C. Sen 20th, 2019

“Məktəbimiz, rəsədxanamız, yox kimidir. Əvəzində hər yan pirlər, ziyarətgahlar, məscidlər…”

Fazil Mustafa, Millət vəkili

CBC kanalından İrəvan xanlığının rus işğalı və ondan sonrakı tarixi ilə bağlı sənədli filmi izlədim. Faktoloji baxımdan əhəmiyyətli filmdir. Bu torpaqların Azərbaycana mənsub olması, ermənilərin köçürülməsi, tarixi abidələrin dağıdılması rus dilində çox professional şəkildə ardıcıllıqla təqdim olunur. Bunlar öz yerində. Üzücü bilirsiniz nədir? İrəvan xanının-Sərdarın möhtəşəm sarayında Güzgülü zalın gözəlliyindən danışılır. Hətta Nikolay da 1834-cü ildə orada gecələyir və öz adını zalın divarına yazır. Anlaşılır ki, rus işğalına qədər burada 17 məscid, 10 hamam, 7 karavansaray və ayrı ayrı imarətlər olub. Hərəmxana, əyləncə bağları göz qamaşdırıb. Filmdə təkcə məktəbdən, elm ənənəsindən söhbət getmir. Müasir hərbi təlim müəssisələrindən danışılmır. Müdafiə sənayesindən söz açılmır. Xan özünə o qədər xərc çəkib. Güzgülü zal yaratmaq yerinə ölkəni gözləyən təhlükəni önləmək üçün müasir silahlar almağı unutmuş. Müasir ordu qurmaq üçün müasir təhsilli insan yetişdirməni gerçəkləşdirə bilməmiş. Deyiləcək ki, rus ordusunun qarşısında durmaq çətin idi. Aydındır ki, çətin idi. Ancaq məscid, karvansaray, hamam, qəlyanxana, çayxana inşa edən bir xalq niyə tarix boyu modern məktəb yaratmağa həvəs göstərməmiş? Əlbəttə, mollaxana, mədrəsə olmuş, ancaq burada silahla davranışı, müasir elmləri öyrətməmişlər ki? Əksinə, elmin məmləkətə girişini necə yasaqlamaq barədə milli və dini həmrəylik mövcud olmuş…Tariximizin ən üzücü tərəfi bu…Mənim dəyərləndirdiyim tək tarixi abidə Şirvanşahlar Sarayıdır. Dövlətçilik tariximizin yaşayan simvolu kimi dəyər verirəm. Lakin məktəbimiz, rəsədxanamız, elmə dəyər verdiyimizi göstərən başqa nişanələr yox kimidir. Əvəzində hər yan qəbirlər, pirlər, ziyarətgahlar, məscidlər… Əslində mədəni tariximiz Mirzə Şəfi Vazehin Mirzə Fətəlini mollalıqdan iyrəndirib rus məktəbinə yönləndirdiyi andan başlayır. Və tariximizin ən dəyərli abidəsi Mirzə Fətəlinin qələmini batırdığı mürəkkəbqabıdır. O mürəkkəbqabındakı müqəddəs mürəkkəbi dərk edən, düşünən, dəyərləndirən kimliklərimiz isə azdır, həm də çox azdır. (moderator.az)

Paylaş: