C. Noy 15th, 2019

Evlərini kirayə verənlər nə qədər vergi ödəməlidirlər? – Nazirlikdən açıqlama

Yeni dərs ilinin başlanması ərəfəsində kirayə mənzil bazarında canlanma yaranıb. Əmlak ekspertləri artıq Bakının bəzi ərazilərində mövsümlə əlaqədar kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər. Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Bəs şəxsi evini kirayəyə verən vətəndaş qeydiyyata alındıqdan sonra nə qədər vergi ödəməlidir?

Türküstan.info fed.az-a istinadən xəbər verir ki, Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. Bu məqam Vergi Məcəlləsinin 99.3-cü maddəsində əksini tapıb. Məcəllənin 124-cü maddəsində isə göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna edilməklə) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Paylaş: