C. Sen 20th, 2019

Böyüklər uşaqlara yaxşı nümunə ola bilmirlər…

Bəxtiyar Səlimov

Nəsillər arasında qarşıdurma həmişə olub. Ədəbiyyatda bunun ən gözəl örnəyini böyük rus yazıçısı İvan Turgenev yaradıb. Atalar və oğullar arasındakı konfliktin tarixi bəşəriyyətin yaşı ilə ölçülür…

İctimai nəqliyyatda yaşlı insanların dilindən tez-tez bu məzmunda giley-güzar eşitmək mümkündür: “İndiki gənclər ağ ediblər. Nə böyüyə yer verirlər, nə kiçiyə. Biz cavan olanda avtobusda, metroda oturmağı ağlımızın ucundan belə keçirmirdik”.

Əmin olun ki, gənclik illərində öz dövrünün qocaları da onları bəyənməyiblər. Heç şübhəsiz ki, indiki gənclər də öz xələflərini bəyənməyəcəklər. Yüz il də bundan sonra insanlar öz gənclik illərindən nostalji hislərlə bəhs edəcəklər. Dünya fırlanır, çaylar öz yatağını dəyişir, insan xatakteri isə dəyişməz olaraq qalır, nəsildən-nəsilə ötürülür…

Bu yaxınlarda yerli mətbuatda bir məqalə oxudum. Ata övladlarının qulağı eşidə-eşidə hər gün həyat yoldaşına “eşşək” deyir, sonra isə azyaşlı oğluna tərəf dönüb, ondan Azərbaycana “Nobel” gətirməyi tələb edir.

Uşaqlarda elmə marağı aşağı siniflərdə formalaşdırmaq lazımdır. Bu vəzifəni məktəbin belinə yükləyib, kənara çəkilmək olmaz. Məktəb-valideyn həmrəyliyi təmin olunmalıdır. Müəllimin məktəbdə gördüyü işi evdə valideyn davam etdirməlidir. Təəssüf ki, bu sahədə ciddi problem var. Valideyn düşük seriallara baxmağa vaxt tapır, amma uşağının ev tapşırıqlarını nəzərdən keçirməyə “vaxt tapmır”…

Uşaq, yeniyetmə və gənclər arasında bədii ədəbiyyata maraq çox aşağıdır. Ölkəmizdə uşaq ədəbiyyatı zəif inkişaf edib. Uşaqlar üçün nəşr olunan kitablar 300-500 nüsxədən artıq satılmır. Evlərin çoxunda kitabxana yoxdur. Valideynlərin əksəriyyəti dərsliklər istisna olmaqla uşaqlarına kitab almağı “lazımsız iş” hesab edirlər. Ədəbiyyatın təbliği istiqamətində həyata keçirilən layihələr gözlənilən effekti vermir.

Uşağı maddi cəhətdən təmin etmək valideynin əsas vəzifəsidir. Amma bununla iş bitmir. Valideyn həm də uşağın dünyagörüşünün zənginləşməsinin, mənəvi cəhətdən kamilləşməsinin qeydinə qalmalıdır. Valideyn öz əxlaqı, öz həyat tərzi ilə övladına yaxşı nümunə olmalıdır. Spirtli içkilərə aludəçilik, pis vərdişlərdən asılılıq valideyni uşağın gözündən salır. Bu azmış kimi, ailədaxili münaqişə, məişət zorakılığı da uşaqların tərbiyəsinə mənfi təsir göstərir.

İnsanın öz övladlarıyla bağlı arzularının sərhədi olmur. Amma arzulamaq azdır, həm də yaxşı nümunə olmaq lazımdır. Övladından 700 bal tələb edən valideynin özü də heç olmasa, həftədə 7 səhifə kitab oxumalıdır…

Paylaş: