Ç. Noy 20th, 2019

“Relax” qardaşım oğlunun adınadır” – Deputat İqbal Məmmədovdan “təəssüf dolu” AÇIQLAMA

Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

Turkustan.info “Report”a istinadla xəbər verir ki, deputat həmin istirahət mərkəzinin təsisçisi və rəhbərinin onun qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğlu olduğunu bildirib:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqidm olunması təmin ediləcək.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.

Qeyd edək ki, iş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: