Ça. Sen 17th, 2019

Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı

Deputat Fazil Müstafa son bir sutkada sosial şəbəkələrdə qınaq obyektinə çevrilən politoloq Qabil Hüseynlinin müdafiəsinə qalxıb.

Turkustan.info xəbər verir ki, deputat öncə Qabil Hüseynlinin ötən gün olan müraciətini xatırladıb:

“Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”.

Fazil Mustafa daha sonra yazır:

“Son 24 saatda sosial şəbəkədə ən çox müzakirə olunan, bir çox hallarda şəhid pilotun qayınatası Qabil Hüseynlini qınaq obyektinə çevirən müraciətin mətni. Əslində qınaq obyektinə Qabil Hüseynli deyil, Azərbaycan jurnalistikası və sadə bir mətni çözə bilmədən qəzəb püskürən minlərlə diplomlu-diplomsuz adam çevrilməliydi. Əgər bu cür mətnin başlığana çıxarsan ki, “müxalifət bu dəfnə qatılmasın!” o halda insanlar haqlı olaraq adamı hədəf götürə bilərdilər. Çünki belə bir çağırış bölücülük deməkdir və mənəvi baxımdan yolverilməz sayılmalıdır. İlk öncə araşdırmaq lazım ki, bu cür başlığı kim sırıyıb mətn oxuyub anlamayan, sadəcə başlığa baxıb fikir bildirən cəmiyyətə? Axı bu müraciətin mətnində “müxalifət” sözü qeyd olunmur, hətta sətiraltı müxalifətin nəzərdə tutulduğu düşünülsə belə, kiminsə fərd olaraq dəfnə qatılmasını məhdudlaşdıran hansısa çağırış yoxdur! “Müəyyən siyasi partiyalarıın və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident götürmək” ifadəsini “səmimi olmayan niyyətlə mərasimə qatılmaq istəyən şəxslərdən xahiş edirik ki, vida mərasiminə qatılmasınlar” ifadəsi ilə əvəz etsək bir məna dəyişikliyi baş verməz ki? Şəhid bütün millətindir, buyurun fərdi qardada öz kimliyinizlə, yəni qrup və ya partiya kimliyinizlə deyil məhz öz vətəndaş kimliyinizlə mərasimə qatılaydınız, kimsə buna görə sizi qınasaydı, o halda bu davranışı səviyyəsiz davranış olaraq dəyərləndirə bilərdiniz. Yəni Qabil Hüseynlinin müraciətində konkret olaraq müxalifətin qatılmamasını ehtiva edən mənanı mən tapa bilmədim. O halda ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz? Əslində bu vida mərasimində ən böyük anormallıq media təmsilçilərinin mərasimi sərbəst şəkildə işıqlandırmağa yaradılan əngəl idi. Bu məmləkətdə bir şəhidin vida törəninin işıqlandırlmasına hansı ağılla əngəl yaradılıb, anlaşılmayan budur”.  /Modern.az/

Paylaş: