C. Sen 20th, 2019

“Bizim mütəxəsislər də dəvət edilmişdi” — MiQ-29-un quş sürüsü ilə toqquşması açıqlamasına türk general-pilotdan REAKSİYA

Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısının qəzaya uğramasından danışıb. 

Türkiyəli general  sözügedən qəza ilə bağlı məlumatlı olduğunu bildirib.

Kürşat Atılgan deyib ki, MiQ-29 təyyarəsi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyildiyi kimi, quş sürüsü ilə toqquşub:

“Bu gün dünyada həm sərnişin, həm də hərbi təyyarələrin motorlarına quş sürüsünün daxil olması təhdidlıəri ilə bağlı problemlər mövcuddur. Bu problem təkcə Azərbaycanda deyil, Türkiyədə də var. Zaman-zaman Türkiyəyə məxsus hərbi təyyarələr də quş sürüsü ilə toqquşaraq, ağır qəzalara uğrayıblar. Adətən, hərbi təyyarələr alçaq məsafədən uçarkən quş sürüsü ilə toqquşa bilir. Onun üçün də hərbi pilotlar bu cür təhdidlərlə üzləşməmək üçün quş sürüsünə diqqət edərlər. Quş sürüsü ilə toqquşan hərbi təyyarələrdə pilotların sağ qalmaq şansları çox aşağı olur. Əgər havada uçan leylək sürüsü hərbi təyyarəyə çırpılarsa, həmin təyyarənin qəzadan xilas olmaq şansları çox aşağıdır. Bunun üçün də hesab edirəm ki, Azərbaycan ictimaiyyəti qəzanın səbəbləri ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatlara tam inanmalı və etibar etməlidir. Çünki Müdafiə Nazirliyi başqa səbəblər olduğu təqdirdə onu əsla gizlədə bilməz. Bunu gizlətmək belə mümkün deyil”.

Türkiyəli general əlavə edib ki, əgər MiQ-29 təyyarəsi Rusiya tərəfindən sıradan çıxarılsaydı, bunu Azərbaycan Müdafiə Nazirliyi əsla gizlətməzdi:

“Sözügedən təyyarənin və pilotun tapılması üçün Türkiyədən də mütəxəsislər dəvət edilmişdi. Yəni, axtarış işləri Türkiyədən olan mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Onun üçün də Azərbaycan ictimaiyyəti Müdafiə Nazirliyinin yaydığı məlumatların dəqiqliyinə tam əmin ola bilər. Burada başqa şübhələr axtarmağa qətiyyən ehtiyac yoxdur”.  (demokrat.az)

Paylaş: