhaliyə göz verib işıq vermirdilər. Vəziyyət getdikcə daha da ağırlaşırdı. Ermənilər durmadan qətliam etməyə davam edirdilər. Tək çıxış yolu Türkiyə Hökumətindən kömək istəmək idi. Bu qərarla da milli komitə üzvlərindən ibarət təmsilçi qrupu Türkiyəyə göndərildi.

Naxçıvan Türk qapısıdır. Bu xüsusi diqqəti nəzərə alaraq onun mövcudluğunu qorumaq üçün əlinizdən gələni edin.

  1. K. Atatürk

Təmsilçiləri qəbul edən Kazım Karabəkir Paşa və Ənvər Paşa yaxın zamanda Naxçıvana kömək edəcəklərini vurğuladılar. Və Kazım Karabəkir Paşa Naxçıvan Milli Komitəsinə bir məktub yazıb yolladı.

“ Naxçıvan Milli Komitəsinə məktub”

Erməni alçaqlarından gördüyünüz zülüm və vəhşilikləri bəyan edən məktubunuzu aldım. Qəm və kədərinizdən çox mütəəssir oldum. Lakin Ermənilərə qarşı mövcudluğunuzu göstərib əlinizə silah alaraq vuruşduğunuzdan çox məmnun oldum. Allah və Muhəmmədin adını çağıraraq artıq Bəyazidə qədər gəldik. Bundan sonra ermənilərin arxasınca gedib onları təqib edəcəyik. Onların islam aləminə etdikləri pisliklərin intiqamını alacayıq. Almaqdayıq da. Sizin vəziyyətiniz daha bir müddət səbr və bu alçaqlara qarşı müqavimət göstərməkdir. Ümid edirəm ki, bunda da müvəffəqiyyətli olacaqsız. Orduyu- Humayun sizin uğurunuzda çalışmaqdan bir an ayrı omayacaq. İnşallah cümləmizi sevindirəcəyik. Göndərdiyiniz zəvat-ikram ilə görüşümdə hər halınız məlum olmuşdur. Ancaq yuxarıda qeyd etdiklərim kimi daha bir müddət lazımdır.

Bagi cümlənizə, ta bütün Naxçıvan əhlinə salamlar əhd edirəm.

Kazım Karabəkir. 14 aprel 1918

Kazım Karabəkirin bu məktubu xilaskar ordu qədər Naxçıvanlılara kömək etdi. Xalqın mübariz ruhunu yüksəltdi. Xalqda cəsarət, qüvvət, qələbəyə inam və ümid yaratdı.  Məktubun yüzə qədər surəti çıxarılaraq bütün şəhər, qəsəbə və kəndlərə paylandı. Divarlara yapışdırıldı. Bu işdə müəllim və şagirdlər daha fəal iştirak edirdi.

Şəklini bu otaqda çəkim? – deyərək bacım məni sanki o illərdən geri qaytardı. Üzünə baxdım, amma fikrim, ağlım 1918-ci ildə idi. Cavab vermədiyimi görüb bir də soruşdu. Otağı bir də nəzərdən keçirdikdən sonra çək dedim. Harda çəkdirəcəyimə isə qərar verə bilmirdim. Çünki otağın hər tərəfi tarixin səhifəsi idi. Yazı masasının önündə çəkdirdim. Şəkli çəkdirdikdən sonra gözüm Paşanın qılınc və tüfənglərinə sataşdı.

1918-ci il… İyun ayı… Qəddar daşnak Andronikin Cənubi Azərbaycanın Maku, Xoy, Səlmaz şəhərlərini və bu yerlərdə yol üstündə olan kəndləri talan edib qarşısına çıxan müsəlmanları vəhşicəsinə qətl edərək 15 minlik ordu ilə Naxçıvana doğru gəlməsi xəbəri təlaıa səbəb oldu. Bu xəbərdən sonra aydın oldu ki, Andronik Culfa körpüsünü keçərək şəhər ətrafını təqib etmək üçün əsgərlərini yerləşdirmiş və sonra bir dəstəsi ilə yenidən Culfaya dönmüşdü. Culfa körpüsünü Culfa- Naxçıvan qatar reyslərini sökdürərək istifadəyə yararsız etmişdir. Onu təqib edən Türk ordusunun qarşısını almaq məqsədilə və Andronikin bu cinayətkar hərəkətinə qarşı Yaycı kəndinin sakinlərinin etirazına cavab olaraq    daşnakçılar Yaycı kəndinə hücum edib kəndi işğal etmiş və kəndliləri vəhşicəsinə qılıncdan keçirərək Araz çayına atmışdılar. Onların bu vəhşi hərəkətlərinin qarşısını almaq üçün Müsəlman Milli Komitəsi Erməni Milli Komitəsinə müraciət etdi. Ancaq Erməni Komitəsi müsəlmanların bu tələbi qarşısında – “Bizim onların işinə qarışmağa səlahiyyətimiz yoxdur. Özününz nə bacarırsınızsa edin.” – demişdi. Ümid yenə Türk Ordusu idi. Çox qısa zamanda Kazım Karabəkir Paşadan bir məktub gəldi: “Möhtərəm Xəlil bəy Əfəndiləri. Orada nə etmək, necə etmək gərəkdiyini siz daha yaxşı bilirsiz. Şəhər ətrafında və ətraf şəhərlərdə, böyük kəndlərdə etiraz edin. Düşmən əsgərlərinin şəhərə girməsinin hər şəkildə qarşısını alın. Silahsızlanma təklifinə gəldikdə isə siz də çox yaxşı bilirsiz ki düşmənə silah verilməz. Ordumuzun Naxçıvana doğru hərəkətinə əmr verilibdir. Yaxın zamanda oraya çatacayıq. Döyüşmək lazım gələrsə döyüşün. Bu xüsusu da Naxçıvan Milli Komitəsinə çatdırın və lütfən mənim salamımı Naxçıvan əhlinə yetirin.” Kazım Karabəkir

-Muzeyin bağlanmasına 10 dəqiqə qalıb- deyə muzey işçisi məni fikrimdən ayırdı. “Tamam”- deyib otaqdan çıxırdıq ki Paşamızın hərbi geyimi diqqətimi çəkdi. Bir iki şəkil çəkib dəhlizə çıxdım.

1918-ci il. İyulun 7-si… Şanlı Türk Ordusu zəfər marşı ilə Naxçıvan şəhərinə daxil oldu. Hər tərəfə bayram əhval-ruhiyyəsi yayıldı.

Gəlməsəydin su yerinə Araz çayı köpüklü qan axardı

Gəlməsəydin Əlincənin təpəsindən alov çıxar, qara duman qalxardı.

Gec gəlsəydin sən burada bir türk, bir müsəlman tapmazdın.

Gəlməsəydin dağ , daş, qərib bulaq fəqan edib ağlardı.

( Təntənəli mərasim zamanı bir müəllimin çıxışında söylədiyi şeir)

Və beləcə kəndin hər tərəfində Türk bayraqları dalğalanmağa başladı.  7 iyul 1918-ci il “Naxçıvanın qurtuluş günü” kimi tarixə həkk olundu və həmin gün bayram günü elan olundu.

Allah – allah deyib Tanrı dağından

Ruhumuzu qondurduq Orhun dağından

Bu qaynaqdan içənlərin ürəkləri tunc olur

Türkə kəfən biçənin ölümü qorxunc olur.

Muzeyin ikinci mərtəbəsini gəzib bitirdikdən sonra aşağı düşdük. İçimdə bir çoşğu vardı. Hisslərim qarışmışdı. Fəxr, minnətdarlıq, xoşbəxtlik duyğusu içimdə bir-birinə qarışmışdı. Özümü o qədər güçlü hiss edirdim ki… Bəlkə də evin mistik enerjisindən keçirdi bu güc. “Səidə, bu pillələrdə şəklimi çək” deyib son pillələrdə dayandım. Bu qədər şəkil çəkdirmək həvəsi nədən yaranmışdı. Hər anı xatirəyə çevirmək istəyirdim. Baxmayaraq ki, on dəqiqə vaxtımız vardı. Bəlkə də tarixin səhifələrində bir izim qalsın deyə çəkdiridim şəkilləri. Bəlkə də…

Kazım Karabəkir Paşanın həyatının bir çox hissəsi döyüşlərdə keçməsinə baxmayaraq digər sahələrə də çox maraq göstərirdi. Ədəbiyyata, tarixə, incəsənətə böyük maraq göstərmiş, ingilis, rus, fransız dillərini isə ana dili qədər öyrənməyə çalışmışdır. Gənclərə də hər zaman ədəbiyyatı, dili, tarixi yaxşı öyrənmələrini məsləhət görürdü. Divarda asılmış şəkillərinə baxanda hiss olunurdu ki, Kazım Karabəkir Paşa böyük xarakterə sahib bir şəxsiyyətdir. Onun fikirləri, sözləri, nəsihətləri, baxışları belə bir məktəbdir. Türk dünyasının Bozqurdu deyərdim ona. Hər zaman türklərin imdadına qısa bir zamanda yetişən Xızır peyğəmbər deyərdim ona. Ədalətli, mərhəmətli, sevgi dolu, həyat dolu Türk oğlu Türk deyərdim ona. Onun haqqında nə qədər yazsaq, nə qədər danışsaq, nə qədər fatihələr oxusaq azdır.

Otağın bir küncündə piano vardı. Pianonun hər tərəfi isə şəkillər idi. Paşamız da deyəsən şəkil çəkdirməyi sevirmiş- deyə gülümsündüm. Yaxşı ki sevirmiş deyə düşünərək şəkillərə bir bir baxmağa başladım. Baxdıqca da yenə zaman gözumun önündə dəyişdi.

1918-ci il sentyabr ayının ilk günləri… İngilis generalının böyük bir ordu ilə Təbrizə tərəf gəlməsi xəbəri hər kəsi həyəcanlandırmışdı. Təbriz və Cənubi Azərbaycan təhlükə qarşısında idi. Bu hadisədən xəbərdar olan Kazım Karabəkir Paşa Cənubi Azərbaycanı və Təbrizi qorumaq üçün Naxçıvandakı Ordugahının- XI Ordunu və bu ordunun tərkibindəki Naxçıvanlı əsgərlərdən ibarət birliklərinin yardımına getməsi üçün dərhal əmr verdi. Ordu Təbrizə doğru hərəkətə başladı. Təbriz yaxınlarında İngilis və Türk Ordusu üz üzə gəldi. Iki gün davam edən döyüşdə nəhayət şanlı türk ordusu zəfər çaldı. Zəfər marşı ilə Təbrizə daxil olan ordu bir müddət sonra Təbrizdən çıxmaq məcburiyyətində qalaraq Naxçıvana qayıtdı. Naxçıvan əhli Kazım Karabəkir Paşanı çox sevirdi. Onun hər Naxçıvana gəlişi bir bayram idi. Məktəblərdə, idarə və müəssisələrdə görüşlər keçirilirdi. Belə görüşlərdən birində Xəlil bəy Paşamız haqqında gözəl çıxış etmişdir. Fəxrlə : “ O yalnız Türkiyədə deyil, onun komandirlik istedadı Avropada, Rusiyada da böyük şöhrət qazanmışdır. Təsadüfi deyil ki, o, Türkiyədə olduğu kimi Almaniya və Avstraliyada da yüksək dövlət medalları ilə təltif olunmuşdur” deyərək sözünə davam etdi- Kazım Karabəkir Paşa Mehmet Emin Paşanın oğludur. Mehmet Emin Paşa da dövründə ən tanınmış komandirlərdən olmuşdur. 1908-ci ildə Məkkədə 57 yaşında vəfat etmişdir. O zaman Paşamızın 16 yaşı vardı. Mükəmməl hərbi təhsil almışdır. İlk təhsilini İstanbulda Fatih Sultan Mehmet adına hərbi Ruştiyə məktəbində almış və burada fransız dilini mükəmməl öyrənmişdir. Türk tarixini, ədəbiyyatını, dilini və dünya tarixini dərindən öyrənmişdir. O eyni zamanda istedadlı şair, rəssam və bəstəkar olmuş, gözəl kaman ifa etmişdir. Rus, alman və ərəb dillərini də yaxşı bilirdi. Bütün bunlarla yanaşı Kazım Karabəkir Paşa “Uşaqlar atası” adına layiq görülən şəfqətli bir müəllimdir. Onun “Nəsihətlərim” adlı işi uşaqlarımızın mənəvi tərbiyəsi üçün ən dəyərli əsərdir. Paşa bir çox hərbi məktəblərdə müdir köməkçisi və elmi işçi vəzifələrində də çalışmışdır.”

Bir insan necə bu qədər istedada malik ola bilər ki? Demək ki, ola bilərmiş… İçimdə yenə bir fəxr və qürur yarandı. Nə yaxşı ki, Türk dünyasında , Türk tarixində Kazım Karabəkir kimi Paşamız var. Nə yaxşı ki mən onu tanıyıram. Nə yaxşı ki mən onun evindəyəm hal-hazırda. Bu ki böyük xoşbəxtlikdir-deyə düşünərək oradan uzaqlaşdım. Bələdçi dəqiqələri sayırdı. Mən isə hər anımdan həzz alırdım. “Nə mutlu Türküm” deyərək.

Onun Cavidlə olan dostluğu isə ayrı bir kitabdır. Ayrı bir tarixdir. Şərəfdir! Bəli, mən Hüseyn Cavidlə Kazım Karabəkir Paşanın dostluğu haqqında oxuyanda qürur hissi keçirdim.  Naxçıvanın taleyini həll edən iki dahi şəxsiyyətin dostluğu. Türk övladları. “ Yaşasın Kazım Karabəkir və Hüseyn Cavid dostluğu”- deyə səslər sanki qulağıma gəldi və daha sonra Kazım Karabəkir Paşa sözə başlayaraq dedi: Əziz və möhtərəm qardaşlar! Mənə söylədiyiniz bu gözəl sözlərə görə hamınıza təşəkkür edirəm. Cənubi Azərbaycanı, Təbrizi, Təbrizli qardaşlarımızı düşmən işğalından qurtardığımıza görə çox xoşbəxtəm. Bu qalibiyyət yalnız mənim deyil, şanlı ordumuzun zəfəridir. Bu zəfər həm də Naxçıvanlı əsgərlərin zəfəridir. Bu sizin hamınızın zəfəridir… Çox sevimlıi Hocam, müəllimim, Türk dünyasının ortaq şairi , möhtərəm Hüseyn cavid Rəsizadə bəy Əfəndiləri ilə yaşıd olmağımla da qürur duyuram. Bəli, bu xoşbəxtlik rəmzidir…” Çıxışından sonra bədahətən şeir söylədi:

Nə qədər xoş təsadüf, nə mutluluq

İkimiz də bir zamanda doğulduq

Şeir, sənət dünyasında ikimiz də şair olduq

Sən ustad bir müəllim, mən isə qorxmaz bir əsgər

Bu millətə, bu vətənə qılınc ilə qələm olduq.

Tədbirdə olan şairlərdən biri də Paşanın şərəfinə, onu tərənnüm edən bir şeir səsləndirdi:

Sən bir əsgər, həm də böyük bir komandan, qəhrəman

Sən bizim üçün Oğuz Kağan, heç yenılməz Alparslan,

Sən həm qılınc, həm də qələm bu millətə, vətənə

Hünərinlə xilas oldu düşmənlərdən Təbriz, Məhənd, Naxçıvan

Gülür indi Anadolu torpağında Ərzurum, Qars, Ardahan

Gülür indi həm güneyli, həm quzeyli, ana yurdum Azərbaycan!

Naxçıvan Türk millətinin Turana açılan şərq qapısıdır. Bu qapıda bir dövlət qurulacaqdır.

  1. Karabəkir Paşa

Muzeydə gəzmək vaxtımız getdikcə azalırdı. İşçiləri narahat etməmək üçün bir az da tələsirdik. Artıq çıxış qapısına doğru yaxınlaşırdıq. Qapı arxadan kilidlənmişdi. Necə açacağımızı bilmirdik. Sirlərlə dolu bir qapı idi. Fürsətdən istifadə edib ətrafa bir də göz gəzdirdim. Məndən olsaydı saatlarla bu evdə gəzib tarixi səhifə səhifə gözümün önündə canlandırardım. Amma…

1919-cu ilin son günləri idi. Yenə də bəd xəbər şəhəri bürümüşdü. Belə ki, imperialist dövlətlər Türkiyə hökumətinə çox ağır və ədalətsiz şərtlərlə bir “ Mütarəkə müqaviləsi” imzalatmışdilar. Bu müqaviləyə görə Türkiyənin Qars, Sarıqamış, Ağrı, Şərqi Anadolunun bir sıra bölgələri və Naxçıvan Araz-Türk Cumhuriyyəti, ona bağlı olan Zəngibasar, Qəmərli, Vedibasar və s. Bölgələr daşnak ermənilərə verilmişdir. Bu ədalətsiz müqavilədən istifadə edən daşnak Ermənistan hökuməti xarici qüvvələrə güvənərək dərhal hücuma keçdi. Ermənilər Türkiyənin o bölgələrini işğal edərək əhalisini vəhşicəsinə qətledib kəndləri talan etdilər və yandırdılar. 1920-ci ilin mart ayında isə Sədərəklə Şəruru işğal edib Şaxtaxta qədər gəldilər. Vəziyyət çox gərgin idi. Vətəni düşmən işğalından qurtarmaq üçün Ərzurumda təcili toplantı keçiridi. Toplantıda Türkiyənin vəziyyəti ilə yanaşı Naxçıvanın müqəddəratı ilə bağlı düşüncələr dilə gətirildi. Burada Mustafa Kamal Paşa “Naxçıvanı düşmən işğalından xilas etmək bizim qardaşlıq borcumuzdur” kimi fikir söyləmişdir.

Zəncir vurulurmu Türkün boynuna

Varlığı fəda olsun vətən yoluna

Tarixin Türk dediyi yılmaz millətiz

Hürr yaşar, hürr ölür, nurlu ümmətiz

Nəhayət, Ermənilər Türk ordusunun nə qədər güçlü olduğunu qəbul etdilər və barış müqaviləsi imzalamağı qərara aldılar. Bu müqavilənın işləri, hazırlanması Kazım Karabəkir Paşaya həvalə olundu. Erməniləri bu dəfə qələmi ilə susduran Paşa Naxçıvanı da unutmadı. 18 maddədən ibarət olan Gümrü Müqaviləsində Naxçıvanın taleyi həll olundu.

  1. Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar bölgə olacaq.
  2. Ermənistan Naxçıvana və onun tərkibindəki torpaqlara qarışmayacaq, təcavüz etməyəcək.
  3. Naxçıvan Müsəlmanları bir daha ermənilərin təcavüzünə-soyqırımına məruz qalarsa Türk Ordusu buna biganə qalmayacaqdır.
  4. Ermənistan bir daha Naxçıvandan və Türkiyədən torpaq iddiası etməyəcəkdir.

Bu müqaviləni 1920-ci il dekabr ayının 2-də Gümrüdə Türkiyə təmsilçi heyətinin başçısı Kazım Karabəkir Paşa Ermənistan təmsilçi heyətinin başçısı Hatisyana imzalatdırmışdır və deyilənə görə A. Hatisyan anlaşmaya imza atarkən dərin bir ah çəkmiş və “ Bəli, Harbort mənə söyləmişdi ki, Türk generalı Kazım Karabəkirin qələmi qılıncından da kəskindir” –deyə etiraf etmişdir.

Bəli onun qələmləri və qılıncları bu günə qədər qorunub saxlanılmışdır. “Amaliya, gəl gedək” deyə bacım səsləndi. Döndüm qapıya tərəf. Beynim çox dumanlı idi. Sanki 100 illik yol qət eləmişdim. Və bu illəri bir birindən ayıran bir qapı vardı. Onu da açmaqda çətinlik çəkirdik. Nəhayət muzeyin işçisi qapını açdı və biz çıxdıq. Qürurla, fəxrlə, başımız uca şəkildə. Türk oğlu,Türk Paşamız! Onun evini nə qədər çox ziyarət etsək, onun haqqında nə qədər yazsaq, onun üçün nə qədər fatihə oxusaq yetməz. Dünya durduqca biz ona minnətdarıq!

“Bəlli bir məzarın olması da insan üçün səadətdir” deyən Paşamız  26 yanvar 1948-ci ildə vəfat etmişdir. 25 aprel və 30 oktyabr 1920-ci ildəki hər iki Qurtuluş günündə Qars Qalasına çəkdirdiyi atlasdan şanlı Türk bayrağı, vəsiyyətinə görə evindən götürülərək tabutunun üzərinə qoyulmuşdur. Ilk məzarı Ankara Hava şəhidliyində olmuş və üzərində “ Şərq fatehi, General, Kazım Karabəkir 1882-1948, Hökumət Hərəkatları, Balkan və Dünya müharibəsinin unudulmaz qəhrəmanı, Milli Mübarizənin Öndəri və Müzəffər Komandiri, Yetimlər Atası, B.M. Məclisi Sədri Ruhuna Fatihə” yazılmışdır. 6 noyabr 1981-ci ildə 12 sentyabr 1980-ci il Qiyamının Milli Şurası tərəfindən çıxardılan 2549 saylı qanuna görə Kazım Karabəkir Paşanın qəbri “Dövlət Məzarlığı”na köçürülmüşdür.    Bir gün yolunuz İstanbuldan keçərsə mütləq Paşamızın ev muzeyini ziyarət edin. Inanki siz də mən keçirdiyim hissləri keçirdəcəksiniz. Bir də Lətif Hüseynzadənin “Araz şahiddir” kitabını oxuyun. Mən isə yolum Ankaraya düşərsə məzarını ziyarət edib bir fatihə oxuyaram. Yazdığı şeirdə vəsiyyət etdiyi kimi…

Bir məzar daşı…

Yolçu!

Gəl! Bir neçə dəqiqə yolundan qal

Bir fatihə oxu!

Böyük savab al!

Məğrurlanaraq həddini aşma

Yalandan çəkin, doğrudan şaşma

Mən sağlığımda sırf  haqqa tapindim.

Taqətim qədər xeyirxahlıq etdim

Hər bir işimdə namusumu andım

Alın təriylə həyat qazandım

Ah… Daşıyırsansa girmə məzara!

Cəza böyükdür zalım, qəddara

Qorxma… əgər açıqsa alnın

Torpağın altı üstündən aydın.

Kazım Karabəkir

Paylaş: