Ca. Dek 5th, 2019

Rüstəm Behrudi: “Mən onların istedadına inanıram”

Bildiyimiz kimi, son günlər ölkə mətbuatında eləcə də ictimaiyyət arasında müzakirələrə, polemikalara səbəb olan mövzulardan biri də AYB-nin XIII qurultayı və bu qurultayda gənc yazarlardan AYB-nin üzvləri, Prezident təqaüdçüləri Emil Rasimoğlu, Tural Turan və Fuad Cəfərlinin namizədliyini verəcəyini açıqlamasıdır.

Tanınmış şair Rüstəm Behrudi “Yeni müsavat”a açıqlamasında bununla bağlı öz fikirlərini bölüşüb. Şair Xalq yazıçısı Anarın ədəbiyyatımızda xüsusi yerinin olmasını qeyd etsə də onu gənclərə qarşı münasibətdə qınayıb: “Anar mənim hər zaman hörmət etdiyim yazıçı olub. Məsələn, onun “Otel otağı” əsərini hər zaman sevə-sevə oxumuşam. Düşünürəm ki, əgər Anar olmasaydı, Azərbaycan ədəbiyyatının bir səhifəsi ağ olardı, bunu qətiyyətlə deyirəm. Amma bu ona bəraət vermir ki, gənc yazıçılar barəsində o sözləri desin. Son açıqlamalarını Anara yaraşdırmadım. Düşünürəm ki, Mirzə İbrahimov AYB-nin sədri olduğu dövrdə Anar indi o gənclərin haqqında düşündüyünü İbrahimov haqqında düşünüb. Onun bu yaşda AYB-ə sədr olmasına ehtiyac yoxdur. Çox xoşluqla, hörmətlə həmin kreslonu gənc yazıçılara verib, getmək olar”.

Rüstəm Behrudi digər fikirlərində Azərbaycan ədəbiyyatında istedadlı gənc nəslin yetişməsindən söz açıb. Şair xüsusən də qurultayda namizədliyini irəli sürəcəyini açıqlayan gənclərin istedadlı olmağını qeyd edərək gənc kadrların özündən əvvəlki nəsllə əvəzlənməsini vurğulayıb: “Hazırda Azərbaycan ədəbiyyatına çox güclü nəsil gəlir. Doğrudur, onlar özlərini indi təsdiq edə bilmir, kifayət qədər tanınmır, amma çox istedadlıdırlar. İndi AYB sədrliyinə namizədliyini irəli sürən yazıçıların bir neçə kitabına ön söz yazmışam. Və mən onların istedadına inanıram. Nəsillər dəyişən kimi kresloların da sahibləri dəyişməlidir”.

Paylaş: