Şb. Dek 7th, 2019

Keçmiş prezidentin qızına qarşı yeni ittihamlar irəli sürüldü

Özbəkistanın Baş Prokurorluğu mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni cinayət işləri açıb. Bu dəfə o, dövlət vəsaitini mənimsəməkdə, ölkə maraqlarına zidd olan müqavilələr imzalamaqda ittiham edilir. Bu barədə Baş Prokurorluğa istinadla “DW” portalı xəbər verir.

Qurum dəqiqləşdirib ki, cinayət işlərinin açılmasına “beynəlxalq şirkətlərdən daxil olan informasiya, həmçinin vətəndaşların bəyanatı əsasında toplanan materiallar” səbəb olub. “Interfaks” informasiya agentliyinin məlumatına əsasən, “beynəlxalq şirkət” deyəndə beynəlxalq “White and Case” hüquq kontoru nəzərdə tutulur.

İstintaqın məlumatına görə, Gülnarə Kərimova başqa şəxslərlə əlbir olub, dövlətə məxsus “Kuvasaysement” və “Bekabadsement” səhmdar cəmiyyətinin səhmlərini aşağı qiymətə alıb, sonra həmin şirkətləri xarici sahibkarlara satıb. Eyni zamanda sənəddə qeyd edilir ki, Kərimova respublikanın maraqlarına ziyan vuran şirkətlərin qanunsuz fəaliyyətinə himayədarlıq edib.

Bundan başqa, məlum olub ki, mərhum prezidentin qızı müxtəlif şirkətlərin sahiblərinə və vətəndaşlarına güc tətbiq edərək onları öz mülklərini ona məxsus şirkətə satmağa məcbur edib. Bu işlərlə bağlı istintaq hələ başa çatmadığı üçün prokurorluğun nümayəndələri ətraflı məlumat verə bilməyib.

Qeyd edək ki, 2013-cü ilin oktyabrında Gülnarə Kərimovaya qarşı mütəşəkkil cinayətkar qrupda iştirakı ilə əlaqədar cinayət işi qaldırılıb. O, 2015-ci ilin avqustunda dələduzluq və vergidən yayınmağa görə beş il müddətinə azadlıqdan məhrum edilib.

Baş prokurorluq 2017-ci ildə Kərimovaya qarşı ümumi 2 milyard dollar dəyərində iqtisadi cinayət əməlləri ilə əlaqədar bir neçə cinayət işi üzrə araşdırmanın davam etdiyini bildirib. Nəticədə Özbəkistan 12 ölkədə, o cümlədən Rusiyada ümumi 1,5 milyard dollarlıq aktivin həbsini başladıb.

Elə həmin ilin dekabr ayında Kərimovanı 10 il müddətinə azadlıqdan məhrum ediblər. Lakin sonradan Daşkənd məhkəməsi həbs cəzasını ev dustaqlığı ilə əvəzləyib. Kərimovanın beş il müddətinə internet və başqa rabitə vasitələrindən istifadəsi qadağan edilib. Bundan başqa, keçmiş prezidentin qızının adı ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya siyahısına salınıb.

Bir neçə ay sonra Kərimova bu tələbləri pozduğu üçün cari ilin mart ayında Daşkəndin cinayət məsələləri üzrə Yaşnabad Rayon Məhkəməsi onun ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verib.

Paylaş: