Be. Sen 16th, 2019

Dünyanı onlar idarə edir: Prezidentlərin sözsüz mesajları

Son günlər beynəlxalq siyasi arenanın qarışıq olduğu məqamda dünya liderlərinin bir-birinə qarşı istifadə etdiyi jestlər də medianın gündəmini zəbt edir.

Bəzən ünsiyyət zamanı məlumatın çoxu qarşı tərəfə jest və mimikaların köməyi ilə çatdırılır. Amma bu jestlər adi həyatda deyil, siyasi arenada böyük mənalar kəsb edir. Yəni böyük siyasətçilərin, hətta jestləri də maraq və heyrət doğurur. Bu jestlər sanki onların identifikasiya kartıdır.

Dünya liderlərinin bədən dilləri onların hadisələrə olan münasibətini qiymətləndirən ən dürüst vasitədir. Bəzən ikili standartların arxa pərdəsi elə mimikalarda, jestlərdə özünü büruzə verir. Dünyada jestləri, əl hərəkətləri ilə qalmaqallara səbəb olan çoxlu sayda liderlər olub.

Məsələn, siyasi liderlərin ən çox istifadə etdiyi hərəkətlərdən biri yüksək tavan hərəkətidir. Bu davranışı Almaniya kansleri Angela Merkel daha çox istifadə etdiyindən onu “Merkel üçbucağı” da adlandırırlar.

Mənası “mən bu mövzunu tam bilirəm”, “hakimiyyət və iqtidar sahibiyəm”, “istənilən sualınıza cavab verməyə hazıram” deməkdir. Əgər şəxs həqiqətən işinin peşəkarıdırsa, bu hərəkətdən çıxışa başlamazdan öncə istifadə etməsi ona üstünlük qazandırır.

Siyasətdə güclü tərəfin qarşı tərəfə meydan oxumaq üçün ən çox istifadə etdiyi hərəkətlərdən biri isə ayağın ayaq üstünə atılmasıdır. Əgər qarşı tərəf zəifliyini qəbul edirsə, onun oturma şəklində heç bir dəyişiklik baş vermir. Ancaq bu heç də həmişə belə olmur. 2015-ci il “G-20” Zirvə görüşündə ABŞ Prezidenti Barak Obama ilə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı liderin meydan oxumaq hərəkətinə eynilə cavab verir.

Yəqin bundan sonra qarşı tərəf də artıq onunla nələrin danışılıb nələrin danışılmayacağını daha yaxşı dərk edir.

Bəzən də elə olur ki, liderlər hansısa görüşdə suallar qarşısında çıxılmaz vəziyyətə düşürlər. Bunu dillə ifadə etməsələr də hərəkətləri ilə özlərindən asılı olmadan biruzə vermiş olurlar. Bu hərəkətlərdən biri də orta barmaqla alnın ortasını qaşıyan kimi göstərməkdir. Bədən dili ekspertləri bildirirlər ki, Rusiya Prezidenti Vladimir Putinin düşdüyü bu vəziyyətdə o öz dediklərinə belə inanmır və növbəti həmlənin nədən ibarət olduğunu müəyyən etmək üçün bu hərəkəti etməklə vaxt qazanır.

Prezidentlər bəzən görüşlərdə bir-birinə duyduqları inam və etimadı da öz hərəkətləri ilə nümayiş etdirirlər. Bunlardan biri də sağ əllə görüşən zaman sol əlin qarşı tərəfin sol dirsəyinə yaxın hissədən tutulmasıdır. Bu qarşı tərəfə sənə inanıram, etibar edirəm və bu hissimdə səmimiyəm mesajını verir.

Bəzən də adi bir əl görüşməsi bütün dünya mediasının diqqətini “niyə belə etdi görəsən?” sualına cavab tapmağa yönəldir. Belə ki, hər zaman digər siyasi liderlərlə əllə görüşən zaman əlini yuxarıda saxlayan ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə əlini aşağıda tutması dünya mediasının gündəminə çevrilmişdi.

Hər kəs Trampın Putinə bu güzəştinin səbəbini anlamağa çalışırdı.

Liderlərin tribunada nitq söyləyərkən iki əlini də yana açmasını mütəxəssislər “Mən hər cür reaksiyaya və mübarizəyə hazıram” mesajı verməsi kimi şərh edirlər.

Bəzən isə liderlər kütlənin diqqətini özlərinə daha çox çəkmək üçün jestlər edirlər. Bunlardan biri və ən təsirlisi isə “Obama şarı” adlanan əllərin yumru nəyisə qucaqlayan kimi saxlanmasıdır.

Bu hərəkəti ən yaxşı ABŞ-ın sabiq Prezidenti Barak Obama etdiyinə görə, elə hərəkətin adı da onunla bir çəkilir. Bu hərəkətin ifadə etdiyi məna budur ki, danışan şəxsin özünə inamı tamdır, kütləyə güvən verir, onların diqqətini üzərinə çəkir və onları hansısa məsələdə inandırmağa hazırdır. Barak Obamanın 2009-cu ildə qazandığı prezident seçkilərini məhz şüuraltına bu hərəkətlə təsir edərək əldə etdiyi qeyd olunurdu.

Liderlərin çıxışı zamanı sərt baxışlarla 4 marmağını qatlayaraq yalnız işarət barmaqlarını qaldırması qarşı tərəfi təhdid etməsi anlamına gəlir.

Bəzən liderlərin əl görüşməsində öz güclərini və üstünlüklərini bir-birlərinə nümayiş etdirmək üçün ya əllərini sıxar, ya da qarşı tərəfin əlini özünə tərəf çəkməsi ictimaiyyətin diqqətindən qaçmır. Bu xüsusiyyətləri ilə ən çox ABŞ-ın indiki Prezidenti Donald Tramp diqqət çəkir. Belə ki, ABŞ prezidentinin ilk dəfə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronla görüşü zamanı əllərini sıxması uzun sürüb. Brüssel sammitindən əvvəl görüşən liderlərin barmaqları belə ağarmağa başlayıb.

Tramp əlini çəkməyə çalışsa da, Makron geri çəkilməyib. Fransa lideri bir neçə saniyə daha Trampın əlini sıxmaqda davam edib. Liderlərin dişlərini qıcadıqları müşahidə edilib. D.Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əl görüşməsi zamanı onun əlini öz tərəfinə çəkmək istəyir. Lakin bu vəziyyətə hazırlıqlı olan Türkiyə Prezidenti D.Trampın düşündüyü hərəkətin əksini edərək onun əlini öz tərəfinə çəkir.

Digər bir siyasi mesaj isə liderlərin qucaqlaşmasıdır. Ankara terrorunun ardınca Azərbaycan Prezidentinin Türkiyəyə səfəri hər iki ölkənin mediasında geniş işıqlandırıldı. İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə istifadə etdiyi jestlər, bir-biriləri ilə qucaqlaşıb, iki əllə görüşmələri Azərbaycanın daim Türkiyənin yanında olması və səmimi münasibətlərin olduğuna işarə kimi başa düşüldü.

ABŞ-ın sabiq Prezidenti Barak Obamanın 88 ildən sonra Kubaya səfəri və səfər çərçivəsində həmkarı Raul Kastro ilə görüşü dünyanın diqqət mərkəzinə çevrildi. Görüşdə Kastro Obamanı çiyninə toxunmasına icazə verməməsi sosial şəbəkələr də daxil olmaqla çox müzakirə edildi. Raul Kastro Obamanın bu hərəkətinə onun əlini tutub yuxarı qaldırmaqla cavab verdi. Təhlilçilər hesab edir ki, bu, ABŞ-la Kuba arasında heç də səmimi əlaqələrin hökm sürmədiyinə mesaj oldu.

Liderlərin ən çox diqqət çəkən ortaq jesti isə “Brilyant güc” adlanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Kansleri Angela Merkel, Fransanın sabiq Prezidenti Nikola Sarkozi, Rusiyanın Baş naziri Dmitri Medvedyev bu jestdən tez-tez istifadə edib. İki əl barmaqlarının tək-tək bir-birinə toxundurulması ilə brilyanta bənzəyən bir görüntü yaradan bu jesti bədən dili mütəxəssisi Sapına Mühlische belə açıqlayıb: “Özünə inam əlaməti olan bu jest ilə liderlər bir tərəfdən enerjilərini rəqiblərinə yönəldirlər,digər tərəfdən duyğularına nəzarət edə bilirlər”. 

Sonda bir maraqlı məqamı da qeyd edək ki, jestlərdən istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki eyni işarə hər ölkədə müxtəlif məna bildirir.

Məsələn, amerikalıların “O.K.” jesti Amerikada hər şey yaxşıdı mənasını ifadə edirsə, Fransada sıfır bildirir, Yaponiyada isə pula işarə edir.

Bizim tez-tez istifadə etdiyimiz “Əlvida” jesti Yunanıstanda “Rədd ol buradan” kimi başa düşülür.   /Cebhe.info/

Paylaş: