Şb. Dek 7th, 2019

MiQ-29 qəzası: şəhid pilotumuz ətrafında aparılan kampaniyanı kimlər sifariş verib? – ŞƏRH

“Son dövrlər təəssüf ki, Silahlı Qüvvələrimiz və onun rəhbərliyi haqqında yalan informasiyalar yayılır, ordu haqqında yanlış ictimai rəy formalaşdırılmağa cəhdlər müşahidə olunur. Sərhəddəki hadisələr, Tərtər xəyanətkarları haqqında eyni şeyi etdilər, indi də şəhid pilotumuzla bağlı edirlər. Bu, Ermənistan xüsusi xidmət orqanlarının, xarici qüvvələrin tapşırığı əsasında aparılan kampaniyadır”.

Bu barədə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında Müdafiə Nazirliyinin rəsmi açıqlaması ətrafında aparılan kampaniyaya münasibət bildirərkən deyib.

Hərbi ekspert qeyd edib ki, Müdafiə Nazirliyi MiQ-29 təyyarəsinin qəzaaya uğramasının səbəbini açıqladı: “Kimlərsə hansısa ittihamlar irəli sürür, lakin dünyanın heç bir ölkəsi – ABŞ, Fransa, Rusiya və digərləri belə hadisələrdən sığortalanmayıb, o cümlədən Azərbaycan. Eyni zmanda şəhid pilotumuz dəfn edilən vaxt məsələni siyasiləşdirməyə cəhdlər müşahidə olundu. Bu, doğru deyil. Ordu hamımızındır, necə ola bilər ki, bayrağı, dövləti sevəsən, amma ordunu sevməyəsən. Azərbaycan Ordusunun rəhbərliyini gözdən salmaq istəyənlər var. “Aprel müharibəsi”ndə ordumuz düşmənə elə bir zərbə vurub ki, Ermənistan hələ də qorxu içindədir və onlar anlayırlar ki, Azərbaycan əsgəri ilə bir də üz-üzə gəlmək, sonları olacaq. Buna görə də ordumuz haqqında mənfi fikirlərin tirajlanmasında maraqlıdırlar. Bəzi vətəndaşlarımız var ki, onlar bilməyərəkdən bu kampaniyaya qoşulurlar, lakin bu kampaniyanı başlayanlar erməni xüsusi xidmət orqanlarının, anti-Azərbaycan dairələrin tapşırığını yerinə yetirilər”.

E.Həsənli qeyd edib ki, Azərbaycan dövləti şəhid pilotumuzun Vətən qarşısında xidmətlərini heç vaxt unutmayacaq.

“Xalq olaraq şəhidimizə Allahdan rəhmət diləyirik. Bu gün onun ruhunu incidən kampaniyaların aparılmasını qəti şəkildə pisləyirik. Hər kəs bilsin ki, könül bulandıran iddiaların ortaya atılması, hadisə ətrafında yanlış rəyin formalaşdırılması ilk növbədə şəhidimizin döyüş yoldaşlarını, Azərbaycan Ordusunu məyus edir”, – deyə hərbi ekspert vurğulayıb. (publika.az)

Paylaş: