Ça. Sen 17th, 2019

“AYB-dən təhdidlər almışam” – Fuad Cəfərli

13-cü qurultay öncəsi AYB sədrliyinə namizəd şair Fuad Cəfərli üzvü olduğu qurumla aralarında baş verən “soyuq savaşdan” danışıb. Hətta namizədlik və bu kimi məsələlərlə bağlı Azərbaycan Yazıçılar Birliyindən təhdidlər aldığını söyləyib. Gənc qələm dostlarının son proseslərdə susqunluğuna toxunub.

 

– Fuad bəy, namizədliyinizi irəli sürərkən AYB-dən bu qədər sərt təpki görəcəyinizi düşünmüşdünüzmü?

– Açığını desəm, əksinə, xoş məram, hətta sevinəcəklərini gözləyirdim. Amma heyf ki, belə olmadı. Gözləmədiyim halda həddən çox sərt təpki gəldi. Bunun səbəbini indi də anlamıram. Namizəd olmaq üçün mənim və həmkarlarımın hüquqi icazəsi olduğu halda, bunca polemikanın nəyin və ya kimin xeyrinə işələdiyini bilmirəm. Mən gənclərə qucaq açaçaqlarını düşünürdü. Daha Anar müəllimin “üçü birdən sədr olar” – deyə bizi məsxərəyə qoymağını deyil. Yəni, o ifadə yerində olan söz deyildi. Bilirsiniz, biz nəvələri yaşındayıq. Mən və həmkarlarım hər zaman Anar müəllimə böyük hörmətlə yanaşmışıq. Hətta Anar müəllimin məlum müsahibəsindən əvvəl aldıqları açıqlamamda Anar müəllimin namizədlik hüququna hörmət elədiyimi və hər kəsin buna qeyd-şərtsiz hörmət eləməyə borclu olduğunu səsləndirmişdim. Axı, biz demokratik dövlətdə yaşayırıq. Və mən demokratik dövlətin Yazıçılar Birliyinin öz üzvlərinin namizədlik hüququna hörmət eləməsinin tərəfdarıyam.

– Çox gözəl, demokratiya deyirsiniz bəs Anar müəllimin səsləndirdiyi varislik məsələsinə necə baxırsınız?

– AYB kimsənin şəxsi mülkiyyəti deyil. AYB seçkili orqandır və onun qanunları var. Anar müəllim sadəcə təklif verə bilər. Bir də ki, o varis elə biz özümüzük – gənclər… Necə ki, bizdən əvvəlki nəsil özlərindən qabaqkı nəslin varisləriydi.

– Yazıçı Elçin Hüseynbəylinin “gənclər özünü ifadə edə bilmir” fikrinə münasibətiniz necədir? Doğrudanmı yaşlı nəsil gəncləri başa düşməkdə çətinlik çəkir?

– Müsahibəni diqqətlə oxudum. Gənclər şurasının üzvü kimi ilk hüquqi bazanın və namizədləri topa tutmağın yersiz olduğunu qeyd elədiyi üçün dəyərli yazıçımıza təşəkkür edirəm.

Xeyr, çətinlik çəkmirlər, bizi anlayırlar, sadəcə, gəncliyi qəbul etmək istəmirlər. Əgər belə olmasaydı indi siz mənə bu sualı verməzdiniz.

Bilirsiniz, bu gün ölkəmiz ən yüksək məqamlarda gənclər siyasətinin hansı miqyasda həyata keçirldiyinin və necə xoş məramla qarşılandığının şahidi olur. Bunu son vaxtlar həyata keçirilən kadr siyasətində görmək olar.

“Gənclər fikirlərini düzgün ifadə edə bilmir” – ifadəsini oxuyanda ali qanunlar toplusu yadıma düşdü. Yəqin ki, bilirsiniz 2016- cı ildə keçirilən referondumunda seçilmək hüququ neçə yaş həddinə salnıdı. Bunu da qoyuram kənara, əgər dövlət 18 yaşına çatmış vətandaşına güvənməsəydi, onu və ya onları sərhədini qorumağa göndərməzdi. Axı vətən sərhəddən başladığı kimi həm də sərhəddə də bitir ya da bitə bilər…

Mənim və həmkarlarım isə üçüncü on illiyi yaşayır.

Adını deməyəcəyəm, bir müsahibədə bizi xalqa, hakimiyyətə düşmən kimi təqdim eləmək cəhdini gördüm. Bu mənə həddən ziyadə pis təsir elədi. Burdan sizə sual verirəm Yazıçılar Birliynə Namizəd olmaq hüququndan istifadə eləmək xainlikdir, namərdlikdir? Əgər elə idisə o nizamnamə niyə indiyə qədər öz hüquqi qüvvəsini itirməyib?!.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları mən gəncliyin yanındayam -deyir və həmin fikrə istinadla mən Cəfərli Fuad AYB-yə sual verirəm bəs siz kimin yanındasınız?

Əgər Prezidentin, gəncliyin yanındadırlarsa, mənim və digər həmkarlarımın namizədliklərini qəbul edəcəklər.

Yox əks fikirdədilərsə qəbul etməyəcəklər.

– Namizədliyinizin qeydə alınmaması halı mümkündürmü, bunun üçün AYB-nin əlində hər hansı hüquqi rıçaklar varmı?

– Xeyr, yoxdur. Lakin buna baxmayaraq, yaxın ay və ya aylarda haqqımızda tədbirlər görəcəkəriylə bağlı təhdidlər almışam. AYB- dən yalnız üzvlər təhqir, şərləmə olduğu halda xaric olunur. Mən də bunun heç birini etməmişəm. Namizədliyimin qarşısı AYB-dən, Gənclər Şurasından çıxarmaqla, ya da adı çəkilən şurada olduğum halda mənim adımı qurultaya salmamaqla alına bilər..

Ancaq mən buradan hamıya bir daha ən yüksək mərtəbələrdə öz hüququmu sivil yolla sona qədər tələb edəcəyimi bildirmək istəyirəm.

– Seçki platformanızda nələr var?

– Məncə platforma haqqında namizədliyimiz qeydə alınandan sonra danışsaq yaxşıdır. Amma yənə də istəyirsinizsə ümumi tezislərdən ikisini deyim. Ədəbiyyatımızın ilkin olaraq dünyaya çıxışı və daxildə bu gün büdrəyən sahələrə xüsusi diqqət yetirmək…

– Sizi öz ədəbi nəsildaşlarınız da sanki az dəstəklədi. Səbəbi nədir? Platformanızı açıqlamamış onları susmağa və ya qarşı tərəfin mövqeyini müdafiə etməyə nə təhrik etdi?

– Gözəl sualdır, ancaq təəssüf ki, cavabı məndə deyil. Yoxsa böyük məmnuniyyətlə cavablandırardım .

Çoxu gözləmə mövqeyini, az hissəsi əks mövqeyi, bəziləri isə prosesə qoşulmamanı seçir. Mən istənilən halda onları anlayıram və bilirəm ki, buradan nə desəm qəlblərinə dəyəcək. Ona görə onlar kimi mən də cavabını bilmədiyim suallar haqqında nəsə deməyə nəsə deməyə çətinlik çəkirəm.

– Namizədliyiniz qeydə alınarsa, seçilmək şansınızı necə qiymətləndirərdiniz?

– Bu sual seçkiyə günlər qalmış verilsə cavabı daha dəqiq deyərdim. Hələ platformamı təqdim eləməmişəm, piar işləri görülməyib, amma yenə də buna baxmayaraq, şansımı az qiymətləndirmirəm.

– Xalq artistləri, məşhur şairlər, ictimaiyyət nümayəndələri də sizi dəstəklədi. Bəs bunun məntiqi yekunu necə olacaq?

-Çox maraqlıdır ki gözləmədiyim hadisələrlə qarşılaşıram. AYB- dən xoş məram gözləyirdim, olmadı. Qələm dostlarımız susanda korifey sənətkarlarımız məsələyə biganə qalmadı. Və münasibəti eşidəndə isə içimdən yalnız onlara təşəkkür eləmək keçdi. Buradan korifey sənətkarlarımıza təşəkkür edirəm. Onlar sözün gözəl mənasında mədəniyyətimizə saysız gözəl töfhələr vemiş sərvətimizdir. Tanınmış şairlərimizin müsahibəsini, dəstəyini görəndə qürur hissi keçirdim. Hələ ictimaiyyət nümayəndələrini demirəm. Çox sağ olsunlar ki, gəncliyə dəstək olurlar.

Məntiqi yekuna qaldıqda isə bir daha yuxarıda qeyd elədiyim fikrə qayıdıram. Əgər AYB rəhbərliyi Prezidentin, gəncliyin yanındadırlarsa, Xalq artistlərinin, məşhur şairlərin, ictimaiyyət nümayəndələrinin dəstəyinə hörmət və sevgi ilə yanaşıb namizədliyimizi qeydə alacaqlar.

İcazənizlə, gəlin bu müsahibəni fərqli edək. Sonda müsahibin cavabı ilə yox sualıyla bitirək.

Dmitri Kravçukun Rusiya Yazıçılar Birliyinə sədr seçilərkən neçə yaşında olduğundan xəbəriniz varmı?..

Türkay Məmmədzadə

Paylaş: